Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub

11 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun birinci ongünlüyündə Kür çayında suyun sərfi mayın üçüncü ongünlüyünə nisbətən saniyədə 103 kubmetr artaraq 442 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

İyunun birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,80-7,70 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.