Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 18 santimetr artıb

11 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 40-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a verilən məlumata əsasən, iyunun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 373 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 241 kubmetr təşkil etməklə ongünlük normanın 41 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 170 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 124 kubmetr təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 10, Salyanda 18, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr artım qeydə alınıb, lakin Surrada isə suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 (2017-ci il iyunun 11-də 343 sm), Şirvanda 299 (2017-ci il iyunun 11-də 207 sm), Salyanda 236 (2017-ci il iyunun 11-də 130 sm), Bankədə 211 (2017-ci il iyunun 11-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr (2017-ci il iyunun 11-də 50 sm) təşkil edir.