10 İyun 2026 09:15
196
Mədəniyyət
A- A+
Qaranlığa işıq salan satira - Sabir dünyası

Qaranlığa işıq salan satira - Sabir dünyası


XX əsr Azərbaycan ədəbiyyatının və ictimai fikrinin formalaşmasında böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığı müstəsna əhəmiyyət kəsb edir. "Molla Nəsrəddin" ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən olan Sabir öz yaradıcılığı ilə milli poeziyamızda yeni bir mərhələnin - tənqidi realizm dövrünün əsasını qoymuşdur. Onun qələmindən çıxan hər bir misra zamanın ictimai-siyasi eybəcərliklərinə, cəhalətə və xurafata qarşı açılmış kəskin bir üsyan xarakteri daşıyırdı. 

Şamaxının qədim torpağından boylanan bu dahi söz ustadı qələmini millətin dərdlərinə ortaq etdi. Şeirləri ilə insanları qəflət yuxusundan ayıldan bənzərsiz bir mücahid oldu. Sabir yaradıcılığı - bəzəkli Şərq poeziyasının xəyalpərəstlik dumanını darmadağın edən, milləti amansız reallığı ilə üz-üzə qoyan möhtəşəm bir ədəbi nümunə idi. O, bu xalqa nifrət etmirdi, sadəcə, xalqının aynadakı əksinə baxıb qan ağlayan fədakar sənətkar idi. Onun hər misrası - yüzillik qəflət yuxusuna dalmış bir cəmiyyətdə hələ də çaxmaqda olan bir şimşəkdir.

Sabirin dahi bir sənətkar kimi  yetişməsində onun doğulduğu Şamaxı mühitinin böyük rolu olmuşdur. Qədim mədəniyyət mərkəzi olan bu şəhər eyni zamanda mühafizəkarlığın və dini xurafatın da güclü olduğu bir məkan idi. Gənc Ələkbərin ilk təhsilini mollaxanada alması, onun cəmiyyətdəki sxolastik təfəkkürü daxilindən tanımasına şərait yaratdı. Lakin onun həyatında əsl dönüş nöqtəsi böyük maarifçi Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəb oldu.

Seyid Əzim gənc Ələkbərə klassik Şərq poeziyasının sirlərini öyrətməklə bərabər, ona dünyəvi elmlərin vacibliyini aşıladı. Sabir hələ gənc yaşlarında fars dilindən nizamlı tərcümələr edir, poeziyanın dilini və texnikasını dərindən mənimsəyirdi. Atasının onu ticarətə cəlb etmək istəyinə baxmayaraq, Sabirin daxilindəki poeziya və elm sevgisi bütün maddi çətinliklərə qalib gəldi.


Cəhalətə açılan atəş


Sabir adı çəkiləndə ağıla ilk gələn kəskin, sarsıdıcı və eyni zamanda düşündürücü satirası olur. Məşhur "Molla Nəsrəddin" jurnalının aparıcı siması olan şair xalqın qanını soran istismarçıları, dini xurafatı və savadsızlığı amansızcasına ifşa edirdi. Onun "Hop-Hop" imzası ilə yazdığı hər bir sətri cəmiyyətdəki cahilliyə qarşı açılan bir atəş idi. "Oxutmuram, əl çəkin" fəryadı, sadəcə, bəsit bir inad deyildi, dövrün acınacaqlı təhsil mənzərəsinin ən ağrılı tənqidi idi. O, cəmiyyətin ən qapalı, qaranlıq köklərinə - xurafata, savadsızlığa, qadın əsarətinə və ziyalı biganəliyinə ironiya ilə hücum edirdi. "Millət necə tarac olur-olsun, nə işim var?!" misrasını yazan qələm, əslində, içəridə baş verən böyük fəlakətin barometrinə çevrilmişdi. Onun gülüşü çarəsizliyin doğurduğu bir üsyan idi. O, klassik divan ədəbiyyatının estetik qəliblərini sındıraraq, fəhlənin, kəndlinin, dövrün acı gerçəkliyini ədəbiyyata gətirdi, onu xalqın içinə endirdi.

Şair müasir səviyyədə təhsil verən məktəblərin maarifçilik fəaliyyəti göstərməsinin vacibliyini qeyd edirdi. Müasir təhsil verən qurumlara qarşı çıxanları, xüsusilə mollaları və uşaqlarını yeni üsullu məktəblərə göndərməyən valideynləri tənqid etməyi özünə borc bilirdi. Bu məktəbləri dinə qarşı çıxmaqda ittiham edənlərin mövqeyini də müxtəlif şeirlərində tənqid edirdi. "Tərpənmə, amandır, bala, qəflətdən ayılma" misrası ilə başlayan şeirində isə şair nadanlıq anlayışı üzərində dayanır, uşaqların təhsilinə önəm verməyən, başda atalar olmaqla valideynləri sərt bir üslubla tənqid atəşinə tutur. Uşaq təhsilinə ailələrin baxış bucağını bir çox şeirində işıqlandıran şair məktəbi "kafirlik" kimi görən düşüncə tərzini yumorlu bir yanaşma ilə ələ alır.

Mirzə Ələkbər Sabir bir çox əsərində fəhlə və kəndlilərin ağalar tərəfindən insan kimi qəbul olunmadığını bütün səmimiyyəti ilə qələmə alır. Bu əsərlərdən birində şair mal-mülk sahiblərinin kasıblara yaşamaq haqqını belə artıq gördüyünü bildirir. Torpaq sahiblərinin və varlıların insanlara göstərdiyi təzyiqi və yanaşmanı bütün rəng çalarları ilə sözə çevirən şair yaşam şəraitinin yalnız kapital sahibləri üçün "ideal" olduğunu vurğulayır. Əksər şeirlərində o, cəmiyyətin ədalətli mübarizəsinə dəstək verir.

"Fəqirə insan kimi danışmaq caiz deyil" misrası ilə Sabir varlıların yoxsullara qarşı qeyri-insani münasibətini ifadə edir. Şeirləri vasitəsilə insanları ictimai problemlər haqqında düşünməyə çağırır. "Ey fəhlə! Sosial sinif içində sən insan kimi yaşamağa layiqsənmi?" sualı ilə şeirinə söhbət ovqatı qatır.

Misralarında fəhlə ilə bağlı problemləri işəgötürənin dili ilə ifadə edən Sabir ironik ifadə ilə oxucunu düşündürür. "Bakı fəhlələrinə" adlı şeirində də hüquq mübarizəsinə toxunan şair ədalət hissini xalq arasında yaymaq istəyir. Maddi imkanların əsas ölçü vahidinə çevrildiyi cəmiyyətlərdə sinfi fərqlər feodal sisteminin əksi kimi varlıların hökmranlığını doğurur. Bu tip cəmiyyətlərdə varlılar iqtidar sahiblərini istiqamətləndirir. Sabir də bu mövzuya toxunaraq cəmiyyətdəki problemləri çəkinmədən satira atəşinə tutur. 


"Molla Nəsrəddin" - sözün səngəri


Şairin irsi "Molla Nəsrəddin" jurnalı və Cəlil Məmmədquluzadə dühası ilə birgə Şərq aləmində böyük bir intibah dalğası yaratdı. Sabir, sadəcə, şeir yazmırdı, o, yeni bədii təfəkkür formalaşdırırdı. Ölüm təhdidləri, təkfirlər, "kafir" ittihamları qarşısında geri çəkilməyən bu xəstə və yorğun adam Şərq qadınının hüquqsuzluğunu da, ziyalı mühitinin cılızlığını da eyni cəsarətlə hədəfə alırdı. Onun yaradıcılığı bir insanın fərdi davası deyildi, bütöv bir xalqın özünü dərketmə, öz kimliyini tapma prosesinin mətni idi.

Sabirin "Molla Nəsrəddin" jurnalında dərc olunan satirik şeirləri əsasən ictimai quruluşun yaratdığı ədalətsizliklərin, sosial bərabərsizliyin, gerilik və mövhumatın tənqidinə həsr olunmuşdur. Bu jurnal Sabirin poeziyasında dönüş nöqtəsi olmuş, onun şeir formasını və üslubunu dəyişərək, realist mövqeyini daha da gücləndirmişdir. Şairin 1906-1911-ci illər arasında yazdığı satiralar jurnalın məzmun və ideya yükünü daşıyan əsas ədəbi nümunələrdən olmuşdur.

"Molla Nəsrəddin" jurnalı yalnız dini fanatizmi, mövhumat və şəriətə əsaslanan düşüncə tərzini deyil, həmçinin bu anlayışlara tənqidsiz və kor-koranə itaət edən, savadsızlıq və cəhalət içində yaşayan xalq kütləsini də tənqid obyektinə çevirmişdir. Æurnalın bu yanaşması ictimai tənqidin əsas vasitələrindən biri kimi satirik ifadə formalarının inkişafına şərait yaratmışdır. Bu kontekstdə Mirzə Ələkbər Sabirin satirik yaradıcılığı "Molla Nəsrəddin" vasitəsilə geniş auditoriyaya çatmış, onun üslubu tənqidi realizmin Azərbaycan ədəbiyyatında formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir.

Mirzə Ələkbər Sabir "Molla Nəsrəddin" jurnalında öz adı ilə bərabər, müxtəlif gizli imzalarla da çıxış etmişdir. Bu imzalardan ən çox tanınanı "Hop-hop" təxəllüsüdür. Ümumilikdə Sabirin jurnal səhifələrində 36 müxtəlif gizli imzadan istifadə etdiyi məlumdur. Bu müxtəlif imzalar xüsusilə satiraların məzmunu və üslubunun analizi baxımından mühüm əhəmiyyət kəsb edir. Sabirin istifadə etdiyi təxəllüslər təkcə forma və üslub fərqliliyi yaratmaq məqsədi daşımırdı, onlar eyni zamanda şairin tənqidi mövqeyini konkretləşdirir, satiranın hədəfini və məzmununu dərinləşdirirdi. 

Sabir Şərq poeziyasındakı mürəkkəb ərəb-fars tərkiblərini, saray ədəbiyyatının süni parıltısını qırdı. O, sadə ünsiyyət vasitəsi kimi danışılan canlı, lakonik və kəsərli Azərbaycan dilini poeziyanın mərkəzinə gətirdi.


Sabirə böyük ehtiram


Mirzə Ələkbər Sabir cəmi 49 il yaşadı və fiziki olaraq bu dünyanı erkən tərk etdi. Bu il böyük şairin ölümündən 115 il ötür, amma onun qoyub getdiyi bədii irs əsrləri aşaraq indi də aktuallığını qoruyur. Sabir satirasının əsas hədəfi fərdlər yox, cəmiyyəti geriyə çəkən cəhalət, yalançı vətənpərvərlik, xurafat və savadsızlıq idi. Sabir, sadəcə, XX əsrin əvvəllərində yaşamış bir şair deyil, o, Azərbaycan millətinin intibah dövrünün, milli özünüdərk prosesinin ən böyük memarlarından biridir. Onun qələmi bəşəriyyət tarixində nadir təsadüf olunan bir gücə malik idi. O, eyni sətirdə həm ağladır, həm güldürür, həm də dərindən düşündürürdü. 

Bu gün müstəqil Azərbaycan dövlətində yaşayan hər bir vətəndaş üçün Sabirin maarifçilik idealları yolgöstərən bələdçi rolunu oynayır. O, bizi özümüzə tanıdan, nöqsanlarımızı göstərərək mükəmməl olmağa səsləyən əbədi bir səsdir. Onun ədəbiyyatımıza gətirdiyi satirik üslub, xalq dili və tənqidi realizm bədii təfəkkürümüzün inkişafında yeni cığır açmışdır. Şairin ölümündən əsrlər keçsə də, Sabir poeziyası öz aktuallığını heç vaxt itirməyəcək. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!