Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası olub

15 May 2018
Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində rayon partiya təşkilatında “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il” yubiley tədbirinin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və fəaliyyətindən danışıb. O, 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, çox böyük siyasi və hərbi təzyiqlərə baxmayaraq, Azərbaycanın müstəqilliyinin elan edildiyini bildirib. Əlavə edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Deputat Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyimizin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini qeyd edib. O bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan adlı günəşin qara buludları darmadağın edildi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu müdrik siyasəti davam və inkişaf etdirərək müstəqil Azərbaycanı tolerant, sabitliyin hökm sürdüyü, daimi inkişafda olan ölkə kimi dünyaya tanıtdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın multikultural dəyərlərimizin dünyaya çatdırılmasında misilsiz xidmətləri var.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı YAP Səbail rayon təşkilatının Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yubiley tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Daha sonra partiya rayon təşkilatının idarə heyətinin üzvləri çıxış ediblər.