Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürüləcəklər

14 Mart 2017
 

Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk müşavirəsini bu həssas mövzuya həsr etdi

 

Azərbaycan MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşıb. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Çünki qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.
Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların yaşayış səviyyəsinin yaxşılaşması doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bunu çoxsaylı faktlar təsdiqləyir. Belə ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası sayəsində indiyədək 6,2 milyard manatdan çox vəsait sərf olunub. Müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlarda bu məqsədlə ayrılmış ərazilərdə salınmış qəsəbələr tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və həmin ərazilər yaraşıqlı yerlərə çevrilib. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi isə 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib.
Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 60 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi, 206 müxtəlif tutumlu su anbarı, 64 nasos stansiyası tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətləri, 163 kilometr drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Bu işlərin 90 faizi son 13 ildə icra edilib.
Həyata keçirilən tədbirlər sayəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə 55 fərman və sərəncam imzalanıb.
Lakin hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ümumiyyətlə, ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Həmçinin istismar müddətini başa vurduğundan qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı həmin obyektlərdən 44-də təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan 4 min ailənin, 16 min məcburi köçkünün köçürülməsinin zəruriliyi bildirilib.
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirə də məhz bu məsələyə - Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinə həsr olunmuşdu. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.
Müşavirədə çıxış edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva bildirib ki, əsas məqsəd qəzalı binalarda yaşayan köçkünləri yeni mənzillərlə təmin etməkdir: “Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.
Hazırda Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin ediləcək. Bundan başqa, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir. Təbii ki, bunlar kifayət deyil.
Qeyd edək ki, ilk növbədə qəzalı binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar. Bununla bağlı iki istiqamətdə iş aparılacaq. Bunlardan biri yeni binaların inşasıdır. Bunun üçün Bakı və Sumqayıt ərazisində yerlər ayrılacaq və binalar tikiləcək. Bununla yanaşı, Bakıda və Sumqayıtda inşa edilmiş təzə binalardan da boş mənzillər alınacaq.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva buna qədər həm Heydər Əliyev Fondunun prezidenti, həm də Milli Məclisin deputatı kimi məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayıb. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.
Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib. 2015-ci il mayın 10-da istifadəyə verilən yeni binada Xırdalan Ət Kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. Doqquzmərtəbəli binada ümumilikdə 126 mənzil var. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, yüksəkkeyfiyyətli liftlər quraşdırılıb.
Bu müşavirədə qarşıya qoyulan vəzifələr isə onu göstərir ki, Birinci vitse-prezidentin fəaliyyətində əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması da prioritet məsələlərdən biri olacaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”