17 Oktyabr 2026 08:20
513
SİYASƏT
A- A+
Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 


Dövlət müstəqilliyi uğrunda mübarizə bütün dövrlərdə Azərbaycan xalqının şərəf işi olub. Bu, öz varlığını, vətənini, milli kimliyini göz bəbəyi kimi qorumağın ən böyük tarixi nümunəsidir. Müstəqil bir dövlətə sahiblik bütün insanlar üçün misilsiz dəyərdir. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi, nəsillərdən-nəsillərə ötürülən dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. Dövlət müstəqilliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. 

Ötən 35 ildə müstəqilliyimiz ağır, məşəqqətli sınaqlardan çıxdı, daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəmizi hətta vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altına qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü. 

Baş verənlər bir daha göstərdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Ona görə də 1991-1992-ci illər itirilmiş imkanlar dövrü kimi yaddaşlarda qaldı. Lakin zamanında Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni istiqamətdə atılmış tarixi addımlar  müstəqilliyimizin əbədiliyinə, daimiliyinə, dönməzliyinə təminat verdi. Bütün bunlar xalq olaraq öz həyatımızı arzuladığımız kimi qurmağımıza, ulularımızdan gələn qədim ənənələrimizə, dəyərlərimizə qloballaşma dövründə sahib çıxmağımıza, dövlətimizi getdikcə daha da möhkəmləndirməyimizə geniş şərait yaratdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazandı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi.

2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" yeni qanun imzaladı. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu gün ölkəmiz həmin tarixi hadisələri ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qüdrətli bir dövlət kimi qürurla qeyd edir.


Ağır illər, itirilmiş imkanlar


Prezident İlham Əliyev həmin dövr - müstəqilliyin ilk illəri haqqında çıxışlarında müəyyən məqamları xüsusi vurğulayırdı: "Hələ 1990-cı ildə Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən, bütün bu addımlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".

Ümummilli Lider Heydər Əliyev xalqın çağırışı ilə həmin ağır vaxtlarda Bakıya dönməklə ilk növbədə ölkəni məhvolma təhlükəsindən qurtardı. 1993-cü - dönüş ilin iyun ayında Ulu Öndər Ali Sovetin Sədri seçildi və vəziyyət sabitləşməyə, sonra isə  inkişafa doğru dəyişməyə başladı. Oktyabrın 3-də umumxalq səsverməsi ilə Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Tarixə obyektiv münasibət naminə onu da qeyd edək ki, 1918-ci ildən fərqli olaraq 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasını elan edən müttəfiq respublikalar arasında birincilər sırasında olmadı. Həmin dövr ölkədə baş verən daxili çəkişmələr, xaos mühiti, məsələlərə fərqli baxışların olması, ən əsası isə Azərbaycanın işğalçı Ermənistan tərəfindən hərbi münaqişəyə cəlb edilməsi bu prosesi müəyyən qədər yubatdı. Azərbaycan öz dövlət müstəqilliyini elan edən keçmiş müttəfiq respublikalar arasında sayca 13-cü oldu. Prezident İlham Əliyev 10 il əvvəl Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı bu fakt haqqında demişdir: "Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi".

Bu faktın özü də onu göstərir ki, qətiyyətli lider amili, vəziyyəti aydın görüb prosesləri xalqın maraqlarına uyğun şəkildə düzgün yönəltməyi bacaran rəhbərin xalqının  önündə addımlaması, məsuliyyəti üzərinə götürməsi və tarixi qərarlar verməsi bu məqamda çox həlledicidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində belə bir liderə ehtiyac vardı və həmin lider Ulu Öndər Heydər Əliyev idi. 

Təəssüflə qeyd edək ki, o zaman Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ərəfəsində Heydər Əliyevin siyasi proseslərdə fəal iştirakına çox ciddi maneələr vardı. Bu maneəni həm imperiya rəhbərləri, həm də o dövr Azərbaycanın siyasi meydanında söz sahibi olmağa çalışan təsadüfi adamlar yaradırdılar. Çünki onlar Heydər Əliyevin gücünü də, xalqın ona sonsuz rəğbətini də yaxşı bilirdilər. Anlayırdılar ki, əgər Heydər Əliyev siyasi meydanda olsa, xalq dövlətçilik təcrübəsinə, dəmir iradəsinə, qətiyyətinə, Azərbaycan sevgisinə dərindən bələd olduğu Ulu Öndəri qoyub siyasətdə, dövlət idarəçiliyində adı çəkilməyən naşı insanların ardınca getməyəcək. Ona görə də hər vəchlə Heydər Əliyevə mane olmağa çalışırdılar, imkanlarını məhdudlaşdırırdılar. Bununla belə, Ümummilli Lider ən çətin şəraitlərdə də cəsarətli addımları ilə maneələri aradan qaldırır, xalqımıza öz mövqeyi ilə düzgün yol göstərir, müstəqillik yolunu nişan verirdi.


Azərbaycançılıq  ideologiyası və böyük Zəfər


Ümummilli Lider o dövrdə müstəqil dövlətin milli ideologiyasını yaratdı - azərbaycançılıq təlimini dövlətçilik ideologiyasına çevirdi. Heydər Əliyev  mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. 

Ulu Öndərin azərbaycançılıq təlimi "xalqın milli varlığını müəyyən edən başlıca amildən" ana dilinə - Azərbaycan dilinə münasibətdən başlanır: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir" - deyirdi. Dil xalqın böyük sərvətidir. Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi-mənəvi əsaslara istinad edirdi. Bu təlim müstəqil dövlətçiliyin ideologiyasına çevrildikdən sonra böyük siyasi prioritetləri olan idarəçilik gücü kəsb etdi.

Müstəqilliyin əsasında milli özünüdərk konsepsiyası dayanır. Milli özünüdərk prosesindən keçməyən, milli özünüdərkə nail olmayan xalq müstəqil ola bilməz. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edir: "1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi".

1993-2003-cü illərdə Azərbaycan sosial-iqtisadi islahatlar və ictimai-siyasi sabitlik  dövrünü yaşadı. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açıldı. 2003-cü ildə xalqımız ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə tarixi qərarını verdi, Ulu Öndərin "Mən ona özüm qədər inanıram" əminliyinə söykənərək Azərbaycanın gələcəyini dövlətimizin başçısı İlham Əliyevə etibar etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməsi Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir.


Müstəqil siyasət - güclü dövlət


Dünyada gedən proseslər göstərir ki, müstəqilliyini illər əvvəl bəyan etmiş ölkələrin öz yoluna ardıcıl davam edə bilməsi heç də asan olmamışdır. Bu gün bir çox ölkələrin müstəqilliyi formal xarakter daşıyır, reallıqda isə hansısa ölkələrin iqtisadi-siyasi, mədəni asılılğındadır. Yaxud öz istiqlalına nail olub müstəqil həyatını qurmaq istəyən ölkələrdən böyük güclərin öz maraqları naminə istifadə etməsi, onların başı üzərində təhlükəli oyunlar qurmağa çalışması da göz önündədir. Əfsuslar olsun ki, bütün bunlar dəhşətli müharibələrlə, xalqların fəlakəti, yüz minlərlə insanın faciəsi ilə nəticələnir. Belə bir zamanda Azərbaycan bütün dünyada sabitlik, təhlükəsizlik məkanı kimi tanınmaqdadır. 

Azərbaycan bu gün qlobal enerji-kommunikasiya sistemlərinin əsas mərkəzlərindən birinə çevrilib. Respublikamız bütün dünyada mədəniyyətlər arasında dialoq, multikulturalizm məkanı kimi tanınır. Beynəlxalq arenada ölkəmizin nüfuzu getdikcə güclənir, dövlətimizin sözü eşidilir, hörmətlə qarşılanır. Bu nailiyyətlərin hər biri məhz Azərbaycan rəhbərliyinin yürütdüyü müstəqil siyasət sayəsində mümkün olub. 

Hazırda müstəqil siyasət Azərbaycan üçün sadəcə inkişaf yolu deyil, eyni zamanda milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz bütün istiqamətlərdə bu prioriteti nəzərə alır. Son illər cəmiyyət həyatının bütün önəmli sahələri üzrə aparılan dinamik islahatlar da bunun bir təzahürüdür. Aparılan köklü dəyişikliklərlə Azərbaycan tərəqqi və təkamül yolu keçərək yeni şəraitə uyğunlaşır. Siyasi uğurlarına yol açır, cəmiyyətimizi daha da səfərbər edir, vətəndaş həmrəyliyini, xalq-hakimiyyət birliyini möhkəmləndirir, təhlükəsizlik mühiti yaradır. Nəticədə daxili siyasətin davamı kimi xarici siyasət istiqamətində də Azərbaycanın addımları daha dayanıqlı xarakter daşıyır. 

Azərbaycan Prezidenti İlham Əliyev coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına uyğun olaraq çevik şəkildə davam etdirir. Milli dövlətçilik maraqlarımızın müdafiəsi cənab İlham Əliyevin apardığı siyasətin əsas qayəsidir. Coğrafi miqyas baxımından böyük olmasa belə, Azərbaycan məhz bu siyasət sayəsində sözünün çəkisi, etibarlı tərəfdaş imici ilə qlobal proseslərin əhəmiyyətli iştirakçılarından birinə çevrilib. 

Azərbaycan Prezidentinin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri, əslində, sadəcə söz deyil, ölkəmizlə hansısa məqamlarda tərəfdaşlıq etmiş hər kəsin əmin olduğu həqiqətdir. Ölkələrə də, dünya liderlərinə də, beynəlxalq təşkilatlara da bəllidir ki, Azərbaycan öz milli maraqlarını nəzərə almaqla verdiyi istənilən sözü tutacaq, bütün vədlərə, üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalacaq, xalqımızın maraqlarına zidd hər hansı anlaşmalara isə Azərbaycanı razı salmaq sadəcə olaraq mümkün deyil. Bu qətiyyət, iradə xalqın öz Liderinə olan dəstəyindən irəli gəlir. 

Bu gün Azərbaycanın fəal liderliyi ilə regionda yaranan yeni reallıqlar müstəqil dövlətçilik kursunun hər bir ölkə və xalq üçün ən böyük dəyər olduğunu göstərir və dövlətimizin yeni uğurlarına zəmin yaradır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!