Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fələstinin xarici işlər naziri Milli Məclisdə olub

06 Aprel 2018
Aprelin 6-da Milli Məclisin sədri Oqtay Əsədov Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr dost ölkələr olan Azərbaycanla Fələstin arasında bu cür görüşlərin münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, qonağın dördüncü dəfə nazir qismində ölkəmizə səfər etdiyini vurğulayaraq, onun Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakını yüksək dəyərləndirdi. Bildirildi ki, Azərbaycan və Fələstin xalqları arasındakı əlaqələr qədim tarixi olan qardaşlığa, ortaq dini və mədəni köklərə söykənir. Məhz belə möhkəm təməllər üzərində qurulan münasibətlərimizin davamlı şəkildə inkişafı anlaşılandır. Azərbaycan xalqı və hökuməti həmişə Fələstin xalqına siyasi və iqtisadi dəstək verib və gələcəkdə də bu dəstəyi davam etdirmək niyyətindədir. Beynəlxalq təşkilatlar – BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində Fələstinin mənafeyinə uyğun qərarların qəbul olunmasında Azərbaycan həmişə Fələstinin ədalətli mövqeyini müdafiə edib. Azərbaycan Yaxın Şərq məsələsinin sülh yolu ilə, beynəlxalq hüququn normalarına uyğun həllinə tərəfdardır.

Riad Malki Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakından və səfər çərçivəsində keçirdiyi görüşlərdən danışdı. Bildirdi ki, mötəbər təşkilatlar çərçivəsində nümayəndə heyətlərinin mütəmadi görüşləri onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Nazir Azərbaycan Prezidentinin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında nümayiş etdirdiyi cəsarətli mövqeyə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir. O dedi ki, Fələstin Dövləti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və problemin beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.