Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hədəf Azərbaycanı ixtira olunan elmi nailiyyətlərin müəllifinə çevirməkdir

09 Noyabr 2017
 

Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz elm, təhsil və innovasiyalar kimi sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında, həmin proseslərdə alim və mütəxəssislərin böyük potensialından hərtərəfli istifadədə gördüyünü dəfələrlə vurğulayıb. Belə bir şəraitdə Azərbaycanın müasir texnologiyalara əsaslanan və innovasiyalı inkişaf strategiyası qlobal rəqabət şəraitində respublikanın elmi potensialının sabit, davamlı şəkildə yüksəldilməsini, yaradıcı, yüksək intellektual səviyyəli alimlərin istedadından maksimum və səmərəli şəkildə istifadəni zəruri edir.

Müasir dövrün öz tələbləri var. Bu gün ixtisaslı elmi kadrların hazırlanmasına qoyulan investisiyalar rəqabətdə üstün olmağın vacib amilidir və insanın formalaşmasına qoyulan mühüm investisiya sayılır. Dövlət başçısı çıxışlarında bildirib ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas aparıcı qüvvəsi kimi çıxış edəcək. Bu hədəfin reallaşdırılması məqsədilə son illər mühüm dövlət proqramları hazırlanıb, onlarla sərəncam və fərman imzalanıb. Elə səkkiz il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətə başlaması da ölkəmizdə elmin inkişafı istiqamətində görülən mühüm işlərdən biridir. Qeyd edək ki, fond Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli sərəncamı ilə yaradılıb.
Elmin İnkişafı Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə, mühüm sosial-iqtisadi problemlərin həllində elmin, texnikanın rolunun yüksəldilməsi, həmçinin elmi təşkilatlar, təhsil müəssisələri və digər müvafiq qurumlar, fiziki şəxslər tərəfindən təqdim olunmuş fundamental, tətbiqi, innovativ xarakterli elmi tədqiqatların, proqramların, layihələrin və başqa elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanının verilməsidir.
Fondun öhdəsinə dövlətin elmi informasiya və innovasiya ehtiyatlarının artırılması, ölkənin təbii resurslarının, mədəni, tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, dünya elm məkanında Azərbaycanın layiqincə təmsil olunması, elmi-tədqiqatlar sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi, respublikada, eləcə də xarici ölkələrdə müvafiq funksiyaları yerinə yetirən dövlət qurumları, qeyri-hökumət və digər təşkilatlarla əməkdaşlıq kimi mühüm vəzifələr düşür. Eyni zamanda, bu qurum elmi informasiya mübadiləsi, lazım gəldikdə birgə elmi-tədqiqat layihələri, elmin kütləviləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Onu da diqqətə çatdıraq ki, fond fəaliyyətə başladığı ilk gündən qrant müsabiqələri yolu ilə respublikada elmin inkişafını dəstəkləmək, nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək, yaxud gücləndirmək, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimləri beynəlxalq elmi tədbirlərə göndərmək, qısamüddətli təcrübəartırmada iştiraklarını təmin etmək və başqa məsələlərin həllini ümdə məqsəd kimi müəyyənləşdirib.
Elmin İnkişafı Fondu ilk müsabiqəsini 2010-cu ilin 30 iyununda elan edib. Bugünədək yerli və xarici olmaqla 34 müsabiqə keçirilib, 540-a yaxın layihə qalib olub, maliyyə vəsaiti ayrılıb, alimlərə stimullaşdırıcı əməkhaqqı verilib. Bu müddətdə alimlər dünyanın 40-a yaxın ölkəsinin onlarla elmi qurumlarına ezamiyyətə göndərilib. Həmçinin bir neçə milyon manat məbləğində ən modern cihaz, avadanlıq və qurğular, reagent, məmulat, qeyri-maddi aktivlər və s. alınaraq alimlərin istifadəsinə verilib, iş və xidmətlər yerinə yetirilib.
Fond bütün elm sahələrini və istiqamətlərini dəstəkləməklə əsasən fundamental, tətbiqi və innovativ xarakterli layihələri maliyyələşdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev fondun qrant müsabiqələri sırasında ənənəvi sayılan “Əsas illik müsabiqə”lərlə yanaşı, “Kompleks multidissiplinar elmi-tədqiqiat layihələri müsabiqəsi”, “Gənc alim və mütəxəssislərin qrant müsabiqəsi”, “Şuşa qrantı”, “Mobillik qrantı”, “Universitet qrantı”, “Sənaye qrantı”, “İKT qrantı”, “Elm-təhsil inteqrasiyası”, “Gənc alimlər və maliyyə savadlılığı”, “İlin Alimi” və başqa bu kimi müsabiqələrdə yer aldığını, həmçinin bir sıra startap layihələrini maliyyələşdirdiyini qeyd edir: “Elmin İnkişafı Fondunun qrant layihələrində müxtəlif qurumlardan - akademik, təhsil, sahə elmi-tədqiqat təşkilatlarından, bir sıra elmlə əlaqəli QHT-lərdən olan alim və mütəxəssislər fondun “formulu” olan “müvəqqəti yaradıcı kollektiv” formatında birgə işlər həyata keçirirlər. Bu isə ölkədə elm, təhsil və digər sahələr arasında inteqrasiyanı təmin etməyin ən effektiv üsullarındandır. Fondun “Mobillik qrantı” çərçivəsində alimlər dünyanın nüfuzlu elmi konfranslarında iştirak edir, xaricdə treninq keçir və qısamüddətli əhəmiyyətli kurslarda təcrübə əldə edirlər. Bugünədək 8 bu cür müsabiqə keçirilib”.
Qurum hər il Azərbaycanda beynəlxalq elmi konfranslar təşkil edir, yeni nəşrləri dəstəkləyir və internet səhifələrini yaradır. Fondun hesabına həyata keçirilən bütün layihələr əqli mülkiyyət hüququnun subyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilməklə yanaşı, layihələr üzrə müqavilələr Ədliyyə Nazirliyində də qeydə alınır.
Görülən işlərdən biri də fəal alimlər və gənc alimlər haqqında məlumat bazasının yaradılmasıdır. Fondun layihələri Bakı şəhəri ilə yanaşı, Naxçıvan və Gəncə şəhərlərində də icra olunur. Qurumun qrantlarından bəhrələnən gənc alimlər sırasında Prezident mükafatçıları, Gənclər və İdman Nazirliyinin, AMEA-nın yüksək təltiflərini almış şəxslər də var.
Qrant iddiaçılarına kömək məqsədilə fond müntəzəm məsləhət seminarları, elmin təşkili və kütləviləşdirilməsi üzrə tədbirlər həyata keçirərək “Elsevier”, “Clarivate Analytics” (keçmiş “Thomson Reuters”) və “Springer” kimi məşhur qurumlarla sıx əməkdaşlıq edir. Ümumiyyətlə, beynəlxalq əlaqələrə xüsusi diqqət yetirilir. Bu da cihazların alınması üçün keyfiyyətli məhsullar istehsal edən şirkətlərlə əlaqələrin qurulması, beynəlxalq qrant müsabiqələrinin keçirilməsi, elm siyasətinin formalaşdırılması sahəsində beynəlxalq iclas və layihələrdə iştirak kimi əməkdaşlıq formalarında reallaşdırılır.
Beynəlxalq qrant müsabiqələri üzrə əməkdaşlıq sahəsində ilk addımlar da kifayət qədər uğurlu olub. Elmin İnkişafı Fondu Avropa Komissiyasının Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı (FP-7) hüdudlarında Genişləndirilmiş Qara Dəniz Regionunda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üzrə müştərək pilot qrant müsabiqəsi (BSERA.NET) çağırışına qoşulub. Fondla Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Rusiya Fundamental Tədqiqatlar Fondu, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Belarus Fundamental Tədqiqatlar Fondu, Gürcüstan Şota Rustaveli Milli Elm Fondu, Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu arasında qrant müsabiqələri elan edilməsi sahəsində əməkdaşlıq haqqında saziş və memorandumlar, niyyət protokolları imzalanıb.
Elmin İnkişafı Fondu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və Texnologiyalar sahəsində Əməkdaşlıq üzrə İşçi qrupunun 2014-2016-cı illərdə ölkə koordinatoru olub, bir sıra yüksəksəviyyəli tədbirlər keçirib.
Hazırda fond Qlobal Tədqiqat Şurasının (Global Research Council) işində də fəal iştirak etməkdədir. Eyni zamanda, Avropa Komissiyasının məşhur HORIZON-2020 proqramının 2 layihəsində - “Black Sea Horizon” və Şərq Tərəfdaşlığı Proqramı üzrə “EaP Plus”da uğurla iştirak etməklə beynəlxalq miqyasda elm siyasətinin formalaşmasına da öz töhfəsini verir.
Elmin İnkişafı Fondunun gələcəyə hesablanmış strategiyasına görə, uzun illərdən bəri istismarda olan, həm elmi, həm də fiziki cəhətdən köhnəlmiş cihazlar müasir tələblərə cavab verən ən yeni nəsil cihazlarla əvəz olunub, bir sıra yeni laboratoriyalar (əczaçılıq, genom, foniatriya, muzey-bərpa və s.), mərkəzlər yaradılıb. Bu istiqamətdə əhəmiyyətli məsələlərdən biri də yeni cihazlar vasitəsilə ciddi elmi nəticələr əldə edə biləcək yüksəkixtisaslı kadrların təmin olunmasıdır. Həmin problemin aradan qaldırılması üçün müəyyən işlər aparılıb, alimlərin xaricdə təcrübəkeçməyə göndərilməsi təmin edilib.
Qurumun şəffaflıq prinsipləri üzərində təşkil edilmiş fəaliyyəti 2016-cı ildə yenidən qurulub, müasir standartlara cavab verən rəsmi internet portalında (www.sdf.gov.az) yerləşdirilib və buradakı məlumatlar daim yenilənməkdədir.
Fond müsabiqələrdə iştirakı “elektron-dövlət” prinsiplərinə uyğun təşkil edir və bu işin nəticəsi olan “e-QRANT” brendi altında “Qrant layihələrinin elektron idarəolunması” sistemini alim və ekspertlərin ixtiyarına verib. “e-QRANT” sistemi “ASAN İmza”dan istifadəni nəzərdə tutur və bununla bağlı müvafiq razılaşma imzalanıb.
Müsabiqəyə daxil olmuş bütün layihələr yerli, lazım gəldikdə isə xarici müstəqil elmi ekspertlərin iştirakı və konfidensiallıq şərti qorunmaqla elmi ekspertizadan keçirilir, onlara birdəfəlik əməkhaqqı da ödənilir. Ekspertiza işinə xarici ekspertlər, diaspordakı alimlərimiz də intensiv şəkildə cəlb olunur.
Elmin İnkişafı Fondu “Elm haqqında” Azərbaycan Respublikası Qanununun Milli Məclisdə keçirilən müzakirələrində fəal iştirak edib, qanun layihəsinə dəfələrlə rəylər verib.
Fondun kütləvi informasiya vasitələri ilə əməkdaşlığına da böyük diqqət yetirilir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və digər qurumlarla səmərəli əməkdaşlıq edilir.
Ölkə alimlərinin azərbaycançılıq və dövlətçilik prinsipləri, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəal iştirakları, elmi, intellektual, yaradıcı potensiallarını ümummilli məsələlərin həllinə yönəltmələri müasir dövrün tələbidir. E.Babayev bildirir: “Bütövlükdə, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan ən mühüm hədəflərdən biri də qısa müddətdə Azərbaycanı ixtira olunan elmi nailiyyətlərin istifadəçisi deyil, müəllifinə çevirməkdir. Bu, Prezident İlham Əliyevin “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir” çağırışına ən mühüm töhfə olacaq. Təbii ki, həmin məsələlərdə Elmin İnkişafı Fondu mühüm potensial olmaqla bərabər, onun məsuliyyəti də böyükdür. Bu, fondun devizində də öz əksini tapıb: “Elm - inkişaf, rifah və gələcək naminə!”

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”