Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

...əli yazmaqdan yorulmur

29 Dekabr 2016
 

Deyirlər, insanın xasiyyətinə bir sıra digər amillərlə yanaşı, doğulub-böyüdüyü, yaşadığı yerin təbiəti də təsir göstərir. Həmkarımız Əli Səlimovun “Azərbaycan”da çalışmağa başladığı ilk gündən redaksiyada hamıya mehriban münasibət göstərdiyini və burada işlədiyi cəmi bir neçə il ərzində kollektivə necə qaynayıb-qarışdığını görəndə, zamanın sınağından çıxmış həmin fikrin doğruluğuna bir daha əmin olursan.

Əli Səlimov daraqdiş dağlardan, çətirli meşələrdən süzülüb gələn bulaqların başında, şəlaləli Bərgüşad çayının sahilində dünyaya göz açıb. Söhbət indi həsrətini çəkdiyimiz, lakin inşallah tezliklə qoynuna dönəcəyimiz bölgələrimizin birindən - Qubadlıdan gedir. Əli bu rayonun Məmər kəndində anadan olub, böyüyüb, Hal kəndindəki orta məktəbi bitirib. Bir müddət rayon kolxozlararası tikinti idarəsində fəhlə işlədikdən sonra iki il keçmiş sovet ordusu sıralarında xidmət edib. Əsgərlik müddəti başa çatandan sonra yenə doğma yurduna qayıdıb. Qubadlı rayon Kənd Təsərrüfatı Enerji Müəssisəsində elektrik montyoru kimi çalışıb. Lakin mətbuata, jurnalistikaya olan marağı onu həmin vaxt rayonda çıxan “Avanqard” qəzetinə gətirib.

Sovet dönəmində ali məktəblərdə fəaliyyət göstərən hazırlıq şöbələri fəhlə-kəndli gənclərin təhsillərini davam etdirməsində onlara çox yaxın yardımçı olurdu. Belə ki, istehsalatda fərqlənən gənclər bu şöbələrə göndərilir, burada mükəmməl hazırlıq keçib tələbə adını qazanırdılar. Əlinin də BDU-nun jurnalistika fakültəsində təhsil almasına həmin şöbə bir tramplin oldu. Tələbəlik illəri başa çatandan sonra isə narahat jurnalist həyatı başladı.

Beş il “Zaman” qəzetində işləyib. Orada iqtisadi məsələlər üzrə müxbir olub. İki il Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin mətbuat katibi vəzifəsində çalışıb. Daha iki il “Həftə içi” qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərib.

Əlinin “Azərbaycan”dan əvvəlki son iş yeri “Azərenerji” ASC-nin “Azərbaycan işıqları” qəzeti olub. Bu qəzetdə o, 10 ildən artıq çalışıb. 2014-cü ilin may ayından Əli Səlimov “Azərbaycan”çıların sırasındadır. Əvvəlcə qəzetin reklam və elanlar şöbəsinə işə qəbul olunmuşdu. Çalışdığı şöbədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Bununla yanaşı, müxtəlif mövzularda diqqətçəkən yazılarla tez-tez qəzet səhifələrində çıxış edirdi. Bütün bunlara görə, redaksiya heyəti ona etimad göstərərək 2015-ci ilin sentyabr ayında bölgə müxbiri vəzifəsini tapşırdı.

Əli Səlimov “Azərbaycan”ın ən çox sayda rayonu əhatə edən bölgə müxbiridir. Bu vəzifədə az vaxtda çalışmasına və yazılarının coğrafiyasının geniş olmasına baxmayaraq, redaksiyanın bütün tapşırıqlarını vaxtında yerinə yetirir. Bir çox yazıları isə öz təşəbbüsü və müşahidələrinin bəhrəsidir.

Hər ayın əvvəlində redaksiyada keçirilən yaradıcılıq iclaslarına gələndə yoldaşları ona yarızarafat: “Sən, deyəsən, yolda da yazırsan. Maşallah, məhsuldar işləyirsən”, - deyirlər. Zarafatın səmimi olduğunu bildiyi üçün özü də səmimiyyətlə cavab verir: “İşimin məhsuldar olub-olmadığı barədə heç nə deyə bilmərəm. Sadəcə, bölgə müxbiri keçəndən bəri həmişəkindən az yatmağa vərdiş etmişəm. İstirahət günlərində əlimdə olan yazıları yekunlaşdırmağa çalışıram. Çünki sabah yeni tapşırıqlar alacağam”.

Əli Səlimov hansı janrda yazır-yazsın, mütləq hadisə iştirakçıları, bəhs etdiyi insanlarla görüşməyə, həmsöhbət olmağa çalışır. İnternet, informasiya texnologiyaları əsrində yaşasaq da, həmkarımız eyni zamanda jurnalistikanın bu sınanmış ənənələrinə sadiq qalmağı vacib bilir.

Ondan bölgə müxbiri işləməyin çətin olub-olmadığı barədə də soruşmuşuq. Deyib ki, ürəklə yanaşdığın heç bir iş çətin olmur. Bir də ki, 1992-ci ildə ata-anasından xəlvət Milli Orduda könüllü qismində döyüşdüyü günlərdə rastlaşdığı risklərdən sonra ona artıq heç nə çətin gəlmir...

Demə, Əlinin əvvəllər səhhəti ilə bağlı problemləri, ölümlə həyat arasında çarpışdığı günlər də olub. Amma bütün bunlara qalib gəlib. Söhbətimizin əvvəlinə qayıdaraq deyək ki, ətəyində böyüdüyü dağlar ona dözüm, iradə və möhkəmlik də bəxş edib. Nikbin insandır, həmişə üzü gülür. Bu səbəbdən də ona öz yaşını vermək olmur. Odur ki, bu gün 50 illik yubileyi olduğunu çoxları zarafat kimi qəbul edib... İş yoldaşımıza və qələm dostumuza elə bu əhvali-ruhiyyədə də uzun ömür yaşamağı, sevimli Tomris qızını, əziz Elturan oğlunu xoşbəxt böyütməyi, xalqına bacardığı kimi - sənəti və əqidəsi ilə xidmət etməyi arzulayırıq.

 

“Azərbaycan”