O, dünyanın hansı ölkəsində olubsa, tamaşaçılarının böyük məhəbbətini qazanıb, fantastik musiqi duyumu, fenomenal yaddaşı ilə şedevr əsərlərin bənzərsiz ifasını yaradıb, adı ən görkəmli, məşhur dirijorlar sırasında çəkilib, hamını məftun edən qüdrətli sənətkar olub.
Hacıbəyovlar nəsli Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Əsasən musiqi sahəsində parlayan bu möhtəşəm sənətkarlar zirvələrə ucalmış, ölkəsinin, millətinin təəssübünü çəkmiş, əməlləri ilə bütün bəşəriyyətə xidmət etmişlər. Maestro Niyazi bu tanınmış ailənin layiqli nümayəndələrindəndir.
O, Azərbaycanın və SSRİ-nin Xalq artisti idi, SSRİ dövlət mükafatına, iki dəfə Lenin ordeninə layiq görülmüşdü. İki dəfə Stalin və Beynəlxalq Nehru mükafatları laureatı olmuşdu. Dövrünün ən yüksək fəxri adlarından sayılan Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Sovet İttifaqının bir çox digər mükafatı ilə yanaşı, xarici ölkələrin orden və medalları ilə də təltif edilmişdi. İsminin qarşısındakı fəxri adların, mükafatların, titulların dəyərini, əhəmiyyətini zərrə qədər də kiçiltmədən onu hamı və hər yerdə bir adla tanıyır və bir adla çağırırdı - Maestro Niyazi!
Niyazi Tağızadə əslən şuşalı idi. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olmuşdu. Anası Böyükxanım isə ixtisasca həkim idi.
Qəribə taleli insan olub Niyazi. Çoxları onun dahi Üzeyir bəy Hacıbəylinin qardaşı oğlu olduğunu heç bilməyiblər. Çünki Tağızadə soyadını daşıyıb. Bunun da öz tarixçəsi var. Tağızadə Niyazinin anası Böyükxanımın soyadıdır. Yeganə dayısı, inqilabçı Heydərəli qətlə yetiriləndən sonra Böyükxanım onun soyadını götürüb ki, xatirəsini yaşatsın. Niyazi də bu seçimi edib. Bir çox yerlərdə onun soyadı sənədlərdə Tağızadə-Hacıbəyov kimi göstərilib.
O, məhz musiqiçi olmalı idi
Niyazi kiçik yaşlarından əmisi Üzeyir bəyin və o dövrün görkəmli ədəbiyyat, incəsənət xadimləri Müslüm Maqomayevin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Nəcəf bəy Vəzirovun, Hüseyn Cavidin və başqalarının əhatəsində böyüyüb. Uşaq ikən hərbçi olmağı arzulayıb. Kadet məktəbində oxuyub. İdmana da həvəs göstərib.
Bütün bunlar dahi maestronu əsas məqsədə, böyük qələbələrə çatdıran yolun başlanğıcı idi. Niyazi məhz musiqiçi olmalı idi. İrsi olaraq ona verilmiş istedad, milyonlarla tamaşaçını valeh edən dirijor məharəti, musiqiçi kimi ailə ənənəsini davam etdirmək bacarığı Niyazinin qisməti idi.
O, ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbin skripka sinfində alır. Yeniyetmə ikən atasının və əmisinin tövsiyəsi ilə Moskvada Mixail Qnessinin bəstəkarlıq sinfində təhsilini davam etdirir. 1929-1930-cu illərdə Leninqrad (Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda oxuyur. Lakin Leninqradın havası ona düşmədiyindən texnikumu bitirə bilmir.
Q.Ropovun, R.Ryazanovun, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən gənc Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. Həmin dövrdə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələri olan “Rast”ı və “Şur”u nota köçürür. 1930-cu illərdə Niyazi Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Üzeyir bəyin “Arşın mal alan” əsərlərinin yeni redaksiyalarını hazırlayır, “Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və digər Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyir.
1937-ci ildə Niyazi artıq M.F.Axundzadə adına Opera və Balet Teatrında dirijor kimi çalışmağa başlayır. İlk böyük müvəffəqiyyətini 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri” zamanı çıxış edərkən qazanır. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək bu əsərlərin müəlliflərinə bir daha uğurlar gətirir və özü də şöhrətlənir. Yeri gəlmişkən, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi edir.
1934-cü ildə “Zaqatala süitası”nı yazan maestro 1944-cü ildə artıq ikihissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini tamamlayır. Ümumiyyətlə, Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayır. 1949-cu ildə yazdığı “Rast” simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilinin əlvanlığı və dolğunluğu ilə seçilir.
1946-cı ildə Niyazi gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. Maestronun cavanlıq illərindən başlayaraq ömrünün sonunadək davam edən belə uğurları saysız-hesabsızdır.
Şedevrlər yaradan sənətkar
O, sadəcə dirijor deyildi. Əsl sənət fədaisi kimi bütün qəlbi musiqi ilə döyünürdü. Niyazi işlədiyi əsəri varlığı ilə duyub onu öz daxili dünyasında yaşadandan sonra pult arxasına keçirdi. İfaçılardan da bunu tələb edir, orkestrlə möhkəm bir mənəvi vəhdət yaradırdı. Sanki bütün orkestr maestronun bu sənət sevgisindən güc və ilham alırdı. Aləmə möhtəşəm musiqilər yayılırdı...
Üzeyir bəyin “Koroğlu” operası, eləcə də digər Azərbaycan bəstəkarlarının bir çox dəyərli əsərləri dünya musiqisinin qızıl fonduna məhz Niyazinin yozumunda daxil olmuşdur. P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Barodinin “Knyaz İqor”, C.Bizenin “Karmen”, C.Puççininin “Bohema”, B.Smetananın “Satılmış gəlin” operalarını tamaşaya Niyazi hazırlamışdır. Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri də bu sıradadır.
Niyazi fövqəladə istedada malik əvəzsiz sənətkar idi. O, dirijor pultu arxasında dayananda və məşhur “Koroğlu”dan üvertüra səslənəndə tamaşaçının gözü qarşısında bir mübarizə, bir savaş, vətənpərvərlik ruhu canlanırdı. Orkestr sanki qəhrəmanlıq dolu bir tarix danışırdı. Niyazi öz hərəkətləri ilə diqqətinə hakim kəsildiyi tamaşaçılarını gah keçmişə, gah da gələcəyə aparırdı. O, dirijorluq edəndə sanki üvertüra daha ucadan səslənirdi, insanlara xoş ovqat yaşadırdı.
Onun “Rast” simfonik muğamı
Böyük Niyazi sənətinin əsl möcüzələrindən biri də “Rast” simfonik muğamı idi. Onu həyəcansız dinləmək mümkün deyildi. Bu möcüzə Niyazinin daxili dünyasından qaynaqlanırdı. Çünki o, Azərbaycanı çox sevirdi. Ona görə də bütün çoxşaxəli yaradıcılığı bu sevginin ruhuna köklənmişdi.
1961-ci ildə maestro S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunur. Həmin vaxt bu, SSRİ-nin ən böyük teatrlarından biri idi və onun baş dirijoru olması Niyazinin nüfuzundan xəbər verən faktdır.
Niyazi dünyanın bir sıra məşhur orkestrlərində də dirijorluq edib. O, qəlbinin odu ilə görkəmli Azərbaycan bəstəkarlarının, eləcə də Pyotr Çaykovski, Cüzeppe Verdi, Corc Bize və digər dünya klassiklərinin əsərlərini ifa edən musiqi kollektivlərinin qarşısında dayanıb, tamaşaçılarla dolu olan böyük salonları virtuozluğu ilə riqqətə gətirib. Niyazi Mstislav Rastropoviç (violençelist), Svyatoslav Rixter (rus pianoçusu), Henrix Neyqauz (rus pianoçusu) kimi məşhur ifaçıların, David Oystrax kimi mahir rus skripkaçısının orkestrlə birgə çıxışlarına dirijorluq edib. Maestro zəmanəsinin Şostakoviç, Şarayev, Sekki, Tarcan, Dobiaş kimi görkəmli sənətkarları tərəfindən yüksək qiymətləndirilib.
Böyük maestro 30 ildən artıq rəhbərlik etdiyi Dövlət Simfonik Orkestri ilə dəfələrlə Moskvada, Rusiyanın Sibirdən Uraladək geniş ərazilərində, keçmiş SSRİ məkanının bütün guşələrində qastrollarda olub. Niyazini bütün dünya tanıyır və alqışlayırdı.
Yüksək sənətkarlıq keyfiyyətlərinə görə Niyazini dünyada tək-tək yetişən A.Toskanini, V.Furtvengler, Knapersburş, Erix Playber kimi dirijorlarla müqayisə ediblər. O, dayanmırdı, həyatı diqqətlə izləmək, ifasındakı dəyişikliklərin adamların psixologiyasına necə təsir göstərdiyini görmək, duymaq üçün daim çalışırdı. Dahiyanə yazılmış musiqi əsərlərinin mahiyyətini, məzmununu, oradakı həqiqətləri, qabaqcıl fikirləri göstərmək təqdimatdan çox asılıdır. Niyazinin dirijorluğu ilə bu təqdimatlar ecazkar bir məharətlə aparılırdı. Şedevrlər yaradırdı.
Niyazi həm də gözəl, özünəməxsus bəstəkar idi. Onun “Konsert valsı” və digər simfonik əsərləri, eləcə də fortepiano ilə orkestr üçün konserti klassik musiqi nümunələridir. “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” kimi ürəyəyatımlı mahnılar bəstələmişdir. Həcər xanıma həsr olunmuş ikisəhifəlik lya bemol minor pyesi “Rəqs” zərif, nəfis və lirik üslubda idi. “Miracle” (“Möcüzə”) adlandırılmış pyes koloritinə görə impressionizmə yaxındır. “Zarafat” pyesi (digər əlyazmada “Etüd” adlanır) forma və xarakterinə görə romantizm dövrünün ekspromt - fantaziya janrını xatırladırdı. Bu əsərlə Niyazi Azərbaycan musiqisində konsert etüdlərinin yaranmasını qabaqlamışdır.
Niyazinin şəxsi həyatından söz düşəndə mütləq onun ömür-gün yoldaşı Həcər xanımla sevgi və sədaqətindən söhbət açılır. Onlar 51 il ömür sürürlər. Həcər xanım Niyazinin yorulmaz yol yoldaşı olur, ömrü boyu sevinc və kədərini bölüşür...
Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər cümə günü Azərbaycan Dövlət Filarmoniyasında simfonik musiqi axşamları keçirilirdi. Bu konsertlərin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, parlaq dirijor məharəti ilə hamını heyran qoyardı.
Niyazi 1984-cü il avqustun 2-də 72 yaşında dünyasını dəyişmişdir.
Musiqi mədəniyyətimizin tarixində Niyazinin yeri əvəzolunmazdır. O, Azərbaycan dirijorluq məktəbinin banisi idi.
İradə ƏLİYEVA,
“Azərbaycan”