Yüz illik tariximizin təbliği

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yüz illik tariximizin təbliği

09 Avgust 2018
 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından ötən bir əsrlik dövr xalqımızın mədəni həyatındakı intibahla da yadda qalıb. Ötən yüz il ərzində mədəni dəyərlərimizin qorunub saxlanması və yeni nəsillərə çatdırılması dövlət siyasətinin tərkib hissələrindən birinə çevrilib. 

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqı özünün mədəni dəyərlərinə yenidən sahib çıxdı. Ötən əsrin 90-cı illərində mənəvi sərvətlərimizin də başı üzərini qara buludlar alanda ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə bu təhlükə də aradan qaldırıldı. Durğunluq öz yerini canlanma ilə əvəzlədi. Mədəni dəyərlərimizin təbliği və təşviqində mühüm layihələr həyata keçirildi.
Son illər isə daha çox diqqəti çəkən mədəniyyət layihələrindən biri də “Bölgələrdən-bölgələrə” devizi ilə keçirilən “Ölkəmizi tanıyaq və tanıdaq” tədbirləridir ki, bunlar da silsilə xarakter daşıyır.
İsti yay aylarında tədbirlərə respublikamızın cənub bölgəsindən başlanması heç də təsadüfi deyil. Bu regionun xalq yaradıcılığının bir qolu olan folklorumuzun zənginliyi ilə seçilməsi daim diqqət çəkib. Masallı şəhərindəki Heydər Əliyev Parkında “100 illik tariximiz” devizi altında “Bölgələrdən-bölgələrə” adlı yaradıcılıq festivalına start verildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların bu sahədəki potensialının nümayişidir.
Festival çərçivəsində respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olundu. Tədbirin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradır.
Masallıda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları quruldu. Bölgələrdəki mədəni irsi əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirildi. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları oldu.
Tədbirdə qeyd edildi ki, 100 il əvvəl Azərbaycan Şərqdə ilk demokratik dövlət quraraq, tarix yazdı. Biz bu gün də tarix yazırıq! Ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycanın hər bir bölgəsi həm iqtisadi, həm sosial, həm də mədəniyyət sahəsində inkişafı ilə diqqəti cəlb edir. Bütün sahələrdə yeniliklər, müasirləşmə müşahidə edilir.
Ötən illərdə həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə gerçəkləşən festival isə ilk dəfə regionları əhatə etməklə, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq.
“Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı cəbhə rayonlarında da davam edib.
Füzuli rayonunun Horadiz şəhərində və Ağdamın Quzanlı qəsəbəsində keçirilən tədbirlər böyük maraq doğurub. Festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun) və Sabirabadda (1 iyul) keçirilib.
Festivalın estafeti iyulun 7-də cəbhə bölgələrindən olan Füzuli rayonunun Horadiz şəhərində qəbul edildi. Şəhərdəki Muğam mərkəzində təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də kənd və qəsəbələrdən gəlmiş füzulililər, rayonun qonaqları belə tədbirlərin təşkilinin mühüm əhəmiyyət daşıdığını bildirdilər.
Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər, səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Füzuli sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını ifadə etdilər. Bu da onu göstərir ki, bölgələr arasında mədəni mübadilə genişlənir.
Festivalın növbəti ünvanı xalqımızın mədəniyyət və incəsənətinin beşiyi, xüsusən musiqi, o cümlədən muğam dünyası kimi tanınan, təəssüf ki, 1993-cü ilin iyul ayından Ermənistanın işğalçı ordusu tərəfindən bütünlüklə maddi-mədəniyyət abidələri məhv edilmiş Ağdam rayonu oldu. Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun işğal olunmamış kənd və qəsəbələrindən gələn sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidlərinə çevrildilər.
Parkda Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları quruldu, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirildi.
Təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yadda qaldı. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hər kəsdə xoş ovqat yaratdı. O da arzu edildi ki, belə mədəniyyət tədbirləri ərazilərimiz işğaldan azad edildikdən sonra Şuşada, Laçında, Kəlbəcərdə də keçirilsin.
Ağdam rayon sakini Xətai Abdullayev festivaldan razılığını belə ifadə etdi: “Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım, bir daha xalqımızın mədəni irsinin zənginliyinin şahidi oldum. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər bir rayon sakini tərəfindən böyük razılıqla qarşılandı”.
“Bölgələrdən-bölgələrə”nin növbəti ünvanı Göyçay rayonu idi. 76 yaşlı ağsaqqal Rasim Hüseynov dedi ki: “Həm sərgi, həm də konsert olduqca maraqlı və rəngarəngdir. Sərgidə gördüklərim xəyalımı uzaq keçmişə apardı. Doğrudan da, xalqımız zəhmətkeş, əməksevər və yaradıcı xalqdır. Oxunan xalq mahnıları mənə gənclik illərimi xatırlatdı. Şirvan, Qazax, Tovuz aşıqlarının ifalarını dinlədik. Hər birinin özünəməxsus ifa tərzi, gözəlliyi var. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.
Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova lənkəranlı qızlardan ibarət rəqs qrupunun çıxışını böyük maraqla izlədiyini söylədi.
Mingəçevir şəhərində iyulun 15-də festival keçiriləndə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söz açdı.
Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi şərəfinə keçirilən festival beləcə, ölkəmizin bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi ilə tanış olmağa, bölgələr arasında mübadilənin gücləndirilməsinə zəmin yaradır. Bütün bunlar Azərbaycan dövlətinin mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir ki, Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyinin birgə layihələri çərçivəsində reallaşdırılır.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”