Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ucqar kəndin gənc müəllimi: İşini sevən insan üçün onun harada fəaliyyət göstərməsi önəmli deyil

27 Aprel 2018
Müəllimlərin işə qəbulu müsabiqəsi zamanı ucqar dağ kəndlərini seçmişdim. Buna görə peşman deyiləm. Hər bir işə başladıqda əvvəlcə çətinliklərlə üzləşirsən. Məndə də belə oldu. Amma ilk gündən çətinlikləri macəraya çevirməyə başladım. Bəzən düşünürlər ki, ucqar kənd məktəblərində yaxşı oxuyan şagird olmaz. Ancaq belə deyil, əmin olun ki, tam əksinədir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın Möhüc kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən gənc müəllim Gülşən Yolçubəyli bildirib.

Qəbələdən olan gənc müəllim artıq 3 ildir ki, doğma ev-eşiyindən 400 kilometr uzaqda çalışır. Gəncə Dövlət Universitetini müvəffəqiyyətlə bitirən Gülşən Yolçubəyli 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində də uğur qazandıqdan sonra işləmək üçün Qubanı seçib. O, ilk dəfə pedaqoji fəaliyyətinə dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Zeyd kəndində başlayıb. Kəndin ucqarlığı, orada yaşadığı çətinliklər gənc müəllimi qorxutmayıb. Qubada müəllimliyə davam edən Gülşən 2017-ci ildə iş yerini dəyişərək, rayonun digər ucqar kəndi olan Möhücdə şagirdlərə elmin sirlərini öyrətməyə başlayıb.

Şagirdlər də gənc müəllimlərini mehriban, uşaqlarla tez dil tapan, şən və gülərüz olduğu üçün çox sevirlər.

“Kənd məktəblərində işləmək həvəsində olan gənclərin sayı hər il artsa da, elə də çox deyillər. Kənd insanları, məktəbliləri ilə ünsiyyət mənə işləməyə həvəs, stimul verir. Onların sevgisi məni daha məsuliyyətli olmağa sövq edir. Çətinliklər, problemlər bizə həyatı dərk etməyə kömək edən amillərdir. Ona görə də qorxmaq lazım deyil. Çətinlikləri özümüzdən kənarlaşdırsaq, problemin həlli daha da mürəkkəbləşər. Zeyd kəndində işə başlayanda bir çox şeylərlə ilk dəfə qarşılaşırdım. Mənə çox çətin gəlirdi. Güclü qar yağırdı. Yol bağlanırdı. Amma öyrəşdim. Çətinlik saydığım məsələlər də öz-özünə yox oldu. İşini sevən insan üçün onun harada fəaliyyət göstərməsi önəmli deyil - paytaxtda, rayonda və ya hansısa ucqar kənddə”, - deyə G.Yolçubəyli bildirib.

Gülşən müəllim şagirdlərinə elm öyrətməklə yanaşı, onların dünya görüşünün formalaşması üçün də çalışır: “İki kənddə işləmişəm. Burada şagirdlərin öyrənməyə həvəsi çox böyükdür. Amma onları elmə alışdırmaq üçün biz müəllimlər səylə çalışmalıyıq. Onları savadlı yetişdirməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalarını təmin etməliyik”.

Gənc müəllim 8 ildir ki, ailəsindən uzaqda yaşadığını və artıq buna öyrəşdiyini bildirir. Quba ilə Qəbələ arasında məsafə çox olduğu üçün yalnız tətil günlərində evlərinə getmək imkanı olur. Bəzən isə ailə üzvləri qonaq gəlir.

Möhüc kənd tam orta məktəbində 218 şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 16 pedaqoq məşğul olur.

2017-2018-ci tədris ilində Möhüc kənd tam orta məktəbinə Gülşən Yolçubəyli ilə yanaşı, daha iki müəllim gəlib. Ümumilikdə isə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarından uğurla keçən 169 müəllim bu tədris ilindən Quba rayonunda işlə təmin olunub. Onlardan 83-ü Bakıdan, eləcə də digər şəhər və rayonlardan gələn müəllimlərdir. Həmin pedaqoqların əksəriyyəti dağ kəndlərindəki ümumtəhsil məktəblərində çalışır.