Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası alimləri müayinə edib

12 Yanvar 2018
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında humanitar aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib: “Mərkəzimizin həyata keçirdiyi aksiyaların sayı hər gün artmaqda davam edir. Bu tədbirlər bir növ Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsidir. Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Artıq Azərbaycanın səhiyyə sahəsində, xüsusilə də oftalmologiyada bir çox yeniliklər əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları, eləcə də Səyyar Klinikası ən müasir avadanlıqlarla təchiz olunub. Mərkəzdə fəaliyyət göstərən təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Mərkəzin pasiyentlərə ölkənin müxtəlif bölgələrində səyyar xidmət göstərməsi isə geniş yayılmaqdadır. Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarına səfərlər edir, vətəndaşlarımızın göz sağlamlığı ilə yaxından tanış olur, müxtəlif müayinələr və əməliyyatlar aparır. Bu dəfə klinikamız Azərbaycan Milli Elmlər Akademiyasının qonağıdır. Məqsəd alimlərimizin göz sağlamlığı ilə bağlı problemlərini həll etmək, mövcud göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə edərək yerindəcə həll etməkdir”.

Aksiya çərçivəsində Elmlər Akademiyasının 380 əməkdaşı müayinə olunub.

Qeyd edək ki, fəaliyyət müddəti ərzində Səyyar Klinika respublikanın 92 rayon və şəhərində 130 aksiya keçirib.