10 İyun 2026 09:05
159
Mədəniyyət
A- A+
Mahnıları onu həmişə yaşadacaq

Mahnıları onu həmişə yaşadacaq


1937-ci ilin qarşısıalınmaz güclü ölüm və sürgün dalğası peşəsindən, sənətindən asılı olmayaraq, tanınmış, istedadlı adamların hamısını tikanlı, qan qoxulu qoynuna aldı. Heç bir günahı olmayan, amma adı repressiya siyahısına düşən kimsəyə aman verilmədi, heç kim bağışlanmadı. Hamıya qarşı uydurma, saxta ittihamlarla cinayət işi açıldı. Həbs olunanlar ya ağır işgəncələr verilə-verilə öldürüldü, ya da  geriyə dönüşü olmayan gedər-gəlməz yerlərə sürgün olundu. 

Musiqi tariximizdə öz yeri olan Əməkdar artist Cahan Talışinskaya da 1937-ci ilin repressiya qurbanlarından biri kimi əzablarla dolu bir ömür yaşayıb. Öyrəndik ki, o, 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub. Doqquz yaşına çatanda, 1918-ci ildə ailəsi Bakı şəhərinə köçüb. Onun gələcək həyatının yeni mərhələsi bu şəhərdə başlayıb. Cahan Talışinskaya böyük bacısı Bilqeyis xanımın evində yaşamalı olub. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. 

Hələ kiçik yaşlarından gələcəyin tanınmış müğənnisi olacaq Cahan xanımın güclü musiqi duyumu var idi. Bacısının evində müxtəlif musiqi alətlərinin olması onun istedadının parlaması üçün göydəndüşmə bir imkan olmuşdu. O, gün ərzində pianoda, tarda müxtəlif musiqilər ifa edir, vaxtını səmərəli keçirirmiş. Gündən-günə musiqiyə olan maraq və həvəsi daha da artırmış. 

Bakıya gəldikdən bir müddət sonra Cahan Talışinskaya təhsil almaq üçün Azərbaycan Qızlar Seminariyasında oxumağa başlayır. Zaman keçdikcə düşdüyü şəhər mühiti onun həyata, dünyaya baxışını dəyişir. Gənc qız təhsil almaqla yanaşı, Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə də gedir. Həyat yavaş-yavaş onun üzünə gülür. Bir-birinin ardınca uğur qazanır. 1927-ci ildə Cahan Talışinskaya Bakı şəhərinin radio şəbəkəsində işə qəbul edilir. Elə həmin il də ailə həyatı qurur. 1928-ci ildə oğul övladı dünyaya göz açır.  Körpənin adını Nazim qoyurlar. Amma onun ailə həyatı uzun çəkmir. Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır.

Ömrünün gənclik illərini yaşayan Cahan xanım tez-tez konsertlərə dəvət olunur, məlahətli səsi və bənzərsiz ifaları ilə tamaşaçıları heyran edır. Azərbaycanın bölgələrinə qastrol səfərlərinə də çıxır. Hərbi hissə və birləşmələrdə əsgər və zabitlər qarşısında çıxış edir. 

Getdikcə püxtələşən və təcrübəsi artan Cahan Talışinskaya Azərbaycan xalq mahnılarının və muğamlarının gözəl ifaçılarından biri olur. Görkəmli müğənni ilə eyni dövrdə yaşayıb-yaratmış musiqiçilərin sözlərinə görə, Cahan xanımın ifa etdiyi "Şahnaz", "Segah", "Bayatı-Şiraz", həmçinin "Qarabağ şikəstəsi" muğamları özünəməxsusluğu ilə seçilir və sevilir. İndi hamımızı sehirləyən "Qatar" muğamı Cahan xanımın şah əsərinə çevrilir. Bu muğam onun ifasında çox möhtəşəm səslənir.  

Zaman keçdikcə Cahan Talışinskayanın şöhrəti hər tərəfə yayılır. 30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfərə gəlir. Şahın şərəfinə ziyafət verilir. Sonra konsert proqramı başlayır. Mötəbər qonağın şərəfinə proqrama Cahan xanımın da ifası salınır. Onun məlahətli səsi şahın da, onun həyat yoldaşının da ürəyini, qəlbini oxşayır. Bundan məmnun olan şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Bununla da onun ömrünün narahatlıqla dolu günləri başlayır. Konsertdən aldığı xoş təəssüratın istisi, qızıl qol saatının sevincinin hərarəti  soyumamış, elə ertəsi gün Cahan xanımı NKVD-yə çağırırlar. Şahın xanımının hədiyyə kimi verdiyi qol saatını bir günlüyə ondan alırlar. Amma çox saxlamırlar,  sabahısı gün hədiyyəni ona qaytarırlar. Müğənni saatın arxasına baxanda görür ki, orada "Cahan Talışinskayaya Əmənulla xandan" sözləri yazılıb. Cahan xanım buna o qədər də əhəmiyyət verməyərək həmişəki kimi müğənnilik fəaliyyətini davam etdirir. Yeni mahnılar, yeni bəstələr, yeni uğurlar bir-birini əvəzləyir.

1937-ci il başqa yaradıcı adamlar kimi Cahan xanımın da həyatını və yaradıcılığını alt-üst edir. Müğənninin bacısı Sitarə xanım əri ilə birgə saxta ittihamlarla həbs olunur. Cahan Talışinskaya heç nədən və heç kimdən çəkinib qorxmadan bacısının qızı Bəhicəni evində saxlayır. Qızın yiyəsiz qalmasına imkan vermir. O biri bacısı Bilqeyis xanımın da əri həbs olunanda imkanı daxilində ona da kömək göstərir. Bu addımlara görə həbs və sürgün olunmaq təhlükəsi onun başının üstündə dolaşsa da, bacısının çətinliklər burulğanına düşməyinin qarşısını almağa çalışır.

Bir müddətdən sonra NKVD-dən ona gizli əməkdaşlıq təklif olunur. Bu, Cahan xanımın həm həyatının, həm də yaradıcılıq işlərinin ritmini pozur. Əməkdaşlıqdan qəti şəkildə imtina etdikdən sonra müğənninin fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulur. Süni şəkildə yaradıcılıq planlarının qarşısında əngəllər yaradılır, sədlər çəkilir. 1938-ci ildə  ilk dəfə Moskvada keçirilən Azərbaycan incəsənət ongünlüyündə onun iştirak etməsinə icazə verilmir. Heç bir səbəb göstərilmədən Cahan Talışinskayanın adı bu tədbirdə iştirak edənlərin siyahısından çıxarılır. Bu cür xoşagəlməz hadisə, haqsızlıq  müğənniyə çox pis təsir edir, onun ovqatını korlayır.

Nəhayət, sürgün, həbs dalğası günlərin birində Cahan xanıma da gəlib çatır. Qaranlıq gecələrin birində onun da qapısı qəflətən döyülür. 1940-cı ildə təşkil olunmuş saxta donosla C.Talışinskaya 14 yaşlı oğlu ilə bərabər Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Hansı ki, həmin il Cahan Əməkdar artist fəxri adına layiq görülmüşdü. Amma buna baxmayaraq, başqaları kimi onu da sürgünə, gedər-gəlməzə göndərirlər. Bununla da müğənninin ömrünün ağrı-acılı günləri başlayır. Sürgündə olmazın zülmünü çəkir. Aclıqdan xilas olmaq üçün Cahan xanım Əfqanstan şahının həyat yoldaşının ona hədiyyə etdiyi qızıl qol saatını satmaq məcburiyyətində qalır.

1942-ci ilin avqust ayına qədər "xalq düşməni" adı altında oğlu Nazimlə birlikdə güclü nəzarət altında saxlanılır. Böyük çətinliklərdən sonra Cahan Özbəkistana köçməyə icazə almağa nail olur. Amma yolda bütün əşyalarının oğurlaması müğənnini çox sarsıdır. Düşdüyü ağır vəziyyətdən çıxmaq üçün oğlu Nazimi Bakıya qardaşı professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərir.

Tale yavaş-yavaş üzünə gülməyə başlayır. Cahan xanım Daşkənddə unudulmaqda olan şöhrətini geri qaytarmağa başlayır. Şəhərdəki filarmoniyada solist kimi işləyir. Amma oğlunun və qohumlarının həsrətini çəkməsi ona böyük əzab verir. Yaxınlarını görmək üçün zorla ayrılmağa məcbur edildiyi vətənə qayıtmağa can atır. Xeyli gərgin çalışmalardan sonra Cahan xanım doğma vətənə olmasa da, onun bir az yaxınlığına gəlməyə müvəffəq olur. Bu da təsadüfi bir hadisə nəticəsində baş verir. 1943-cü ildə Daşkəndə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarəsinə V.Surin adlı yeni rəhbər təyin edilir. Surin ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü imiş. Həmin müsabiqədə iştirak edən Cahan Talışinskaya laureat adına layiq görülür. O, Cahan xanımla tanış olub söhbət etdikdən sonra onu işləmək üçün Tbilisi şəhərindəki incəsənət işləri üzrə idarəyə göndərir. Arzularına çatmağa, doğmaları ilə görüşməyə yaxın olan Cahan xanım Tbilisidəki Azərbaycan teatrının səhnəsinə qayıdır. Vətənə bir addım yaxın olduğuna görə yavaş-yavaş üzü gülür.

Amma təəssüflər ki, Cahan xanımın bu sevinci də uzun çəkmir. Bakıdakı NKVD təşkilatı Tiflisə məktub göndərərək Cahan xanımın yenidən Orta Asiyaya sürgün edilməsi məsələsini qaldırır. Amma cəmiyyət xeyirxah adamlardan xali deyilmiş. Bir zamanlar Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRİ Ali Sovetinin deputatı Xavər Vəliyev Cahan xanımı sürgün olunmaqdan xilas edir. Böyük çətinliklə də olsa, bu təhlükəli işin qarşısını alır. Cahan xanım Tiflisdə qalır. Uzun xahiş və minnətdən sonra nəhayət ki, vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu kollektivə dəvət edir. Cahan xanım böyük şövqlə səhnədə bir-birindən maraqlı, yaddaqalan rollar oynamağa başlayır.

Faşist Almaniyasına qarşı müharibə qələbə ilə başa çatandan sonra, 1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası alovlanır. Cahan Talışinskaya yenidən oğlu ilə bərabər Daşkəndə sürgün edilir. Tanınmış müğənni vətənindən, doğmalarından göz yaşı içində ayrılır. Stalinin ölümündən və Bağırovun həbsindən sonra sürgün olunmuş digər günahsız insanlar kimi Cahan Talışinskayanın və oğlunun azad olunması barədə də qərar qəbul edilir.

Amma həbslərdən, sürgünlərdən bezən Cahan xanım vətənə qayıtmır, Özbəkistanda qalır. Bu hadisələr onu həyatdan və insanlardan küsdürür. Daşkənddə qalsa da, heç yerdə işləmir. Oğlu Nazim Daşkənddə evlənir, nəvələri dünyaya gəlir. 

1966-cı ildə Daşkənddə sarsıdıcı zəlzələ baş verir. Onların neçə ildən bəri yaşadıqları ev sıradan çıxır. Özləri də təsadüf nəticəsində sağ qalırlar. Vəziyyətin ağır, dözülməz olduğunu görən C.Talışinskaya həmişəlik olaraq Vətənə qayıdır. Cahan xanım doğma vətənə dönəndən bir il sonra 1967-ci ildə piano arxasında oturub mahnı ifa etdiyi zaman qəflətən iflic olur. Elə həmin vaxt 58 yaşında dünyasını dəyişir. 

Beləliklə, əzab-əziyyətlər, sürgünlər içində keçən bir istedadlı ömür başa çatır. 1937-ci ilin repressiya dalğası tanınmış müğənninin həyatını məhv edir. Onun bir zamanlar ifa etdiyi mahnılar bu gün də efirlərdə səsləndirilir. Adı heç vaxt dillərdən düşməyəcək mahnıları Cahan xanımı həmişə yaşadacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!