Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi tərəqqiyə stimul verən Strateji Yol Xəritəsi

08 Oktyabr 2017
 

Müasir dünyada geosiyasi qeyri-sabitlik, böyük qarşıdurmalar və üzücü müharibələr müşahidə olunur. Rəngli inqilabların ixracı, daxili sabitliyin pozulması, terrorçuluq, sürətlə artan qaçqın axını artıq heç kimi təəccübləndirmir. Bir sıra ölkələri dünyanın siyasi və iqtisadi proseslərindən təcrid edən daxili xaos, təhlükəsizlik problemləri və sərt hərbi müdaxilələr, sanksiyalar bütünlükdə iqtisadi əlaqələrin inkişafına ziyan vurur, böhran yaradır.

Yalnız bu maneələri aşa bilən Azərbaycan kimi nadir ölkələrdə böhranları adlamaq və uğurlu gələcəyə köklənmək mümkün olmuşdur. Geosiyasi baxımdan yenidən formalaşan dünyada Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilmiş, təhlükələrin qarşısı vaxtında alınmış, sabit və sürətli inkişafın təməli möhkəm qurulmuşdur.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənəd inkişaf məqsədlərindən başqa hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.
Bu xəritə iqtisadi inkişafa töhfə verən bütün faktorları nəzərə alır, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin geniş əməkdaşlığı üçün böyük imkanlar yaradır. Dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi kimi isə özəl sektor irəli çıxır.
Bu ilin əvvəlindən icrasına start verilən yol xəritəsinin 6 ayı arxada qalmışdır. Ötən müddət ərzində görülən işlər belə qənaətə gəlməyə əsas verir ki, ölkə iqtisadi məqsədlərinə doğru inamla gedir, qarşıya qoyulan hədəflərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsi isə daxili sabitliyi və ölkənin beynəlxalq nüfuzunu gücləndirir.
Strateji Yol Xəritəsinin bu ilin 6 ayı ərzində logistika və ticarətin inkişafına dair işlərin icra vəziyyətini nəzərdən keçirəndə aydın görürük ki, hətta qısa bir zaman kəsiyində belə, görülən işlər ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Logistika və ticarət sahəsində nəzərdə tutulan işlərin 6 faizi yerinə yetirilmiş, işlərin 45 faizinə start verimişdir. Qarşıda qoyulan hədəflərdən Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması istiqamətindəki işlərin 62 faizi başlanılmışdır. Tranzit ticarətindən daha yüksək gəlirlərin əldə edlilməsi ilə bağlı qarşıya qoyulan hədəflərin 8 faizinə əməl olunmuş, 50 faizinə isə başlanılmışdır. Logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin 17 faizi tətbiq edilmişdir.
Bu ilin 6 ayı ərzində prioritetlərin icra vəziyyəti göstərir ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi istiqamətində işlər 25 faiz yerinə yetirilmişdir. Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması 13 faiz, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi isə 43 faiz icra edilmişdir.
Burada region üzrə tranzit ticarət həcmini artıraraq aşağıdakı göstəricilərə müvafiq pay əldə etmək nəzərdə tutulur: Orta Asiya və Qara dəniz marşrutu üzrə 40 faiz; Orta Asiya və Avropa marşrutu üzrə 25 faiz; Cin və Avropa marşrutu üzrə 3 faiz; Rusiya və İran marşrutu üzrə 40 faiz; İran və Qara dəniz marşrutu üzrə isə 25 faiz. Əsas icra göstəricilərinə görə qiymətləndirməyə gəldikdə bu, illik əsasda aparılır və 2017-ci ilin yekununda qiymətləndirələcəkdir. Təsir üzrə qiymətləndirmə 2020-ci ildə aparılacaq, bu müddət ərzində real ÜDM-in 605 milyon artacaq, 19 minə yaxın yeni iş yeri açılacaq.
Bakının regional əhəmiyyətli ticarət qovşağına çevrilməsi 33 faizə çatdırılmışdır. Layihələrin icrası üzrə monitorinq sistemlərinin qurulması və layihələrin başa çatdırılmasına 2020-ci ildə yekun qiymət veriləcəkdir.
Ticarətyönlü emal mərkəzinin yaradılması 50 faiz yerinə yetirilib, logistika və liman xidmətləri də daxil olmaqla, azad ticarət zonasının təşkilinə 2020-ci ildə yekun qiymətləndirmə aparılacaq.
Logistika və ticarət mərkəzlərinin yaradılması üçün təhlillərin aparılması və uyğun məkanların seçilməsi 6 ay ərzində artıq 17 faiz yerinə yetirilmişdir. Yol xəritəsində nəzərdə tutulur ki, Azərbaycanda 5 və ya 6 logistika mərkəzi yaradılacaq, bu mərkəzlərdən dördü 2020-ci ilədək tamamlanmalıdır. Logistika və ticarət mərkəzinin birbaşa təsiri regional logistika və ticarət qovşağının ümumi təsirinin 20 faizinə bərabər olmalıdır.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı sahələrindən biri də aqrar sektordur. Burada ölkə əhalisinin 48 faizə qədəri çalışır. Kənd təsərrüfatı həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təminatında əvəzsiz rol oynayır. Məhz bu baxımdan Strateji Yol Xəritəsində kənd təsərrüfatının inkişafı əsas prioritet istiqamətlərdən biri kimi nəzərdə tutulur. Son dövrlər bu sektorda dövlət dəstəyi sayəsində məhsul istehsalı ildən-ilə artır. Artıq bir çox kənd təsərrüfatı məhsulları ilə özümüzü tam təmin edir və xarici bazara ixrac imkanlarını genişlədiririk.
Strateji Yol Xəritəsində aqrar sektorda qarşıya qoyulan məsələlərin 31 faizi icra olunub. Burada əsas istiqamət kimi ərzaq təhlükəsizliyinin dayanıqlığı və əhalinin ərzağa əlyetərliyi ilə bağlı məlumat və monitorinq sisteminin qurulması 33 faiz, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması 75 faiz, həm daxili, həm də xarici bazarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal proseslərinin gücləndirilməsi 36 faiz, idxalı əvəz etmək potensialı olan kənd təsərrüfatı və emal sənayesi məhsulları istehsalının artırılmasının təşviqi və kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı 50 faiz, kompleks layihələrin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığın inkişafı 25 faiz, aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması 50 faiz, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi 14 faiz icra olunub.
Belə qənaətə gəlmək mümkündür ki, Strateji Yol Xəritəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycan böyük maddi və mənəvi resurslara malikdir. Ölkədə təhsil sistemində geniş islahatlar aparılır, yeni ideyaların, təşəbbüslərin yetərincə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına (2016) əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci yerdə, ali təhsilə cəlb olunma üzrə 94-cü yerdə, işçi heyətinin təlimi üzrə 82-ci yerdə, ibtidai təhsilin keyfiyyəti göstəricisi üzrə isə 81-ci yerdədir. Lakin bu göstəricilər ildən-ilə yüksələn xətlə inkişaf edir və belə qənaətə gəlməyə əsas verir ki, qarşıya qoyulan bütün məqsədlərə nail olmaq ölkəmiz üçün heç də çətin olmayacaq.

B.İMANQULİYEV,
“Azərbaycan”