Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qubadlılı gənclər uğur qazanırlar

10 Sentyabr 2017
 

Qubadlı Rayon İcra Hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binasının akt zalında 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul olunan  məzunlarla görüş keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə foyedə təhsil göstəricilərini əks etdirən  sərgi ilə tanış olmuşlar.

Mərasimdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, bu gün gənclərimizin sevincini hamımız bölüşürük. Ümummilli lider Heydər Əliyevin “Təhsil hər bir xalqın gələcəyidir” sözlərini qubadlılılar unutmurlar. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Qubadlılıların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində məskunlaşdıqları üçün onların təhsil aldıqları  məktəblər də məhz həmin zonalarda fəaliyyət göstərir. Ötən tədris ilində rayon üzrə 32 ümumtəhsil müəssisəsi fəaliyyət göstərib. Onlardan 10-u yeni tikilib,  qalanları əsaslı təmir edilib, Sabunçu rayonu Ramana qəsəbəsində Xanlıq kənd tam orta məktəbin tikintisi başa çatdırılıb.

Tədbirdə bildirildi ki, məktəbi bitirən 491 məzunun 301 nəfəri  ali məktəblərə qəbul olub. Məzunların 49-u 500-600, 16-sı isə 600-dən yuxarı bal toplamışdır. Tələbə adını qazanan Əli Abdullayev, Fəqan Şükürov, Nurlan Paşazadə, Murad Quliyev, Şamama Nuriyeva, Həbibli Fatimə və digərləri imza atdıqları uğurların  Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri təhsil siyasətinin nəticəsi olduğunu bildirdilər.

Tədbirin sonunda yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim edildi.

 

Akif ƏLİYEV,

“Azərbaycan”