Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kamal Abdulla: “CoMoLTE” proqramı həm dilçilik, həm də universitetlərarası münasibətlər üçün faydalıdır

24 Oktyabr 2017
Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS layihəsinin “CoMoLTE (müasir dil müəllimlərinin tədris konsorsiumu)” proqramının yekun konfransı keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla konfransın dilçilik və tədris problemlərinin həlli baxımından əhəmiyyətini vurğulayıb. O deyib: “Müasir dil müəllimi bu gün dilin tədrisində önəmli yer tutur və bir növ, dilin öyrənilməsinin çıxış nöqtəsidir. Bu proqram çərçivəsində müasir dilə önəm verilməsi bütün dil metodikası üçün son dərəcə maraqlı və faydalıdır. İnanıram ki, layihə həm dilçilik, həm də universitetlərarası münasibətlər üçün faydalı olacaq, iştirakçılar dil problemlərinin həlli ilə yanaşı, öz aralarında səmimiyyət quracaqlar”.

Rektor gələcəkdə ADU-nun TEMPUS layihəsində iştirakının davamlı olacağına ümid etdiyini bildirib.

Münxen Lüdviq-Maksimilian Universitetinin əməkdaşı Jörc Roche layihə çərçivəsində tərəfdaşlarla birgə və ümumilikdə görülən işlərdən, yeni təhlil metodlarından, koqnitiv dilçilik və psixo-linqvistikadan danışıb.

Konfrans işini üç gün davam etdirəcək.

Qeyd edək ki, “CoMoLTE” Avropa İttifaqı (Aİ), Belarus və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq layihəsidir. Layihə Aİ-nin TEMPUS proqramı tərəfindən maliyyələşdirilir. Layihədə iştirakçı ölkələrin müasir dil tədrisi proqramlarının yenidən qurulması, regional biliklərdən və ən yaxşı tədris təcrübələrindən istifadə etməklə dilöyrənmə və mədəniyyətlərarası ünsiyyət üzrə ən qabaqcıl tədqiqatlardan ibarət proqramlara yenidən baxılması nəzərdə tutulur. Həmçinin davamlı yüksək keyfiyyətin təminatı üçün bacarıq və vərdişlərin mübadiləsi, inkişafı, ingilis, alman dillərinin tədrisi üçün yeni dərsliklərin yaradılması, onların online platformada yerləşdirilməsi, eyni zamanda, səkkiz modul üzrə hazırlanan dərsliklərdən online platforma üzərindən tədris prosesində istifadənin təmini layihənin əsas şərtlərdəndir. İngilis dilində hazırlanan dərsliklərin bir neçə modulunun yazılmasında ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov və təlimdə innovasiyalar kafedrasının müəllimi Sevil Qurbanova iştirak ediblər. Hazırda dərsliklər alman dilinə tərcümə olunur. Yaxın gələcəkdə dərsliklərin Azərbaycan dilinə tərcüməsi və tədricən tədris prosesinə yönləndirilməsi nəzərdə tutulur.