Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Düşmən təxribatı Tovuzun Qaralar kəndinin sakinlərini qətiyyən qorxutmur

11 Avgust 2017
 

Çünki onlar Azərbaycan Ordusuna güvənirlər

 

Füzulinin Alxanlı kəndində iki yaşlı Zəhranın öldürülməsindən az sonra ermənilər Tovuzun Qaralar kəndinin uşaqlarını hədəfə aldılar. Bu dəfə düşmən gülləsinə 13 yaşlı Yusifov Ramin Sabir oğlu tuş gəldi. Ancaq xoşbəxtlikdən azyaşlı sağ qaldı.
Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq sərhəd rayonlarımızı, dinc yaşayış məntəqələrimizi, mülki əhalini, xüsusilə də azyaşlı uşaqları hədəfə alması söz yox ki, düşmənin münaqişə ətrafında gərginliyi artırmaqla uzun illərdən bəri davam etdirdiyi təxribatın miqyasını daha da genişləndirməyə can atdığını göstərir. Azyaşlı uşaqların, qadınların və qocaların hədəfə alınmasının daim beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməlindən əl çəkmək istəmir. 25 ildir ki, onlar apardıqları müharibə nəticəsində çoxsaylı hərbi cinayətlər, soyqırımı törədirlər.
2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı və arasında uşaq olmaqla 6 nəfər həlak oldu. Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri əks həmlə tədbirləri həyata keçirərək Ermənistanın atəş nöqtələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi.
Təəssüflə demək lazımdır ki, ermənilərin təxribatları bu gün də davam edir. Ermənistan silahlı qüvvələri təcavüzkar əməllərini növbəti dəfə davam etdirərək iriçaplı silahlardan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı kəndləri intensiv atəşə tuturlar. Növbəti belə hücum avqustun 7-də saat 20 radələrində Tovuzun Ermənistanla həmsərhəd olan Qaralar kəndinə edildi. Düşmən iriçaplı silahlardan istifadə etməklə təxribat törətdi. Nəticədə Qaralar kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu ot biçinindən qayıdarkən düşmən gülləsindən qəlpə xəsarətləri aldı. Tovuz Rayon Mərkəzi Xəstəxanasında Raminə ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərildi.
Qeyd edək ki, Qaralar Tovuzun həm ən ucqar, həm də Ermənistanla 10 kilometr sərhədi olan kəndidir. Rayon mərkəzindən 50 kilometr aralıda yerləşir və 242 nəfər əhalisi, 51 təsərrüfatı var. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qaralar kəndi üzrə nümayəndəsi Ramiz Süleymanovun dediyinə görə, hazırda sakinlərin həyətində 148 baş qaramal, 163 baş davar var. Onlar bu heyvanları qış mövsümündə təbii biçənəklərdən topladıqları otla saxlayırlar. Elə Ramin ot yığımında atası Sabirə kömək etmək üçün biçənəkdən qayıdırdı. Evlərinə 5-10 metr qalmış ermənilər tərəfindən atəşə tutuldu. Özü bu barədə belə deyir:
- Çox yorulmuşdum. Yavaş-yavaş evə tərəf gəlirdim. Evimizin qarşısına çatanda ermənilər məni atəşə tutdular, üç güllə atdılar. Dördüncüdə qaçmağa macal tapmadım. İriçaplı silahdan atılan güllələrdən biri ayağımın dibində partladı. Qəlpələr, yerdə olan çınqıllar məni bir neçə yerdən yaraladı. Yıxılıb yerdə qalmışdım. Atam, anam üstümə qaçıb məni qucaqlarına alıb evə apardılar və təcili həkim çağırdılar.
Qaralar kəndində evlər pərakəndə halda yerləşir. Necə deyərlər, hər təpənin başında bir ev var. Sabir Yusifovun evi düz düşmənin hərbi mövqeyi ilə üz-üzədir. Demək olar ki, onun ailə üzvlərinin günü səhər yuxudan durandan axşama kimi təhlükəsizliklərini qorumaq üçün düşmən mövqelərinə baxmaqla keçir. Atəş səsi eşidən kimi tez daldalanırlar.
Sabir Yusifov da digər kənd sakinləri kimi ailəsini qapısında saxladığı mal-qara və bir də pay torpağında əkdiyi kartofla saxlayır. 6 baş inəyi, 15 baş qoyunu var. Hər il 20 sot pay torpağında dəmyə şəraitində kartof əkir. Bu il də əkin sahəsində bol məhsul yetişdirib. Yaxın vaxtlarda kartofun çıxarılmasına başlayacaq. Söhbət zamanı dedi ki, Ramin balamı Allah bizə ikinci dəfə verdi. O mənim sağ əlimdir. 4 qızdan sonra Allah mənə oğul payı verib.
Raminin dil-ədəbiyyat müəllimi Lalə Murğuzovanın dediklərindən: “Ramin Yusifov çox yaxşı oxuyan şagirdlərimdəndir. Mən onu sox istəyirəm. Ağıllı və işgüzardır”.
Raminlə söhbət edirik. Deyir ki, atam kimi mən də ermənilərdən qorxmuram. Böyüyəndə Azərbaycan Silahlı Qüvvələrində hərbçi olmaq istəyirəm.
Ərazidə ermənilərin bir neçə mövqeyi var. Həmin məntəqələrdən atəş səsi eşidilən kimi Azərbaycan Silahlı Qüvvələri cavab atəşi açır, erməniləri susdururlar. Dağlıq Qarabağ müharibəsi başlayandan kənddə atəş səsi kəsilmir. Demək olar ki, ermənilər hər gün güllə atırlar. Ancaq əhali artıq bu səsə öyrəşib. Bilirlər ki, ermənilər hər gün təxribatla məşğuldurlar. Kənd sakinləri gündəlik işlərini görürlər. Kimi mal-heyvanını otarır, kimi biçdiyi otu həyətinə daşıyır, kimi də kartof çıxarır. Bu il kənddə 27,5 hektar sahədə kartof əkilib ki, bundan da bol məhsul gözlənilir. Bu il ilk dəfə olaraq bir hektarda tütün əkən sakinlər artıq birinci yığımı başa çatdırıblar.
Biz kənddə olanda qulağımıza musiqi sədaları gəldi. Dedilər ki, kənd sakini Qara Məmmədovun qızı Ayselin Etibarla xeyir işidir. Kənd bələdiyyəsinin sədri Bəndər Zeynalov gülümsəyib bizdən soruşdu:
- Niyə təəccüblənirsiniz? Həyat davam edir. Sağ olsun Prezidentimiz və ordumuz. İndi 1990-cı illər deyil. Güclü dövlətimiz, yenilməz ordumuz var. Hər an düşməni geri oturtmağa gücümüz çatar.
Hazırda Ramin Yusifov ev şəraitində müalicə olunur. Onun bədənində, ayaq nahiyəsində və üzündə qəlpə izləri var. Anası İlhamə Yusifova deyir ki, sağ olsun rayon rəhbərliyi, hər gün əlaqə saxlayıb Raminin səhhəti ilə maraqlanır. Lazım gəldikdə kömək də göstərir. Başqa təşkilatlardan da gələnlər var.

Sabir ƏLİYEV,
“Azərbaycan”