Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib

27 May 2018
Mayın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Strasburq və “Ren 1” universitetlərinin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, “Airbus DS France”nın prezidenti Nikola Şamussi və “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş arxiv sərgisinin stendləri ilə tanış olublar.

Sonra nazirlər Fransanın “Thales”, Azərbaycanın “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində nadir əməkdaşlığın nəticəsidir.

UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin ölkələrimiz arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirən nazir universitetin qısa zamanda mükəmməl nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.

Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 May - Respublika Günü münasibətilə fikirlərini bölüşüb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş olub.