Humanitar elmlər sahəsində beynəlxalq əlaqələr genişlənib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Humanitar elmlər sahəsində beynəlxalq əlaqələr genişlənib

08 Fevral 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Humanitar Elmlər Bölməsinin illik hesabatı müzakirə olunub. Müzakirələrdə iştirak edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsində 5 il ərzində əldə olunmuş nəticələr, aparılan tədqiqatlar və qarşıda duran vəzifələri əhatə edən hesabatı yüksək qiymətləndirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, İ.Həbibbəyli humanitar elmlər sahəsində Prezidenti İlham Əliyevin qəbul etdiyi qərar və sərəncamların tam şəkildə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, son illər bu sahədə beynəlxalq əlaqələr kifayət qədər genişlənib, bölmənin əməkdaşları çoxlu sayda yerli və beynəlxalq konfransda iştirak ediblər. Həmçinin dünyanın bir neçə nüfuzlu elm mərkəzi ilə prioritet istiqamətlərdə əməkdaşlığa dair müqavilələr imzalanıb, müştərək tədqiqatlar aparılıb.

Sonra alim bu yaxınlarda AMEA Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası olan – www.azerbaycandili.az saytı barədə məlumat verib. O, bu hadisəni bölmənin böyük nailiyyətlərindən biri kimi qiymətləndirib.

AMEA-nın vitse-prezidenti deyib ki, müasir dövrdə dünya elm sahəsində gedən proseslərdə fəal iştirak etmək üçün xarici dil biliklərinə malik olmaq vacib məsələlərdəndir. Alim bu istiqamətdə AMEA-da həyata keçirilən tədbirlərdən söz açaraq akademiyanın institutlarında ingilis dilinin tədrisi ilə əlaqədar kursların təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin bütün ölkə ictimaiyyətində geniş müzakirə olunduğunu vurğulayıb. Bildirib ki, yeni lüğətlə bağlı Azərbaycanın tanınmış ziyalıları, alim və dilçi mütəxəssislərinin məqalələri dərc olunub, müxtəlif fikirlər səsləndirilib. Dilçilik İnstitutunda yaradılmış işçi qrupu bütün irad və təklifləri, statistik məlumatları müzakirə və təhlil etdikdən sonra müvafiq qərarlar qəbul edəcək.