Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, müstəqil siyasət yürütməsi və regionun aparıcı dövlətlərindən birinə çevrilməsi ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdəndir. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional əməkdaşlıq baxımından mühüm rol oynayan ölkəyə çevrilib. Lakin ölkəmizin artan nüfuzu və milli maraqlara əsaslanan siyasəti mürəkkəb geosiyasi şəraitdə yeni çağırışları da gündəmə gətirib. Bu çağırışlardan biri informasiya məkanına müdaxilələr və hibrid təhdidlərdir.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında dedi ki, müasir dövrdə dövlətlərə qarşı mübarizə yalnız siyasi və iqtisadi vasitələrlə aparılmır. Dezinformasiya kampaniyaları, kiberhücumlar, saxta hesablar, botlar və ictimai rəyə manipulyativ təsir cəhdləri də hibrid təhdidlərin mühüm istiqamətlərindəndir. Ətrafımızda davam edən geosiyasi gərginliklər fonunda Azərbaycanın informasiya təhlükəsizliyinin qorunması, milli maraqların müdafiəsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. “Hibrid təhdidlərin əsas məqsədlərindən biri cəmiyyətdə çaşqınlıq yaratmaq, dövlət institutlarına inamı zəiflətmək, mövcud fikir ayrılıqlarını dərinləşdirmək və ictimai sabitliyə təsir göstərməkdir. Bu məqsədlə bəzən həqiqi faktlar kontekstdən çıxarılır, təsdiqlənməmiş məlumatlar həqiqət kimi təqdim edilir, eyni məzmun çoxsaylı hesablar vasitəsilə yayılaraq süni ictimai rəy formalaşdırmağa çalışılır. Azərbaycan dilində fəaliyyət göstərən informasiya resursları və sosial platformalar da belə təsir cəhdlərinin araşdırılması baxımından diqqət mərkəzində olmalıdır. Xüsusilə dini və ideoloji mövzulardan istifadə etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri ciddi yanaşma tələb edir”, – deyə o əlavə etdi.
Deputat bildirdi ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı ölkədir. Konstitusiyamız dünyəvi dövlət quruluşunu, insan hüququ, vicdan və dini etiqad azadlığını təsbit edir. Bu prinsiplərin qorunması milli həmrəyliyin və ictimai sabitliyin əsas şərtlərindəndir. Eyni zamanda dini inanclardan sui-istifadə edərək insanları qarşıdurmaya yönəltmək, radikal baxışları təşviq etmək və cəmiyyətdə düşmənçilik yaratmaq cəhdlərinə qarşı qanun çərçivəsində mübarizə aparılmalıdır. Bununla yanaşı, dini etiqad azadlığı ilə radikal manipulyasiyaları bir-birindən fərqləndirmək vacibdir. Hər hansı iddia konkret faktlar əsasında qiymətləndirilməli, vətəndaşların hüquq və azadlıqlarına hörmət olunmalıdır.
A.Badamov qeyd etdi ki, rəqəmsal platformalarda yayılan məlumatların doğruluğunun yoxlanılması isə hər bir vətəndaşın məsuliyyətidir: “Xarici mənbələrdən yayılan xəbərlər, dini-ideoloji çağırışlar və siyasi xarakterli paylaşımlar emosional reaksiyalar əsasında deyil, etibarlı mənbələr və faktlar əsasında qiymətləndirilməlidir. Çünki informasiya mübarizəsində ən təsirli vasitələrdən biri insanların düşüncəsinə və emosiyalarına yönəlmiş manipulyasiyalardır. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının fəaliyyəti də bu məsələlərin parlament səviyyəsində diqqətdə saxlanıldığını göstərir. Hibrid təhdidlərə qarşı mübarizənin səmərəliliyi dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətindən, kiber təhlükəsizlik imkanlarının gücləndirilməsindən, media subyektlərinin məsuliyyətindən və ictimai maarifləndirmədən asılıdır. Bu istiqamətdə araşdırmaların, ekspert müzakirələrinin və ictimaiyyətə əsaslandırılmış məlumatların təqdim olunmasının davam etdirilməsi vacibdir”.
Deputat dedi ki, Azərbaycan xalqı müasir tarixinin ən ağır sınaqlarından keçərək milli iradəsini və dövlətçilik əzmini nümayiş etdirib. Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində ölkəmiz öz hüquqlarını beynəlxalq müstəvidə müdafiə edib, informasiya məkanında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda fəaliyyətini gücləndirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə xalqımızın birliyini və dövlətimizin gücünü nümayiş etdirib. “Bu gün də Azərbaycanın ətrafında baş verən proseslər diqqətlə izlənilməli, milli maraqlarımız qorunmalı və ölkəmizin yenidən geosiyasi qarşıdurmaların meydanına çevrilməsinə imkan verilməməlidir. Azərbaycanın ən böyük üstünlüklərindən biri xalq-dövlət birliyi və milli həmrəylikdir. Lakin bu birliyin qorunması yalnız xarici təhdidlərə qarşı mövqe nümayiş etdirməklə məhdudlaşmamalıdır. Bunun üçün qanunun aliliyi, vətəndaş hüquqlarına hörmət, sosial ədalət və dövlətlə cəmiyyət arasında qarşılıqlı etimad da möhkəmləndirilməlidir. Ümumiyyətlə deyə bilərik ki, Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin qorunması informasiya təhlükəsizliyinin gücləndirilməsini, dezinformasiyaya qarşı sistemli mübarizəni və milli birliyin möhkəmləndirilməsini tələb edir. Dövlət qurumları, media, ekspertlər və vətəndaşlar bu prosesdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan xalqı döyüş meydanında nümayiş etdirdiyi iradəni informasiya məkanında da milli məsuliyyətlə tamamlamalıdır. Çünki ölkəmizin sabitliyi, təhlükəsizliyi və gələcək inkişafı milli həmrəyliyin qorunmasından və sağlam informasiya mühitinin formalaşdırılmasından birbaşa asılıdır”, – deyə Azər Badamov bildirdi.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”