Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhidlərə el məhəbbəti tükənməzdir

29 Sentyabr 2017
 

Lerikin abad yaşayış məntəqələrindən biri olan Rvarud kəndi dəniz səviyyəsindən 2 min 400 metr hündürlükdəki Qızyurdu dağının ətəyindədir. Ayağını kiçik dağ çayı yuyur, qayalar sanki ona arxa durur. Bura uzunömürlülər məskəni kimi tanınır. Bir əsrin dizini qatlamış ağsaqqalları və ağbirçəkləri var. Abidələri, ziyarətgahları bu kəndin qədimliyindən xəbər verir. Son illər abidələrin öyrənilməsi, bərpası və təbliği sahəsində ziyalılar səmərəli işlər görüblər.

Rvarudun oğullarından 31 nəfər İkinci Dünya müharibəsindən qayıtmayıb. Üç igid övladı - Səxavət Hacıyev, Mübariz Hüseynov və Etiqad Hacıyev Qarabağ döyüşlərində Vətən uğrunda canlarından keçiblər. Şəhidlərin xatirəsi kənddə həmişə əziz tutulub və əbədiləşdirilib: orta məktəb Səxavətin, mədəniyyət evi Etiqadın, Şiləvar məktəbi Mübarizin adını daşıyır. Kənd ağsaqqallarının, ziyalıların, iş adamlarının təşəbbüsü ilə müharibələrdə həlak olanların şərəfinə xatirə kompleksi  ucaldılıb. Bu günlərdə şəhid Səxavət Hacıyevin büstünün açılışı oldu. Mərasimə Bakıdan, qonşu rayonlardan qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər gəlmişdilər.

Səxavət Hacıyev Bakı Politexnik Texnikumunu bitirmişdi. Bir müddət paytaxda ixtisası üzrə işləmiş, oradan ordu sıralarına çağırılmışdı. Döyüş yolu Ağdamın Mərzili kəndindən başlamışdı. Şuşada, Sədərəkdə erməni qəsbkarlarına qarşı vuruşmuşdu. 1993-cü il yanvarın 25-də Ağdərə uğrunda gedən döyüşdə şəhid olub.

Şəhidlər ölməzdir. Onların həyat və fəaliyyətləri, döyüş yolları, Vətən qarşısındakı xidmətləri daim öyrənilməli, böyüməkdə olan nəslə - yeniyetmə və gənclərə örnək göstərilməlidir. Kənd ağsaqqalları, məktəbin müəllimləri bu missiyanı öz üzərlərinə götürərək məktəblilərin, gənclərin milli və vətənpərvərlik ruhunda böyüməsi üçün əllərindən gələni əsirgəmirlər.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik şəhər sakini