Son illərdə dünya nizamında baş verən kəskin geosiyasi dəyişikliklər, münaqişə ocaqlarının alovlanması və beynəlxalq hüquq mexanizmlərinin təsirini itirməsi fonunda Azərbaycan sabitlik və təhlükəsizlik məkanı kimi diqqət çəkir. Ölkəmizin müstəqil xarici siyasət yürütməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində, eləcə də Avropanın enerji təhlükəsizliyində strateji rol oynaması geosiyasi xəritədə mövqeyimizi möhkəmləndirib. Bu gün Azərbaycanın orta gücə çevrilməsi beynəlxalq səviyyədə də etiraf olunan gerçəklikdir.
Mili-mənəvi və multikultural dəyərlər, dini inanclar hədəf alınır
Lakin ölkəmizin müstəqil siyasəti və regional liderliyi heç də bütün xarici dairələrin maraqlarına cavab vermir. Azərbaycanın daxilində fiziki, siyasi və ya iqtisadi sabitliyi birbaşa pozmaq imkanlarının olmadığını görən xarici təzyiq mərkəzləri indi hibrid müharibə metodlarına əl atırlar. Bu gün Azərbaycana qarşı həyata keçirilən təhdidlər daha çox rəqəmsal məkana, cəmiyyətin düşüncə sisteminə və ideoloji dayaqlarına yönəlib.
Ölkəmizə yönəldilən hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanatda da bu reallıqlar xüsusi vurğulanıb: “Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb. Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir”.
Hibrid hücumların ən kəskin vasitəsi əlaqələndirilmiş informasiya əməliyyatları və kiberhücumlardır. Bu fəaliyyət müasir texnologiyaların, sosial şəbəkə alqoritmlərinin və bot şəbəkələrinin imkanlarından maksimum istifadə etməklə idarə olunur. Məqsəd cəmiyyətdə etimadı sarsıtmaq, dövlət qurumlarına olan inamı zəiflətmək və sosial qütbləşmə yaratmaqdır.
Milli Məclisin komissiyasının sözügedən bəyanatında bu texnoloji manipulyasiyanın pərdəarxası mexanizmi açıqlanıb. Bildirilib ki, aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır: “Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar”.
Bu yanaşma göstərir ki, kütlələri idarə etmək üçün artıq açıq təbliğat aparılmır. İstifadəçilər fərqində olmadan alqoritmlər vasitəsilə hissiyyata və emosiyalara hesablanmış zərərli məzmunların halqasına salınır, bu isə müəyyən mexanizm vasitəsilə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.
Milli strateji güc və yenilməz birliyimiz
İnformasiya hücumlarının digər təhlükəli istiqaməti xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini, dini inanclarını və multikultural mühitini hədəf almaqdır. Xarici mərkəzlərdən idarə olunan və müstəqil görünən azərbaycandilli resurslar cəmiyyətə yad ideologiyaları doğru yol kimi təqdim etməyə, etnik və ya dini zəmində qırılma xətləri yaratmağa cəhd edirlər.
Bu resursların nə üçün və hansı niyyətlə yaradıldığına Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında çox dəqiq şəkildə aydınlıq gətirib: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur”.
Dövlətimizin başçısı əlavə edib ki, o faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır: “Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün”.
Bu baxımdan, rəqəmsal məkanda rast gəldiyimiz hər bir azərbaycandilli informasiya mənbəyinə tənqidi yanaşmaq, xüsusilə emosional qıcıqlandırıcı xəbərlərin mənbəyini araşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilir.
Azərbaycan dövləti həm fiziki, həm də ideoloji müstəvidə ona yönələn hər bir təzyiqə çevik və adekvat cavab vermək gücünə malikdir. Müasir dövrdə ideoloji təhlükəsizlik fiziki sərhədlərin qorunması qədər vacibdir, çünki ideoloji risklər coğrafi sərhəd tanımır və birbaşa ölkənin daxilinə istiqamətləndirilir.
Dövlətimizin bu hücumlar qarşısında tutduğu qətiyyətli mövqe və müdafiə xətti Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında da öz əksini tapıb: “Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.
Hibrid hücumların və ideoloji təxribatların dəf edilməsində iki təməl sütun müstəsna əhəmiyyət kəsb edir. Təhsil və milli vətənpərvərlik ruhu. Təhsil və yüksək informasiya savadlılığı cəmiyyəti media çirkliliyindən qoruyur. Savadlı, tənqidi təfəkkürə malik və faktları yalandan ayıra bilən vətəndaş heç vaxt zəhərli ideologiyaların, bot şəbəkələrinin və xarici mərkəzlərin manipulyasiya alətinə çevrilmir.
Hər şeydən ümdəsi isə, sarsılmaz xalq-dövlət birliyi və tarixi Zəfərimizdən doğan milli qürur hissi bu psixoloji hücumlar qarşısında keçilməz bir qalxandır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri zamanı öz həmrəyliyini, iradəsini və dövlətinə olan sonsuz inamını bütün dünyaya sübut etdi. Bu sarsılmaz birlik xarici güclərin cəmiyyət daxilində çat və ya nifaq yaratmaq cəhdlərini hər dəfə boşa çıxarır.
Rəqəmsal era və süni intellekt texnologiyalarının inkişafı hibrid təhdidlərin formasını, alətlərini və miqyasını daim dəyişir. Artıq cəbhə xətti təkcə sərhədlərimizdən keçmir, hər bir vətəndaşın informasiya sahəsindəki seçimi, rəqəmsal məkandakı davranışı da müdafiə sistemimizin bir hissəsinə çevrilib.
Bu mürəkkəb geostrateji şəraitdə milli maraqlara söykənən müstəqil xarici siyasət, güclü dövlət təsisatları və vətənpərvər cəmiyyət Azərbaycanın suverenliyinin, əmin-amanlığının və gələcək inkişafının ən möhkəm zəmanətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və xalqımızın sarsılmaz iradəsi bir daha göstərir ki, dövlətimizə qarşı yönələn hər bir gizli və ya açıq hibrid həmlə cavabsız qalmayacaq və milli həmrəyliyimiz qarşısında mütləq məğlubiyyətə məhkumdur.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”