Dil xalqın yaddaşı, tarixinin aynası, gələcəyə ötürdüyü ən qiymətli mirasdır. Hər hərfin arxasında bir söz, hər sözün içində isə bir xalqın düşüncəsi, ruhu və dünyagörüşü yaşayır. Özbəkistanda latın qrafikalı özbək əlifbasının təkmilləşdirilməsi ilə bağlı qanunun imzalanması da məhz bu baxımdan diqqət çəkir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikalı özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb. “Press.uz” yazır ki, bu barədə Prezidentin köməkçisi Səidə Mirziyoyeva məlumat verib. Uzun müddətdir müzakirə olunan təşəbbüs yazıda mövcud qrafik çətinliklərin aradan qaldırılmasını, dilin müasir texnologiyalara uyğunlaşdırılmasını və gənclər arasında yazı savadlılığının artırılmasını nəzərdə tutur.
Qanunun oktyabrın 21-də – Özbək Dili Günündə imzalanması hadisəyə xüsusi rəmzi məna qazandırır. Milli kimliyin əsas dayaqlarından biri olan dilə həsr edilmiş bu gündə əlifbanın yenilənməsi məsələsinin rəsmiləşdirilməsi yazı mədəniyyəti ilə milli yaddaş arasındakı bağlılığı bir daha ön plana çıxarır. Səidə Mirziyoyeva bildirib ki, əlifbanın təkmilləşdirilməsi məsələsi uzun illər mübahisələrə səbəb olub. O, 2023-cü il dekabrın 11-də cədidlərin irsinə həsr olunmuş konfransda bu təşəbbüsü irəli sürərək müzakirələrə son qoymağın vaxtının çatdığını vurğulayıb.
Yenilik, amma tələsmədən
Əlifbanın dəyişməsi yalnız hərflərin formasına toxunan texniki məsələ deyil. Bu, məktəbdə yazılan ilk cümlədən tutmuş rəsmi sənədlərə, küçə lövhələrindən elektron axtarış sistemlərinə qədər geniş bir sahəni əhatə edir. Buna görə də Özbəkistanda keçidin mərhələli və yumşaq şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Yeni qaydalar vətəndaşların gündəlik həyatında əlavə çətinliklər yaratmamağı da hədəfləyir. Mövcud pasportlar, doğum haqqında şəhadətnamələr, diplomlar, kadastr sənədləri, hüquqi aktlar, milli valyuta – sum və qiymətli kağızlar qüvvədə qalacaq. Başqa sözlə, əlifbanın yenilənməsi insanları sənədlərini təcili dəyişməyə məcbur etməyəcək.
Dərsliklər və metodik vəsaitlər yeni qrafikaya tədricən uyğunlaşdırılacaq. Küçə nişanları, dövlət qurumlarının adları və digər yazılı göstəricilər isə əsasən mövcud lövhələr köhnəldikcə və ya obyektlər yenidən qurulduqca dəyişdiriləcək. Beləliklə, yenilənmə gündəlik həyatın ritmini pozmadan, zamanın axarı ilə həyata keçiriləcək.
Əlifbadan rəqəmsal dünyaya
Müasir dövrdə dilin ömrü yalnız kitabların səhifələrində və məktəb lövhələrində ölçülmür. O, rəqəmsal platformalarda, internet axtarışlarında, elektron sənədlərdə və yeni texnologiyalarda da yaşayır. Əlifbanın təkmilləşdirilməsi də özbək dilinin bu mühitdə daha rahat istifadəsinə şərait yaratmaq məqsədi daşıyır.
İslahatın əsas istiqamətlərindən biri qrafik yazıdakı çətinlikləri azaltmaq, yazılı ünsiyyəti asanlaşdırmaq və dilin müasir texnoloji standartlarla uyğunluğunu gücləndirməkdir. Bununla yanaşı, dərsliklərin yenilənməsi və yeni yazı qaydalarının mənimsənilməsi müəyyən vaxt və ardıcıl yanaşma tələb edəcək.
Özbəkistanda qəbul edilən bu qərar dilin dəyişən dünyanın tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Çünki əlifba yalnız səsləri işarələyən simvollar toplusu deyil. O, düşüncənin yazıya çevrildiyi, yaddaşın qorunduğu və biliklərin nəsildən-nəslə ötürüldüyü körpüdür.
Bu körpünün dayaqları möhkəm olduqda dil həm öz tarixi köklərini qoruyur, həm də gələcəyin rəqəmsal dünyasında özünə yer açır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”