Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Keyfiyyət infrastrukturu sahələri Avropa təcrübəsinə uyğunlaşdırılır

13 Oktyabr 2017
 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas arasında görüş olub.

Komitə sədri səfiri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, Azərbaycanla Avropa İttifaqı arasında keyfiyyət infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin Avropa təcrübəsinə uyğunlaşdırılması ilə bağlı 2007-ci ildən təşkilatla sıx əməkdaşlıq edilir.

Keyfiyyət infrastrukturu sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, kadr və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı Avropa İttifaqının “Tvinninq” aləti çərçivəsində indiyədək 3 layihə uğurla icra edilib. Hazırda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə yeni layihənin icrasına başlanıldığını deyən komitə sədri bu layihənin də müsbət nəticələrinin olacağına əminliyini ifadə edib. Layihələrin icrası nəticəsində Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə edilərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlar qəbul edilib, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

SMPDK sədri hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin nəticəsində ölkəmizin Avropa Akkreditasiya Təşkilatı ilə (EA) qarşılıqlı tanınma haqqında sazişin imzalanacağına əminliyini ifadə edib. Bildirib ki, noyabr ayında Berlində keçiriləcək EA-nın Assambleyasında Azərbaycan Akkreditasiya Mərkəzinin quruma assosiativ üzvlüyü məsələsinə baxılacaq. Bütün bunlar Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi istiqamətində mühüm addımlardır.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən təşkilatın ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ölkəmizdə qeyri-neft ixrac potensialının artırılması istiqamətində həyata keçirilən sistem xarakterli islahatları yüksək qiymətləndirib. O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması məhz bu siyasətə xidmət edir. Səfir bu prosesdə bundan sonra da Avropa İttifaqının yaxından iştirak edəcəyinə, lazımi dəstəyin veriləcəyinə əmin olduğunu bildirib.

 

“Azərbaycan”