Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Füzuli: 103 min on taxıl, 24,3 ton barama hazırdır

16 İyul 2017
 

Pambığın becərilməsi isə davam edir

 

Rayon mərkəzi və ərazisinin xeyli hissəsi uzun illərdən bəri işğal altında olan, Ermənistan silahlı qüvvələrinin çoxsaylı təxribatlarına mətanətlə sinə gərən Füzuli camaatı əllərində olan torpaqların hər qarışından səmərəli istifadə etmək, ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə, ərzaq bolluğu yaradılmasına sanballı töhfələr vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.

Cəbhə bölgəsində, müharibə şəraitində yaşayan Füzuli kəndlisi silah qədər çörəyin də vacib olduğunu dəyərləndirərək taxılçılığın inkişafına böyük önəm verir. Bu ilin məhsulu üçün rayonun təsərrüfatlarında 36 min hektar sahədə taxıl əkilib becərilmişdir. Həyata keçirilən tədbirlər sayəsində hər il əkin dövriyyəsinə yeni torpaq sahələri qatılır. Alxanlı zonasında keçən il yaradılan, hər birinin 1000 hektar ərazisi olan 4 yeni taxılçılıq təsərrüfatı bu il ilk məhsulunu götürmüşdür. Nəticə pis deyil - hər hektardan orta hesabla 38 sentner. Ümumiyyətlə, rayonun taxılçıları biçin kampaniyasını 103 min ton məhsulla başa vurmuşlar.

Füzulidə gəlirli sahə olan baramaçılığın inkişafına da maraq böyükdür. Keçən il 3 ton barama istehsal edən kümçülər bu il daha yüksək nəticələr qazanmışlar. Barama istehsalı keçən ilə nisbətən 8 dəfə artaraq 24,3 tona çatmışdır. Baramaçılığı gələcəkdə də inkişaf etdirmək üçün etibarlı yem bazası yaradılması diqqət mərkəzindədir. Bu məqsədlə keçən il məhsuldar cinsdən olan 42 min çəkil əkilmişdir. Yeni çəkilliklər bara düşəndən sonra barama istehsalının artırılmasına etibarlı zəmin yaranacaq.

Kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirməyi təxirəsalınmaz vəzifə kimi dəyərləndirən füzulililər indi pambıq tarlalarında da nümunə göstərirlər. 2050 hektar sahədə tarlaların üçüncü kompleks becərilməsi aqrotexniki qaydalar əsasında davam etdirilir. Qayğı ilə qulluq edilən pambıq kolları yavaş-yavaş bara dolur. Belə davam etsə, taxılçılıqda, baramaçılıqda olduğu kimi, pambıqçılıqda da uğur qazanılacaq.

 

Lazım  QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”