26 Aprel 2024 09:40
308
Mədəniyyət
A- A+

Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim

 

Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür. XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə oxucuların diqqətini cəlb edən Mir Cəlal az sonra özünəməxsus yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir olaraq Azərbaycan ədəbiyyatı tarixində layiqli və şərəfli yer tutmuşdur.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyünə görə onun uşaqlığı bu şəhərdə keçmişdir. 1918-ci ildə Mir Cəlal 10 yaşında ikən atası vəfat etmişdir. Buna görə də o, böyük qardaşının himayəsində yaşamağa başlamışdır. 
Ömür yolu əzablarla başlasa da, həm uca Yaradanın mərhəməti, həm də özünün istedadı və çalışqanlığı sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək irəliyə doğru inamla addımlamışdır. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə qəbul olunmuşdur. Bundan sonra sanki onun həyatına günəş doğmuşdur. Fəaliyyətində dönüş yaranmışdır. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini tədris etmişdir. Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olmuşdur.
Artıq 1928-ci ildən yazıçı kimi uğurlu addımlar atan ədib elə həmin ildə də ilk tədqiqat əsərini yekunlaşdırmışdır. Mir Cəlalın "Bir gəncin manifesti" əsəri, zəmanənin aynası olan bir-birindən maraqlı hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə böyük şöhrət qazandırmışdır. Əldə etdiyi ilk uğurlardan ruhlanan Mir Cəlal bir-birinin ardınca "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərlər yazmışdır. Böyük sənətkarın qələmindən çıxmış həmin əsərlər bu gün də ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindən sayılır.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevilən müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olmuşdur. Onun "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" dəyərli kəlamı indi də dillərdən düşmür.
Əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında olmaq haqqını qazanmışdır. Oxucuların böyük sevgisi ilə qaşılanan bu əsər çapdan çıxanda onun heç 30 yaşı da yox idi. İlk şeirləri mətbuatda 1928-ci ildə ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunmuşdur. Mir Cəlal Paşayev 1930-cu ildən etibarən hekayələr yazmağa başlamışdır. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" və digər hekayələrini çap etdirmişdir. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerk və novellalar kitabları işıq üzü görmüşdür.
Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Yazıçının "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətinə görə maraq doğurur. 
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olub. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxumuşdur.
Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. 
"UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Bu həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin, göstərilən xoş münasibətin təzahürüdür.
Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin doğum və xatirə günlərində yaxınları onun 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkana - "Ədibin evi"nə yığışırlar. Onlar həqiqət, düzlük, səmimiyyət aşiqi olan bu böyük şəxsiyyətdən ürək genişliyi ilə söz açırlar. 
1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın əbədi mövzusu olaraq qalacaq. Böyük alimin qələmə aldığı əsərlər hələ bundan sonra da insanların ömür yollarını işıqlandıracaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video