Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köhnə problemin yeni fəsadları

13 Aprel 2017
 

Şəxsi avtomobillərlə rayonlara sərnişindaşımadakı nəzarətsizlik paytaxtın başağrısına çevrilib

 

Bakı həqiqətən təkrarsız şəhərdir. Qədimlik və müasirlik, təbiilik və gözəllik, Şərqə bağlılıq və Qərbə oxşarlıq, mühafizəkarlıq və liberallıq sarıdan tayı-bərabəri yoxdur. Xüsusən son illər daha füsunkar, daha cazibəli olub. Hətta o qədər ki, xarici qonaqlar demişkən, bir dəfə görəndən sonra ona vurulmamaq sadəcə mümkün deyil. Əbəs yerə Bakını Qərbin Parisinə, Şərqin Dubayına bənzətmirlər ki...
Amma Bakı həm də təzadlar şəhəridir. Burada geniş, rahat, işıqlı prospektlərlə yanaşı, darısqal, qaranlıq, bir faytonluq küçə və dalanlara, Günəş şəfəqlərindən bərq vuran, hündürlüyünə baxanda başdan papaq düşən ultra müasir “şüşəbənd”lərlə birlikdə idimsiz “gecəqondular”a, bal töküb yalamaq mümkün ola biləcək qədər tər-təmiz, dünyanın az qala bütün nadir ağaclarından başına çətir tutmuş yamyaşıl bulvar və xiyabanların yaxınlığında olmasa da, ondan bir az aralıda kölgələnmək üçün adi bir ağac tapılmayan (bəlkə də saxlanılmayan), günlərlə süpürgə dəyməyən parklara rast gəlmək mümkündür.
Düzdür, dünyanın heç bir şəhərinin xali olmadığı bu və digər təzadların əsas səbəbkarı, daha doğrusu, günahkarı ilk növbədə biz özümüzük. Biz “biz” deyəndə heç də Bakının yalnız sıravi sakinlərini nəzərdə tutmuruq, baxmayaraq ki, təzadların yaranmasında bu təbəqənin “xidmət”ləri az deyil. Məgər yaşıllıqları məhv edib yerində “obyekt” tikən (təzə fakt: kimsə metronun “Əcəmi” stansiyasının yanındakı parkın bir hissəsini çəpərləyərək nə isə tikməyə başlayıb), ictimai mənafeyi şəxsi marağa qurban verən, ayağının altını zibilləyib ətrafını ağız suyu ilə sulayan, küçə ilə meşəni dəyişik salan biz deyilik?!
O ki qaldı digər “biz”lərə, yəni xidməti vəzifələri Bakını subyektiv təzadlardan qorumaqdan ibarət olan qurumların rəhbərlərinə, onlar da kənardan gəlməyiblər, özümüzün və cəmiyyətimizin yetişdirmələridir. Görəsən, xalqımızın adına və yaşadığımız şəhərin imicinə ziyan vuran sadaladığımız və neçə-neçə sadalamadığımız etikadan kənar əməllərə sipər çəkmək demirik, ən azından rəvac verməməyə onlara nə, yaxud kim mane olur?!
Hər iki kinayəli suala cavab olaraq artıq neçə vaxtdır Bakının başağrısına çevrilən bir problemdən söz açmaq istərdik. O problemdən ki, onun ağrısını təkcə paytaxtın 20 Yanvar, “Şamaxinka”, Avtovağzal, 3-cü mikrorayon dairəsi, köhnə “İnturist” deyilən ərazilərdə yaşayan və ya yolu tez-tez həmin istiqamətlərə düşənlər yox, bütün bakılılar yaşayırlar. Bəli, söhbət ölkənin şəhər və rayonlarına, eləcə də paytaxtın uzaq yaşayış məntəqələrinə, ticarət mərkəzlərinə şəxsi avtomobilləri ilə sərnişin daşıyan sürücülərdən, daha doğrusu, onların özlərini heç bir ədəb-ərkan çərçivəsinə sığmayan “müştəri ovu”ndan, bir az da dərinə getsək, bu sahədəki dərəbəylikdən gedir.
Təsəvvür edin ki, günboyu metronun “20 Yanvar” stansiyasının sayı az olmayan bütün giriş-çıxışlarının heç birinə yaxınlaşmaq mümkün deyil. Birində Sumqayıt, Xırdalan, digərində Binə, Sədərək, üçüncüdə Cəlilabad, Masallı, Biləsuvar, bir az aralıda Beyləqan, Ağcabədi, İmişli, aşağıda - 3-cü mikrorayon dairəsi deyilən ərazidə Ağdaş, Göyçay, Ucar deyib bağıran sürücülər yoldan keçən hər kəsi az qala itələyib avtomobillərinə salsınlar. Onlar üçün nə qadın var, nə qoca, nə də uşaq, hamısı müştəridir. Həmin ərazilərdən keçəndə bir az ləngiyərlərsə, yalan olmasın, gözlərini bir də hansısa avtomobildə aça bilərlər. “Şamaxinka”, Avtovağzal, köhnə “İnturist” ərazilərində də analoji vəziyyətdir. Şimal (Quba, Qusar, Xaçmaz), şimal-qərb (Şamaxı, İsmayıllı, Qəbələ), Muğan (Salyan, Neftçala) bölgələrinə sərnişin daşıyan sürücülər “fərasət”lərinə və “mədəniyyət”lərinə görə heç də digər həmkarlarından geri qalmırlar. Bu yaxınlarda Gəncədən qayıdan iş yoldaşımız deyir ki, avtovağzalda avtobusdan düşən kimi “xalturşik” onu yenidən geri qaytarmaq istəyib, əlindən zorla qurtulub.
Bunlar hələ problemin qanacaq, davranış tərəfidir. Onun digər tərəfləri də var ki, bundan az rahatsızlıq yaratmır. Götürək adlarını çəkdiyimiz ərazilərdə həmin sürücülərin avtomobillərinin yaratdığı sıxlığı. 20 Yanvar dairəsindən üzü 8-ci kilometr istiqamətinə gedən yoldakı ilk ötürücünün altı, Alı Mustafayev küçəsi və Tbilisi prospektinin həmin ərazidəki hissələri gecə-gündüz bu avtomobillərin “işğalı” altındadır. Sürücüləri camaatı boğaza yığdığı kimi, onlar da ərazidə nəqliyyatın hərəkətini iflic edir. Amma nə olsun?! Nə dəyib-dolaşan var, nə də gözün üstə qaşın var deyən. Ara-sıra DYP reyd keçirsə də, müvəqqəti olur. Bir neçə saat sonra, ən yaxşı halda ertəsi gün hamı qayıdır öz “post”una.
Problemin digər, yumşaq desək, fəsadı isə adları çəkilən ərazilərdə antisanitariya vəziyyətinin yaranmasıdır. Görün bu antisanitariya hansı səviyyəyə çatıb ki, adamlar oradan keçəndə ya üzlərini çevirirlər, ya da burunlarını tuturlar. Siqaret kötüyü, polietilen torbalar, günəbaxan tumunun qabığı, kağız parçaları, ərzaq qalıqları bu yerlərin yüngül zibilləri sayılır. Səs-küy də ki, öz yerində. Təbii ki, küçələrdən, meydanlardan saatlarla, bəzənsə günlərlə müştəri axtarmaq üçün istifadə ediləndə və buna göz yumulanda belə də olmalıdır. Amma bu haqda bir qədər sonra.
İndi isə problemin ən ağrılı və təhlükəli tərəfi barədə. Bakıdan Sumqayıta sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 gəncin həyatlarını itirməsi sıradan bir hadisə deyildi. Bu faciə bir daha göstərdi ki, şəhərlərarası sərnişindaşımadakı nəzarətsizliyin, özbaşınalığın nəticəsi çox acı və ağır olur. Amma bunun fərqinə varan kimdir?! Yenə də metronun həmin “20 Yanvar” stansiyası ətrafından hər gün onlarla avtomobil Sumqayıta sərnişin daşıyır. Nə bu avtomobillərin sazlığına, nə də sürücülərin kimliyinə baxan var. Yaxın ünvandır deyə, heç sərnişinlər də buna fikir vermirlər. Guya uzaq olsaydı, nə dəyişəcəkdi?! Kim yol maşını ilə Qazaxa və ya Lənkərana gedəndə sürücüdən avtomobilinin texniki vəziyyəti və özünün peşə təcrübəsi barədə arayış tələb edir ki... Halbuki gedilən ünvanın məsafəsindən asılı olmayaraq sərnişindaşımada bu, vacib şərtdir. Lakin ona sərnişinlər yox, həmin sahəyə cavabdeh qurumlar nəzarət etməlidir. Özü də elə nəzarət ki, ondan nəzarətçilər deyil, sərnişinlər və bir də çörəyini bu fəaliyyət növündən çıxaran sürücülər qazanmış olsunlar.
Eyni zamanda biz bu sahədəki problemin həllinin təkcə vicdanlı nəzarət sisteminin yaradılmasından asılı olduğu qənaətində də deyilik. Əsas məsələ həmin sürücüləri küçələrdən yığışdırıb lazımi şəraiti və infrastrukturu olan bir, yaxud bir neçə əraziyə toplamaqdır. Əvvəla, bu, ilk növbədə problemin qeyd etdiyimiz fəsadlarının aradan qaldırılması deməkdir. İkincisi, bu sürücülər heç də küçələrə vaxt keçirmək üçün səpələnməyiblər. Çalışdıqları dolanışıq, çörəkpulu üçündür ki, bunu da onlara heç kəs qadağan edə bilməz. Elədirsə, özəl fəaliyyətin bu növü - sərnişindaşıma ilə məşğul olanlar üçün nədən normal, mövcud qanun və qaydalar çərçivəsində şərait yaradılmasın?! O ki qaldı ərazi məsələsinə, əgər istənilərsə, bunun üçün Bakının həm cənub, həm də şimal giriş-çıxış hissəsində kifayət qədər boş ərazilər tapmaq olar. Bu da olmasa, Bakı Beynəlxalq Avtovağzal Kompleksində ərazi ayırmaq mümkündür. Bütün hallarda Bakı kimi və Bakı boyda şəhər üçün bu, həlli mümkün olmayan problem deyil. Təkcə istəyin və qətiyyətin olması kifayətdir.
Bir də unutmayaq ki, Bakı yalnız İçərişəhərdən, Dənizkənarı Milli Parkdan və Fəvvarələr meydanından ibarət deyil. Şəhərimizə gələn qonaqların yolu 20 Yanvar dairəsindən, “Şamaxinka”dan da düşür. Hətta düşməsə belə (Bakı təkcə qonaqlar üçün abadlaşdırılmır ki...), həm şəxsi avtomobilləri ilə sərnişin daşımaqla ailələrini dolandıran sürücülərin, həm də onların obyektiv və subyektiv səbəblərdən yaman günə qoyduqları ərazilərdən yolu düşənlərin, ümumiyyətlə, bütün bakılıların bu problemin birdəfəlik yoluna qoyulmasını səbirsizliklə gözləməkdə haqları var.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”