Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bişkekdə qırğızıstanlı nazirlərlə görüşüb

12 İyul 2017
 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkekdə Qırğızıstan Respublikasının təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun üzv ölkəsi Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Q.Kudayberdiyeva Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə görülən işlərə töhfə kimi dəyərləndirib, gələcək layihələrinə dəstəyini bildirib.

Görüşdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Qırğızıstandakı universitetlər ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də orada təhsil alan və türk dünyası ilə bağlı araşdırmalar aparan tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilib.

Günay Əfəndiyeva Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakov ilə də görüşüb. O, Fondun məqsədləri və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

T.Kazakov Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib.

Görüşdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə edilib.