Əzəli torpaqlarımızın qaytarılmasının vacibliyi erməni dairələrini xofa salıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əzəli torpaqlarımızın qaytarılmasının vacibliyi erməni dairələrini xofa salıb

13 Fevral 2018
 

Ermənistanın təcridinin güclənməsi də işğalçı ölkənin ictimaiyyətini ciddi narahat edir

 

Son vaxtlar ölkəmizdə cərəyan edən hadisələr dostlar kimi, düşmənlərin də diqqət mərkəzindədir. Söhbət hər şeydən əvvəl aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən gedir. Təcavüzkar Ermənistanın hakimiyyət orqanlarının və ictimaiyyətinin diqqəti Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında verdiyi bəyanatlara yönəlmişdir.
Məlum olduğu kimi, dövlət başçısı qurultayda söylədiyi proqram nitqində digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinə də toxunmuşdur. Prezidentin Ermənistan və Zəngəzuru Azərbaycanın tarixi əraziləri adlandırması erməni dairələrini ciddi narahat etmişdir. Ermənistan mətbuatı yazır ki, Azərbaycan rəhbərinin həmin əraziləri qaytarmağın zəruriliyini dilə gətirməsi barədə ciddi düşünmək lazımdır, çünki cənab İlham Əliyev bu vəzifəni ölkəsinin strateji məqsədi hesab edir. Düşmən ölkənin mediasının fikrincə, Azərbaycan Prezidenti öz planlarını beynəlxalq aləmdə legitimləşdirmək niyyətindədir.
Ermənistanın 1in.am saytının şərhçisi Sargis Artsruni qeyd edir ki, rəsmi Yerevan İlham Əliyevin çıxışına emosional münasibət bildirsə də, bu, adekvat reaksiya deyil. O hesab edir ki, Azərbaycan dövlətinin başçısının çıxışında seçkiqabağı komponent olsa da, bu, Ermənistan dövlət orqanlarının və ictimaiyyətinin İlham Əliyevin çıxışını ayıq başla təhlil etməsi vacibdir: “Soyuqbaşlı analiz göstərir ki, Əliyevin çıxışı seçkilər ərəfəsində mənasız aqressivlik deyil. Onun sözlərinin əsasında belə bir əminlik var ki, türklər (azərbaycanlılar-red.) güclü təbii artıma və ardıcıllığa əsaslanaraq nə vaxtsa birbaşa Ermənistan Respublikasının ərazisinə qayıda bilərlər. Bizim hakimiyyət təkidlə belə bir məqama məhəl qoymur ki, Əliyevin özünəəminliyinin mənbəyi dövlətimizin, yumşaq desək, biabırçı vəziyyəti, dağıdıcı emiqrasiyadır”. O əlavə edir ki, keyfiyyətsiz və cinayətkar idarəetmənin hər günü Əliyevin özünəəminliyini qidalandırır, Ermənistandan çıxıb gedən hər bir şəxs başa düşməsə də, bununla azərbaycanlılar qarşısında daha bir qapı açır: “Biz belə davam etsək, Əliyev təkcə Yerevanı qaytarmayacaq, hətta hər birimizin evinə girəcək”.
Müəllif vurğulayır ki, Azərbaycan Prezidentinin çıxışı iqtidarımızın nümayəndələri üçün nə qədər xoş olmasa da, onun praqmatik siyasi əsası var. Bu, boşalan Ermənistanın, dövlətin institusional və perspektiv iflasıdır. Onun fikrincə, rəsmi Yerevan açıq-aşkar faktı - yeritdiyi siyasətin məğlubiyyətini gizlətmək üçün hələ də canfəşanlıq edir. Başqa sözlə, İlham Əliyevin özünəəminliyi Ermənistanın dövlət kimi davam edən süqutundan, eləcə də milli gündəliyin və idealların olmamasından qaynaqlanır. O hesab edir ki, Serj Sarkisyan rejiminin fəaliyyəti həqiqi dövlət strategiyasına çevrilsə, vəziyyətdən çıxış yolu tapmaq olar: “Vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq yox, gələcək inkişaf strategiyası hazırlamaqdır - əlbəttə ki, öz ölkəmizin, öz evimizin, öz ocağımızın sahibi olmaq istəyiriksə”.
İşğalçı Ermənistanın ictimai dairələrini Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən inkişaf layihələri də narahat edir. Cari ayın 8-də Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun işə düşməsi və yeni dəmir yolu ilə ilk test qatarının Azərbaycandan keçməklə Rusiyadan İrana yük daşıması ermənilərin yuxusuna haram qatmışdır. Yerevan mətbuatı diqqətdən qaçırmır ki, Astara-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamı və “Şimal-Cənub” layihəsinin bir hissəsidir. Nəticədə Azərbaycan, Rusiya və İran dəmir yolu sistemlərinin inteqrasiyası prosesi baş verir. Belə bir məqam da diqqətdən yayınmır ki, Bakı, Moskva və Tehran hazırda Astara (Azərbaycan)-Moskva marşrutu ilə sərnişin qatarlarının dəmir yoluna buraxılması ilə əlaqədar intensiv əməkdaşlıq aparırlar. Üstəlik, Avropa ölkələri Astara-Astara dəmir yolu dəhlizinə böyük maraq göstərir, çünki bu dəmir yolu həmin ölkələrin mallarını İran körfəzinə və Hindistana çatdırmaq üçün əlverişli marşrutdur. Beləliklə, Azərbaycan, Rusiya və İranın iştirakı ilə regionda yeni perspektivli əməkdaşlıq platforması formalaşır.
Erməni mətbuatı yazır ki, Azərbaycanın mərkəzi rol oynadığı bu layihə Ermənistanın siyasi və iqtisadi cəhətdən təcrid olunmasını daha da gücləndirir. Bununla yanaşı, belə bir məqam da erməni dairələrinin diqqətindən yayınmır ki, rəsmi Bakı “Şimal-Cənub” layihəsini təkcə iqtisadi yox, həm də siyasi cəhətdən cazibədarlığını gizlətmir. Bu isə Ermənistanı regional əməkdaşlıqdan daha da uzaqlaşdırır. Eyni zamanda belə qlobal layihələr Ermənistanın İran üçün maraqlı olmaması qənaəti doğurur, çünki İranın Avropa və Rusiya bazarlarına çıxması üçün Azərbaycan kimi alternativi var.
Digər tərəfdən, Ermənistanın belə bir acınacaqlı vəziyyətə düşməsinin bir səbəbi kimi rəsmi Yerevanın Qarabağ siyasətinin kəsərsiz olması qeyd edilir. Ermənistan KİV-i yazır ki, münaqişə zonasında status-kvonun qorunub saxlanması siyasəti rasional deyil. Belə ki, status-kvo cəbhə xəttində, yaxud hərbi müstəvidə formalaşmış balans deyil, həm də Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin, demokratik statistikanın müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu, sərhədlərin bağlanması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğur və nəticə etibarilə onu inkişafdan məhrum edir. Öz növbəsində Azərbaycan mahiyyət etibarilə bütün regional layihələrin əsas aktoru olur ki, bu da istər-istəməz iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan qeyri-bərabər inkişafına gətirib çıxarır.
Sargis Artsruni nəzərə çarpdırır ki, milyardlarla dollar gəliri olan Azərbaycan boşalan Ermənistan üçün təhlükə olacaq. Belə bir faktın qəbul edilməməsi Ermənistanın dövlət və siyasət sistemlərinin qeyri-adekvatlığına dəlalət edir. Ermənistan hakimiyyət orqanlarının yeritdiyi siyasətin effektivliyinin göstəricisi danışıqlar prosesini uzatmaq yox, münaqişəni rasional kompromislər əsasında tezliklə tənzimləmək olmalıdır: “Zaman gözləmir, o, Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda əldə etmək məqsədilə vəziyyəti soyuq başla qiymətləndirmək lazımdır”.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”