Almaniya hökuməti Leypsiq hava limanında baş verən dron hadisəsindən sonra Rusiyaya qarşı mümkün tədbirləri müzakirə edir. Həftəlik "Der Spiegel" qəzeti avqustun 21-də xəbər verib ki, hakim koalisiya digər məsələlərlə yanaşı, Berlindəki "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir.
Nəşrin qeyd etdiyi kimi, Moskva ilə "Rus Evi"nin fəaliyyətini tənzimləyən müqavilənin ləğvi artıq tabu deyil və mümkün cavab tədbirləri arasında müzakirə olunur. Bildirildiyinə görə, Almaniya hakimiyyəti Rusiyanı Leypsiqdə dron hücumunda açıq şəkildə ittiham etməkdən çəkinir, lakin hücumun arxasında Rusiyanın olduğuna dair getdikcə daha çox dəlil var.
Qəzetin sorğusuna cavab olaraq, Almaniya Xarici İşlər Nazirliyi Berlindəki "Rus Evi"nin fəaliyyət göstərdiyi müqavilənin yenidən nəzərdən keçirilməsinə istisna etməyib. Nəşrin qeyd etdiyi kimi, ilkin qərar gələn həftənin əvvəlində verilə bilər.
Xatırladaq ki, 5 avqust gecəsi Saksoniyadakı Leypsiq/Halle hava limanında Ukrayna yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu və detonatorla təchiz olunmuş naməlum mənşəli dron aşkar edilib. ABŞ kəşfiyyatı hesab edir ki, dron Rusiya hökuməti ilə əlaqəlidir. Çünki bir sıra detallar hadisə ilə bağlı olanların yüksək peşəkarlığını göstərir. Məsələn, dron mağazadan alınmayıb, məqsədyönlü şəkildə hazırlanıb və dronda istifadə edilən Semtex partlayıcı maddəsi təyyarənin partlamasına səbəb olacaq qədər güclüdür. Müstəntiqlər tərəfindən nəzərdən keçirilən ən çox ehtimallardan biri də hücumda dövlət subyektinin iştirakıdır.
Son həftələr Berlindəki "Rus Evi"nin bağlanması üçün çağırışlar güclənib. Rəsmi olaraq qurum mədəniyyət mərkəzi kimi fəaliyyət göstərsə də, ("Rus Evi" Rusiya Xarici İşlər Nazirliyinə tabe olan və Aİ sanksiyalarına məruz qalan "Rossotrudniçestvo" dövlət agentliyi tərəfindən idarə olunur) onun Almaniyada Rusiya kəşfiyyat xidmətləri tərəfindən örtük kimi istifadə edilməsi ilə bağlı narahatlıqlar var. WDR telekanalı və "Süddeutsche Zeitung" qəzeti belə bir mümkün əlaqəyə işarə edən Fransa sənədləri barədə məlumat verib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"