Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İşıqlı və abad Balakən

13 Avgust 2017
 

Ölkəmizdə müşahidə olunan inkişaf şimal-qərb bölgəsinin ən ucqar rayonu olan Balakəndə də hiss edilir. Paytaxtdan yüz kilometrlərlə uzaqda yerləşməsinə baxmayaraq, Balakəndə qazlaşdırma  tam yekunlaşıb, rabitə, su, enerji təchizatı və s. problemlər həll edilib.

Prezident İlham Əliyevin bu ayın 3-dəki səfəri də balakənlilərə bayram ovqatı yaşatdı. Ölkə rəhbəri burada su elektrik stansiyasının, ABAD (Ailə Biznesinə Asan Dəstək) Mərkəzinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun, Balakən Bayraq Muzeyinin açılışlarını etdi.    

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev deyir ki, bu il əvvəlki illərlə müqayisədə aqrar sektorda daha çox canlanma var. Rayon sakinləri dövlət başçısının qarşıya qoyduğu tapşırıqları səylə icra etməyə çalışırlar. Prezident İlham Əliyevin rayona səfəri bu fəallığı daha da artırıb.

Dövlət başçısının qarşıya qoyduğu konkret vəzifələrin icrasının təmin edilməsi məqsədilə yaradılan rayon qərargahı cari ilin birinci yarısında öz işini səmərəli qurub. Rayon qərargahının iclaslarında kənd təsərrüfatının inkişaf etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, məhsul istehsalının artırılması, istehsalçılara dövlət dəstəyinin göstərilməsi, fermerlərə və torpaq mülkiyyətçilərinə hər cür kömək göstərilməsi, onların texnikaya, mineral gübrələrə, toxuma və dərman preparatlarına  olan tələbatının ödənilməsi sahəsində konkret qərarlar qəbul edilərək icrası təmin olunub. Görülən işlər nəticəsində rayonda 13074,5 hektarda əkin aparılıb. 1560,5 hektarda payızlıq, 11514 hektarda yazlıq bitkilər əkilib. Əvvəlki ilə nisbətən payızlıq taxıl əkinləri  377 hektar və ya  31,9 faiz  artıb.

Təsərrüfatlarda taxıl biçini başa çatıb. 1560,5 hektar sahədən 4807,4 ton taxıl istehsal edilib və orta məhsuldarlıq 26,9 sentner olub. 10535,2 ton tərəvəz, 2115,6 ton kartof və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.

Rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə ardıcıl işlər aparılır. Rayon icra hakimiyyətində fəaliyyət göstərən komissiya tərəfindən fermerlərin, torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı işləri ilə bağlı problemləri vaxtında öyrənilir, onların texnikaya, mineral gübrələrə, pestisidlərə olan  tələbatlarının ödənilməsinə lazımi kömək göstərilir. İlin əvvəlindən etibarən barama və tütün istehsal edən, eləcə də yeni fındıq bağları salan istehsalçılar müəyyən edilib. Əkin aparılacaq sahələr müəyyənləşdirilib və həmin sahələrdə tütün, fındıq və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi  təmin olunub. Cari ildə 250 qutu  ipəkqurdu gətirilərək 115 kümçüyə paylanılıb. Nəticədə 11,5 ton barama istehsal olunub ki, bu da keçən ilə nisbətən 3,7 dəfə çoxdur. Son illər baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün 100 min yeni tut tingi əkilib.

Ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı əkiləcək torpaq sahələri və istehsalçılar müəyyən edilib, şitil ehtiyatının yaradılması üçün istixanalar hazırlanıb. Eləcə də “İntertabacco” MMC və “İlham” MMC ilə müqavilələr bağlanıb. 241 hektar sahədə “Virciniya”, 8 hektar sahədə “Berley” və 279 hektar sahədə “İtiyarpaq” növü olmaqla 528 hektarda tütün əkilib. Tütün əkilən sahələrin becərilməsi, suvarılması, mineral gübrələrə olan  tələbatının ödənilməsi, həmçinin  sahələrdə bitki xəstəliklərinə və zərərvericilərə qarşı  mübarizə aparılması üçün tədbirlər görülüb. Hazırda təsərrüfatlarda tütün yarpağının yığımı davam edir.

“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq, 19 tütün istehsalçısına emal müəssisələrinə satdıqları yaş və quru tütünün miqdarına görə 4385,47, 6 istehsalçıya 2016-cı ilin təkrar əkinlərinə görə 3784 manat vəsait ödənilib.

Rayonda fındıqçılıq da inkişaf edir. İndiyədək 2264,2 hektar  sahədə yeni fındıq bağları salınıb ki,  onun da  662 hektarı cari ildə salınan bağlardır.

RİH-də yaradılmış qərargah tərəfindən torpaq sahələrindən səmərəli istifadə olunmasının təşkili ilə bağlı monitorinqlər aparılıb. Xalatala, Hənifə, Talalar, Tülü, Qullar və Qaysa kəndlərində 189,95 hektar səmərəsiz istifadə olunan örüş və digər təyinatlı torpaq sahələri müəyyən edilib. Belə örüş və digər kənd təsərrüfatına yararlı sahələrin  əkilməsi məqsədilə təyinatının dəyişdirilməsi  üçün müvafiq addımlar atılır.

 

Əli SƏLİMOV,

“Azərbaycan”