Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş konfrans keçirilib

19 İyun 2017
Şabranda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və  rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirib.

Konfrans iştirakçıları öncə “Şabran şəhəri” Tarixi Qoruğunu ziyarət etmiş, burada aparılan arxeoloji qazıntılar və onların nəticələri ilə yaxından tanış olmuşlar. Bildirilib ki, qədim Şabran şəhərinin əsasının eramızdan əvvəl qoyulub və təqribən 5000 il yaşı var.

Daha sonra rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun keçmişini özündə əks etdrən eksponatlar, Xaqaninin adını daşıyan Poeziya evində isə maraqlı kitab sərgisi nümayiş olunub.

Mərasim Şabran Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, bu gün Əfzələddin Xaqani Şirvani yaradıcılığı öyrənilir. Şairin yaradıcılığı rayon məktəbliləri arasında keçirilən müsabiqələrdə yad edilir, qiymətləndirilir.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəyli Xaqaninin yaradıcılığının  Şabranda keçirilməsini bölgələrdə elmin, ədəbiyyatın təbliği istiqamətində mühüm hadisə olduğunu vurğulayıb.

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsas nəşrlərindən biri olan «Ədəbiyyat məcmuəsi»jurnalının  Xaqaniyə həsr olunmuş xüsusi buraxılışının və «Xaqani Şirvani. Ərəbcə şerləri. Filoloji tərcümə» kitabının təqdimatı olub.

Daha sonra konfransda Xaqani yaradıcılığı haqqında alimlərin  çıxışları dinlənilib, onun özünə xas xüsusiyyətləri açıqlanıb.  Tədbirdə bildirilib ki,  bu qəbildən olan elmi konfranslar rayonda ədəbi mühitin formalaşmasında böyük rol oynayır.

 

Akif ƏLİYEV,

«Azərbaycan»