21 Oktyabr 2026 08:50
860
CƏMİYYƏT
A- A+
Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək


Beynəlxalq əməkdaşlıqda Azərbaycan dəst-xəti


Dünya tarixinə ümumi nəzər yetirdikdə görünür ki, bəşəriyyətin üzləşdiyi mürəkkəb problemlərin həlli hər bir dövlətdən həmrəylik, qarşılıqlı etimad və ortaq öhdəliklər tələb edir. Beynəlxalq hüququn universal prinsiplərinin formalaşması, insan hüquq və azadlıqlarının müdafiəsinə dair fundamental sənədlərin qəbul edilməsi, dövlətlərarası münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi məhz bu zərurətdən irəli gəlmişdir. Bu təşəbbüslər dünyanın ortaq dəyərlər ətrafında birləşmək iradəsini ifadə etməklə yanaşı, beynəlxalq əməkdaşlığın davamlı inkişafı üçün mühüm zəmin yaratmışdır.

Lakin qlobal münasibətlər sistemi inkişaf etdikcə aydın olur ki, ortaq dəyərləri bəyan etmək qədər onları qorumaq və təhdidlərə qarşı birgə fəaliyyət göstərmək də vacibdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, milli maraqları beynəlxalq əməkdaşlıq imkanları ilə uzlaşdıran xarici siyasət həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu müdrik strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakını, insanpərvər təşəbbüslərlə çıxış etməsini və müxtəlif dövlətlər arasında dialoqun inkişafına töhfə verməsini təmin etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda davamlı sülhün təmin edilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər ölkəmizin təkcə yeni reallıqların formalaşmasında deyil, onların sülh və tərəqqi naminə dəyərləndirilməsində də maraqlı olduğunu göstərir. 

Beynəlxalq əməkdaşlığın bu dinamik inkişaf kursu dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti və onun sadiq silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl, məqsədyönlü təşəbbüsləri sayəsində ictimai-siyasi münasibətlərdən sosial-iqtisadi inkişafa, milli-mədəni irsin qorunmasından humanitar əməkdaşlığın möhkəmləndirilməsinə qədər geniş və çoxşaxəli istiqamətləri əhatə edərək qüdrətli ölkəmizin tərəqqisinə xidmət etməkdədir.

Bu gün Azərbaycanın beynəlxalq mövqeyi yalnız qlobal təşəbbüslərdə iştirak etməsi ilə deyil, həm də onların həyata keçirilməsi üçün əlverişli zəmin yaratması ilə səciyyələnir. Qlobal Bakı Forumu kimi beynəlxalq dialoq platformalarından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə, eləcə də hüquq-mühafizə və antikorrupsiya sahələrində beynəlxalq əməkdaşlıq təşəbbüslərinə qədər geniş fəaliyyət coğrafiyası ölkəmizin məhz qlobal proseslərə verdiyi bu çoxsaylı töhfələri açıqca bəyan edir. Bu təşəbbüslərin mahiyyətində mühüm bir prinsip dayanır: qlobal problemlərin həlli yalnız onların müzakirəsi ilə deyil, dövlətlərin birgə iradəsinin konkret qərarlara və əməli addımlara çevrilməsi ilə mümkündür.

Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində xüsusi yer tutan istiqamətlərdən biri də ayrılmaz hissəsi olduğu islam dünyası ilə münasibətlərin möhkəmləndirilməsidir. Bu əlaqələrin kökləri yalnız diplomatik münasibətlərə deyil, əsrlər boyu formalaşmış ortaq tarixi yaddaşa, mədəni irsə və mənəvi dəyərlərə gedib çıxır. İslam dini Azərbaycan xalqının mənəvi dünyasının və mədəni kimliyinin formalaşmasında mühüm rol oynamış, ölkəmizin tarixində və ictimai həyatında dərin izlər buraxmışdır. Bununla yanaşı, Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif mədəniyyətlər arasında dialoqa verdiyi önəm islam dünyası ilə münasibətlərinin daha dərin məzmun almasına şərait yaratmışdır.


Azərbaycanın islam dünyasındakı yeri: mənəvi dəyərlərə əsaslanan beynəlxalq tərəfdaşlıq nümunəsi


Azərbaycan torpağı islam sivilizasiyasının zənginləşməsinə töhfə vermiş alimlərin, mütəfəkkirlərin və sənətkarların yetişdiyi məkanlardan biri olmuşdur. Şərq intellektual ənənəsinin bu qədim diyarda yaşayıb-yaratmış müxtəlif nümayəndələrinin elmi, ədəbi və fəlsəfi irsi, Azərbaycan memarlığının nadir inciləri ölkəmizin islam mədəniyyətinə qatdığı dəyərin zənginliyini bir daha nümayiş etdirir.

Bununla yanaşı, Azərbaycanın tarixi təcrübəsi dini-mənəvi irsə bağlılığın dünyəviliyə, digər dinlərə və mədəniyyətlərə hörmətlə, müxtəlifliyin qorunması ilə uzlaşmasının mümkünlüyünü də göstərir. Ölkəmizdə formalaşmış multikulturalizm və dinlərarası dialoq ənənələri milli kimliyin mühüm xüsusiyyətlərindəndir. Bu təcrübə islamın mənəvi dəyərlərinin yalnız keçmişin yadigarı kimi deyil, sülhün, qarşılıqlı hörmətin və birgəyaşayışın təşviqinə xidmət edən canlı irs kimi dərk edilməsinə imkan yaradır.

Dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq tribunalardan islamofobiyanın müxtəlif təzahürlərinə qarşı ardıcıl və prinsipial çıxışlar etməsi, islam dininin terrorizm və ekstremizmlə eyniləşdirilməsinin yolverilməzliyini vurğulaması Azərbaycanın islam dünyası ilə həmrəyliyinin və dini ayrı-seçkiliyə qarşı mübarizəyə verdiyi töhfənin bariz ifadəsidir.

Məhz bu tarixi, mənəvi və siyasi zəmin Azərbaycan ilə islam dünyası arasında münasibətlərin inkişafı üçün əlverişli əsas formalaşdırmışdır. Ölkəmiz islam həmrəyliyini yalnız ümumi bəyanatlarla ifadə olunan prinsip kimi deyil, siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlıq vasitəsilə möhkəmləndirilməli olan ortaq məsuliyyət kimi qəbul edir. 

Bu baxımdan Azərbaycanın 1991-ci il dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsi xüsusilə mühüm əhəmiyyətə malik ictimai-siyasi hadisədir.


Azərbaycan-İslam Əməkdaşlıq Təşkilatı (İƏT) münasibətləri: qarşılıqlı dəstək və inkişaf edən tərəfdaşlıq


Müstəqilliyini bərpa etmiş post-sovet respublikaları arasında İƏT-ə ilk üzv qəbul olunan ölkə kimi Azərbaycan həmin dövrdən etibarən islam dünyası ilə münasibətlərini ardıcıl şəkildə inkişaf etdirmişdir. 2026-cı ildə üzvlüyümüzün 35-ci ildönümünün tamamlanması gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi məna daşıyır.

İƏT-in Azərbaycan üçün əhəmiyyəti təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ilə yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələlərində nümayiş etdirdiyi dəstəklə də bağlıdır. Təşkilat uzun illər ərzində ölkəmizin ərazilərinin işğalı ilə əlaqədar qəbul etdiyi qətnamələr və verdiyi bəyanatlarla Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləmişdir. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və sonrakı mərhələdə azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı İƏT-in nümayiş etdirdiyi həmrəylik də bu münasibətlərin mühüm istiqamətlərindən biri olmuşdur.

Azərbaycan da öz növbəsində İƏT-in mütərəqqi məqsədlərinin həyata keçirilməsinə, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə və islam dünyasının ümumi problemlərinin həlli istiqamətində birgə fəaliyyətə davamlı töhfə verməkdədir.

Ölkəmizin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi, həmin il IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi, Bakı, Naxçıvan və Şuşanın islam mədəniyyəti ilə bağlı beynəlxalq təşəbbüslərdə təmsil olunması bu yanaşmanın əyani nümunələrindəndir. 

İƏT ilə əməkdaşlığın miqyası bu gün siyasi və mədəni əlaqələrin hüdudlarını aşaraq daha geniş sahələri əhatə edir. İslam İnkişaf Bankı Qrupu ilə tərəfdaşlıq, təhsil sahəsində birgə təşəbbüslər, parlamentlərarası əlaqələr və yüksəksəviyyəli beynəlxalq tədbirlər Azərbaycanın təşkilat çərçivəsində fəal iştirakının yalnız bir hissəsidir. Çoxsaylı belə nümunələrdən biri kimi 2026-cı ilin iyununda Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının keçirilməsi də ölkəmizin islam dünyasında iqtisadi dialoq və əməkdaşlıq üçün mühüm platforma rolu oynamasını bir daha nümayiş etdirmişdir.

2027-ci ildə İƏT-in İslam Sammiti Konfransının 16-cı sessiyasının Azərbaycanda keçirilməsinin nəzərdə tutulması və ölkəmizin təşkilata sədrliyi üzərinə götürəcək olması isə bu əməkdaşlığın yeni və daha intensiv mərhələyə qədəm qoyacağını göstərir. 


Korrupsiyaya qarşı mübarizədə islam həmrəyliyi 


Korrupsiya universal xarakter daşıyan bir problem olsa da, onun təzahür formaları cəmiyyətlərin tarixi inkişafı, sosial münasibətləri, idarəçilik ənənələri və mədəni xüsusiyyətləri ilə sıx bağlıdır. İslam dünyasına daxil olan ölkələri birləşdirən ortaq tarixi və mədəni bağlar, eləcə də dövlətçilik və ictimai münasibətlər sahəsindəki müəyyən oxşarlıqlar korrupsiyanın ayrı-ayrı təzahürlərinin və onun doğurduğu problemlərin müqayisəli şəkildə öyrənilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan ortaq çətinliklərin birgə müzakirəsi, səmərəli milli təcrübələrin paylaşılması və uğurlu mübarizə mexanizmlərinin qarşılıqlı öyrənilməsi antikorrupsiya fəaliyyətinin daha məqsədyönlü və nəticəyönümlü qurulmasına xidmət edə bilər.

İslam Əməkdaşlıq Təşkilatının korrupsiyaya qarşı mübarizə sahəsində yaratdığı əməkdaşlıq mexanizmləri korrupsiya cinayətlərinin transmilli xarakteri ilə yanaşı, həm də məhz bu zərurətdən irəli gəlir. Burada ortaq mənəvi dəyərlər üzv dövlətləri birləşdirən mühüm amil olsa da, müasir çağırışların həlli üçün hüquqi öhdəliklərin, peşəkar əlaqələrin və praktiki əməkdaşlıq vasitələrinin inkişafı da həlledici əhəmiyyət daşıyır.

Bu istiqamətdə mühüm addımlardan biri də İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında əməkdaşlığı nəzərdə tutan Məkkə əl-Mükərrəmə Konvensiyasının qəbul edilməsi olmuşdur. Sənəd təşkilatın əhatə etdiyi coğrafi məkanda antikorrupsiya əməkdaşlığının hüquqi əsaslarının möhkəmləndirilməsinə və səlahiyyətli qurumlar arasında əlaqələrin daha sistemli xarakter almasına xidmət edir.

Konvensiyanın mahiyyəti ümumi niyyətlərin bəyan edilməsindən daha genişdir. Onun əhəmiyyəti korrupsiya cinayətlərinin araşdırılması zamanı məlumat mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, təcrübə paylaşımının və cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyənləşdirilməsi və bərpası  istiqamətində əməkdaşlığın gücləndirilməsinə imkan yaratmasındadır.

Bununla belə, hər bir beynəlxalq sənədin real təsiri onun müddəalarının milli hüquq sistemlərində həyata keçirilməsindən, müvafiq qurumların hazırlığından və dövlətlər arasında praktiki əməkdaşlığın səviyyəsindən asılıdır. Buna görə də konvensiyanın imkanlarından istifadə edilməsi və onun tətbiqinə yönəlmiş səylərin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.


İƏT-in antikorrupsiya gündəliyi və bu fəaliyyətdə Azərbaycan Respublikası Prokurorluğunun rolu 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizənin səmərəli təşkili Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin mühüm prioritetlərindən birini təşkil edir. 

Son illər bu siyasətin davamı olaraq, xüsusilə 2020-ci ildən etibarən qurumda həyata keçirilən sistemli islahatlar bu istiqamətdə institusional imkanların gücləndirilməsi ilə yanaşı, prokurorluğun milli hüquq-mühafizə mexanizmləri ilə beynəlxalq əməkdaşlıq arasında daha sıx və funksional əlaqə qurmasına da əlverişli zəmin yaratmışdır. Çünki müasir dövrdə korrupsiyaya qarşı mübarizənin effektivliyi yalnız cinayətlərin ölkə daxilində aşkar edilməsi və araşdırılması ilə deyil, həm də sərhədləri aşan cinayətkarlıq fəaliyyətinə qarşı çevik reaksiya verilməsi, eləcə də dövlətlər arasında qarşılıqlı hüquqi yardımın səmərəli təşkili ilə müəyyən olunur. 

Məhz bu yanaşmadan çıxış edən milli prokurorluq orqanları ibtidai istintaq, qanunların icrasına nəzarət və dövlət ittihamının müdafiəsi sahəsindəki əsas fəaliyyətini beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə üzrə qlobal təşəbbüslərdə fəal iştirakla tamamlayır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları ilə əməkdaşlığın inkişafı da məhz bu yanaşmanın təzahürüdür. 

İƏT çərçivəsində hər iki ildənbir korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının yüksəksəviyyəli görüşlərinin keçirilməsi üzv dövlətlərin bu sahədə əməkdaşlığını dərinləşdirmək məqsədinə xidmət edir. İlk belə görüş 2022-ci il dekabrın 20-21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş, Məkkə əl-Mükərrəmə Konvensiyasının qəbulu ilə nəticələnən proses təşkilatın antikorrupsiya gündəliyinin müsbət mənada dönüş nöqtəsinə  çevrilmişdir.

Bu təşəbbüs korrupsiyaya qarşı mübarizənin yalnız ayrı-ayrı ölkələrin daxili məsələsi olmadığını, üzv dövlətlərin birgə fəaliyyətini tələb edən ümumi problem kimi qəbul edildiyini göstərirdi. Ciddədə formalaşan siyasi və institusional xətt sonrakı illərdə daha konkret əməkdaşlıq mexanizmlərinin inkişafı üçün zəmin yaratdı.

2024-cü il noyabrın 26-27-də Qətərin paytaxtı Dohada keçirilmiş ikinci yüksəksəviyyəli görüş həmin prosesin davamı oldu. Görüşdə Məkkə əl-Mükərrəmə Konvensiyasının təşviqi, korrupsiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Doha görüşünün mühüm nəticələrindən biri 21 üzv dövlətin konvensiyanı imzalaması oldu. Bu addım sənədə verilən siyasi dəstəyin və İƏT çərçivəsində antikorrupsiya tərəfdaşlığının əhəmiyyətli göstəricisi idi.

Ciddə və Doha görüşləri göstərdi ki, təşkilat daxilində korrupsiyaya qarşı mübarizə üzrə ayrıca dialoq platformasının yaradılması üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi üçün real imkanlar açır. 

Xüsusilə vurğulayaq ki, Dohada keçirilən həmin mötəbər görüşün əsas nəticələri sırasına həm də Azərbaycanın İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumları rəhbərlərinin Bürosunun sədr müavini seçilməsi, habelə üçüncü belə yüksəksəviyyəli görüşün 2026-cı ildə ölkəmizdə keçirilməsinin yekdilliklə qərara alınması da daxil idi.

Cari il oktyabrın 27-28-də Bakıda keçiriləcək bu mühüm əhəmiyyətli görüş Azərbaycanın İƏT çərçivəsində fəal iştirakının, antikorrupsiya əməkdaşlığına verdiyi önəmin və beynəlxalq hüquqi əlaqələrin inkişafına dəstəyinin ifadəsidir. Eyni zamanda bu tədbir ölkəmizin islam dünyası ilə münasibətlərində tarixi-mədəni həmrəyliyin konkret olaraq hüquqi əməkdaşlıq fəaliyyəti müstəvisində möhkəmləndirilməsi baxımından da əlamətdardır.

Azərbaycan Respublikası Prokurorluğunun İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları ilə imzaladığı saziş və memorandumlar, qarşılıqlı-təlim səfərləri və digər bu kimi istiqamətlər üzrə qurduğu sıx əməkdaşlıq əlaqələri ilə yanaşı, qurumun beynəlxalq tədbirlərin təşviqi və təşkilinə dair zəngin təcrübəsi də bu qərarın dəstəklənməsinə rəvac vermişdir. 

Bununla yanaşı, 2022-ci ildə Ciddə, 2024-cü ildə Doha şəhərlərində keçirilmiş hər iki yüksəksəviyyəli görüşdə ölkəmizi təmsil etmiş Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev ölkəmiz adından Məkkə əl-Mükərrəmə Konvensiyasının qəbul edilməsi təşəbbüsünü ilkin mərhələdən dəstəkləndiyini ifadə etmişdir. 


İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin 3-cü Yüksək Səviyyəli Görüşü Bakıda keçiriləcək


İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin 2026-cı il oktyabrın 27-28-də Bakıda keçiriləcək 3-cü Yüksək Səviyyəli Görüşünə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə yerli təşkilat komitəsi yaradılmışdır. Komitənin qarşısında duran əsas vəzifələrdən biri tədbirin yüksək səviyyədə təşkilini təmin etməklə yanaşı, onun məzmun baxımından səmərəli keçirilməsinə, İƏT üzv dövlətləri arasında antikorrupsiya əməkdaşlığının inkişafına və Azərbaycanın bu sahədəki təcrübəsinin beynəlxalq tərəfdaşlara çatdırılmasına töhfə verməkdir.

Əvvəlki illərdə Azərbaycan Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Bakıda keçirilmiş nüfuzlu beynəlxalq tədbirlər zamanı qazanılmış təcrübə hazırkı görüşə hazırlıq prosesində də nəzərə alınır. Belə ki, ötən ilin may ayında 300-dən artıq xarici nümayəndənin iştirak etdiyi BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) 6-cı Plenar İclası və İdarəetmə Komitəsinin 10-cu Görüşü, 2024-cü ildə COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksəksəviyyəli sessiya, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci İclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı bu baxımdan əhəmiyyətli təcrübə formalaşdırmışdır. Həmin tədbirlərin peşəkar səviyyədə təşkili Azərbaycan Prokurorluğunun beynəlxalq tədbirlərin hazırlanması və keçirilməsi sahəsində institusional imkanlarını nümayiş etdirməklə yanaşı, yeni təşəbbüslərin reallaşdırılması üçün də əlverişli zəmin yaratmışdır.

Baş prokurorun müəyyən etdiyi istiqamətlər üzrə yerli təşkilat komitəsi tərəfindən həyata keçirilən hazırlıq işləri tədbirin beynəlxalq səviyyədə tanıdılması, peşəkar proqramının məzmun baxımından zənginləşdirilməsi, ikitərəfli və çoxtərəfli görüşlərin təşkili, habelə xarici iştirakçıların ölkəmiz haqqında məlumatlandırılması istiqamətlərini əhatə edir. Bu çərçivədə Azərbaycan Respublikasının hüquq sistemi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, rəqəmsallaşma təşəbbüsləri və digər aktual mövzular üzrə informativ materiallar hazırlanmış, milli tariximizin və mədəniyyətimizin təbliğinə xidmət edən sosial proqram formalaşdırılmışdır. Belə yanaşma tədbirin yalnız rəsmi müzakirələr üçün platforma kimi deyil, həm də ölkəmizin institusional təcrübəsinin, tarix və mədəniyyətinin beynəlxalq iştirakçılara təqdim olunması baxımından əhəmiyyətini artırır.

Hazırlıq prosesi çərçivəsində 2026-cı ilin iyun ayında İƏT nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdur. Səfər zamanı iyunun 17-də baş prokuror Kamran Əliyev ilə İƏT baş katibinin müavini Yousef Aldobeay arasında keçirilən görüşdə qarşıdakı tədbirin təşkili və məzmunu ilə bağlı məsələlər müzakirə edilmişdir. İyunun 19-da isə baş prokurorun müavini, yerli təşkilat komitəsi ilə Yousef Aldobeayın başçılıq etdiyi İƏT nümayəndə heyəti arasında geniştərkibli görüş keçirilmişdir. Görüş zamanı hazırlıq prosesinin ayrı-ayrı istiqamətləri müzakirə edilmişdir. 

Hazırda yerli təşkilat komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq, İƏT Katibliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində tədbirin təşkilati məsələləri üzrə işlər davam etdirilir. Nəqliyyat, kommunikasiya, təhlükəsizlik, qeydiyyat, iştirakçıların qarşılanması və digər istiqamətlər üzrə hazırlıq tədbirləri görüşün proqramına uyğun şəkildə yerinə yetirilir.

Bakıda keçiriləcək 3-cü Nazirlər Görüşü haqqında ətraflı məlumatla tədbirin rəsmi internet səhifəsində tanış olmaq mümkündür: https://oic2026baku.com/

Qeyd edək ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. İştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək-vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır. Bu təmsilçilik səviyyəsi görüşün İƏT məkanında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli beynəlxalq platforma olduğunu göstərir.

İkigünlük tədbirin ilk günü olan 27 oktyabr tarixində iş proqramının müzakirəsi, qətnamə layihələrinə baxılması, habelə müvafiq sənədlərin razılaşdırılması və digər bu kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Növbəti gün isə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanlarının rəhbərlərinin, habelə beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcəkdir. Günün yekununda qətnamə layihələrinin və görüşün yekun hesabatının qəbul edilməsi planlaşdırılır. 

Tədbir çərçivəsində həmçinin ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və müvafiq razılaşmaların əldə olunması da nəzərdə tutulur. Belə görüşlər iştirakçı dövlətlərin hüquq-mühafizə qurumları arasında birbaşa əlaqələrin qurulması, praktiki məsələlərin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlavə imkanlar yaradılmasına xidmət edir.

Əminliklə qeyd etmək olar ki, Azərbaycanın evsahibliyi edəcəyi bu mötəbər beynəlxalq tədbir ölkəmizin antikorrupsiya əməkdaşlığının inkişafına verdiyi töhfənin növbəti ifadəsi olacaqdır. Bakı görüşü bir tərəfdən İƏT üzv dövlətləri arasında qarşılıqlı etimadın və institusional əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək, digər tərəfdən isə beynəlxalq sənədlərdə və siyasi bəyanatlarda ifadə olunan birgə mübarizə iradəsinin praktik əməkdaşlıq mexanizmlərinə çevrilməsi üçün yeni imkanlar yaradacaqdır. 


Heydər MƏMMƏDOV,

Azərbaycan Respublikası baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir  

17:11
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!