Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə rayon və hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmasını, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyətini vurğulayıb, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı bütün bunların nəticəsi olaraq Azərbaycanın böyük inkişaf yolu keçdiyini, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmləndiyini, iqtisadi potensialının artdığınıı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu xüsusi olaraq qeyd edib.
Prezident cənab İlham Əliyevin qurultaydakı nitqinin yeni tarixi mərhələdə Azərbaycanın qarşısında duran strateji hədəfləri, dövlət siyasətinin əsas prioritetlərini və qarşıdakı dövrdə həyata keçirilməli olan mühüm vəzifələrini özündə əks etdirdiyini diqqətə çatdıran natiq gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərin qorunması, onların təhsilinə və inkişafına diqqətin artırılması, dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılması və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Vətən müharibəsi iştirakçısı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Vüqar Qələşov, veteran təhsil işçisi, Əməkdar müəllim Hüsniyyə Zeynalova və "Neftçala-Gündoğar" qəzetinin redaktoru Bədirə Niftalıyeva Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində milli birliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinə sədaqətin müstəsna rolunu, gənc nəslin Vətən qarşısında məsuliyyət ruhunda yetişdirilməsini, təhsil və maarifləndirmə vasitəsi ilə cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsini, bu istiqamətdə bütün ictimai qüvvələrin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Seyran CAVADOV,
“Azərbaycan”