Müasir beynəlxalq münasibətlər sisteminin dərin transformasiyalar yaşadığı, qlobal güc balansının yenidən formalaşdığı dövrdə dövlətlərin xarici siyasət kursu onların gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. İndiki mərhələdə uğurlu xarici siyasət yürütmək əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və daha məsuliyyətlidir. Çünki geosiyasi qarşıdurmalar getdikcə genişlənir, beynəlxalq gündəliyi enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, texnoloji rəqabət və regional münaqişələr müəyyənləşdirir.
Azərbaycan son illər məhz belə mürəkkəb şəraitdə öz milli maraqlarını qorumağı, beynəlxalq mövqelərini gücləndirməyi və regional liderlik imkanlarını genişləndirməyi bacaran ölkələrdəndir. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu xüsusi rol oynayır. Son aylar ayrı-ayrı ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana, eləcə də Azərbaycan liderinin müxtəlif ölkələrə səfərləri, müxtəlif platformalarda baş tutan çoxsaylı beynəlxalq görüşlər, dövlət və hökumət başçıları ilə aparılan məhsuldar müzakirələr, Azərbaycanın qlobal proseslərdə fəal iştirakı göstərir ki, ölkənin xarici siyasəti yeni və daha təsirli mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti Azərbaycanın artıq yalnız regionun deyil, ümumilikdə Avrasiya məkanının mühüm siyasi, enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilməsidir.
Çoxvektorlu diplomatiya
Prezident İlham Əliyevin xarici siyasət kursunun ən mühüm cəhətlərindən biri balanslaşdırılmış və çoxvektorlu diplomatiya modelidir. Dünyada bir çox dövlətlər böyük güclər arasında seçim etmək məcburiyyəti ilə üzləşdiyi halda, Azərbaycan müxtəlif güc mərkəzləri ilə eyni vaxtda qarşılıqlı faydalı münasibətlər qurmağa nail olub. Son aylar ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, həmçinin Türk Dövlətləri Təşkilatının üzvləri, Yaxın Şərq dövlətləri, Afrika ölkələri və beynəlxalq təşkilatlarla fəal diplomatik təmaslar bunun əyani göstəricisidir.
Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə səfəri çərçivəsində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın Vaşinqtonla münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Eyni zamanda Avropa İttifaqı rəhbərliyi ilə keçirilən görüşlər göstərdi ki, bu qurum da Azərbaycanı regionun əsas tərəfdaşlarından biri kimi görür. Ümumiyyətlə, bu gün dünya siyasətində eyni vaxtda həm Vaşinqton, həm Brüssel, həm Ankara, həm Pekin, həm də islam dünyası ilə etibarlı münasibətlər qura bilən dövlətlərin sayı çox deyil, Azərbaycansa məhz belə ölkələrdəndir. Çünki Azərbaycanın diplomatik uğurlarının əsas amillərindən biri elə məhz müxtəlif güc mərkəzləri arasında seçim etmək deyil, onların hər biri ilə milli maraqlara uyğun əməkdaşlıq modeli formalaşdırmaq bacarığıdır. Türkiyə ilə strateji müttəfiqlik, Avropa İttifaqı ilə enerji tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanın gücləndirilməsi və eyni zamanda Rusiya ilə konstruktiv dialoqun davam etdirilməsi dövlətimizin çoxşaxəli xarici siyasət kursunun uğurlu nəticələrini ortaya qoyur. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin 28 May Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu da şimal qonşumuzla münasibətlərin gələcək inkişafına dair mühüm siyasi mesajlar ehtiva edir. Məktubdakı mesajlar regiondakı yeni tarixi reallıqlar fonunda rəsmi Moskvanın Azərbaycanla münasibətləri strateji müstəvidə saxlamaq ehtiyacını və niyyətini açıqlayır. Azərbaycan isə öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, bütün qonşuları ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmağa çalışır. Rusiya ilə əlaqələrin də məhz bu prinsip əsasında inkişaf etdirilməsi Bakının xarici siyasət fəlsəfəsinin mühüm elementidir.
Enerji-kommunikasiya diplomatiyası yeni geosiyasi alət kimi
Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji diplomatiyası mühüm rol oynayır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji tərəfdaşa çevrilib. Son aylar keçirilən görüşlərdə bu amilin rolu aparıcıdır. Avropa İttifaqı rəhbərliyi ilə danışıqlarda Azərbaycanın Avropanın 10-dan çox ölkəsinə qaz ixrac etməsi xüsusi qeyd olunur. Daha sonra Almaniya və Avstriyanın da Azərbaycan qazı alan ölkələr sırasına qoşulması bu prosesin genişlənməkdə olduğunu göstərir.
Burada bir məqamı da vurğulamaq lazımdır: enerji artıq təkcə iqtisadi gəlir mənbəyi deyil, enerji ixracı Azərbaycanın siyasi təsir imkanlarını artıran mühüm diplomatik alətə çevrilib. Məhz buna görə Slovakiya, Bolqarıstan, İtaliya, Gürcüstan və digər ölkələrin dövlət rəsmiləri ilə keçirilən görüşlərdə enerji əməkdaşlığı əsas mövzulardan biri kimi müzakirə olunur. Prezident İlham Əliyevin formalaşdırdığı enerji strategiyası Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirir. Bu gün Avropada enerji təhlükəsizliyi ilə bağlı hər hansı ciddi müzakirə Azərbaycan amili nəzərə alınmadan aparılmır.
Ölkəmizin xarici siyasətində nəqliyyat və logistika istiqaməti də xüsusi yer tutur. Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir. Gürcüstanla imzalanan yeni sazişlər, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, Orta dəhlizin inkişafı istiqamətində atılan addımlar, perspektivli TRIPP layihəsinin reallaşdırılmasına doğru irəliləyişlər göstərir ki, Azəbaycan enerji mərkəzi olmaqla yanaşı, logistika mərkəzi rolunu da gücləndirir və qlobal ticarət marşrutlarının yenidən formalaşdığı dövrdə bu istiqamət Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Türk dünyasının inteqrasiyasında Azərbaycanın rolu
Azərbaycanın xarici siyasət gündəliyində xüsusi yer tutan istiqamətlərdən biri də türk dünyası ilə əlaqələrin daha da dərinləşdirilməsidir. Bu xətt məqsədyönlü strategiyaya əsaslanır. Tarixi, mədəni, o cümlədən dil birliyi ilə bir-birinə sıx bağlı olan türk xalqlarının müasir dövrdə vahid əməkdaşlıq məkanında birləşməsi son onilliklərdə Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi formalaşıb. Prezident İlham Əliyevin irəli sürdüyü və artıq beynəlxalq siyasi leksikona daxil olan "Türk ailəsi" konsepsiyası konkret layihələr və təşəbbüslərlə müşayiət olunan strateji fəaliyyət proqramına çevrilib.
Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq sənaye, nəqliyyat, logistika, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, təhsil və digər bir çox sahələri əhatə edir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan Orta dəhliz layihəsi Avropa ilə Asiyanı birləşdirən ən perspektivli nəqliyyat marşrutlarından biri kimi türk dünyasının geoiqtisadi əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən daşımaların genişləndirilməsi, enerji və kommunikasiya layihələri türk dövlətlərini ortaq tarix, mədəniyyət qədər həm də müasir iqtisadi münasibətlərlə bir-birinə sıx bağlayır.
Azərbaycanın türk dünyasının inteqrasiyasında oynadığı rol çox geniş spektri əhatə edir və ölkəmiz türk xalqlarının ortaq tarixi yaddaşının, mədəni irsinin, elmi ənənələrinin qorunması, təbliği istiqamətində də mühüm missiya həyata keçirir. Bu baxımdan, I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə 2026-cı ilin iyununda Bakıda keçiriləcək Türk Dünyası Həftəsi xüsusi əhəmiyyət daşıyır. Türk xalqlarının elmi və mədəni birliyinin formalaşmasında mühüm rol oynamış I Türkoloji Qurultay türk xalqlarının intellektual tarixində dönüş nöqtələrindən sayılır. Həmin qurultayda müxtəlif türk respublikalarından, eləcə də dünyanın bir sıra ölkələrindən tanınmış alimlər iştirak etmiş, ortaq əlifba, dilçilik, tarix, ədəbiyyat və mədəni irs məsələləri müzakirə olunmuşdu. Qurultay türk xalqlarının elmi fikir tarixində ilk genişmiqyaslı platforma olmaqla yanaşı, ortaq mədəni məkan ideyasının da əsasını qoymuşdu. Bir əsr sonra həmin tarixi hadisənin yubileyinin yenidən Bakıda qeyd olunması Azərbaycanın türk dünyasının mənəvi və intellektual mərkəzlərindən biri kimi rolunun daha bir təsdiqidir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk Dünyası Həftəsinin keçirilməsi xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. Bu təşəbbüs təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır. Çünki müasir dövrdə türk dünyasının gücü yalnız iqtisadi göstəricilər və siyasi əlaqələrlə deyil, ortaq tarixi yaddaşın, mədəni kimliyin və mənəvi dəyərlərin qorunması ilə də ölçülür.
Beləliklə, Azərbaycan bu gün türk dünyasını birləşdirən coğrafi körpü olmaqla yanaşı, onun siyasi koordinasiya, iqtisadi əməkdaşlıq və mədəni inteqrasiya mərkəzlərindən biri kimi çıxış edir. Son aylar müşahidə olunan diplomatik fəallıq da göstərir ki, Bakı türk dünyasının gələcək inkişaf gündəliyinin formalaşdırılmasında aparıcı rolunu daha da möhkəmləndirmək niyyətindədir. Bu isə Azərbaycanın regional liderlik mövqeyini gücləndirməklə yanaşı, bütövlükdə türk dünyasının qlobal sistemdə daha təsirli aktora çevrilməsinə xidmət edir.
Azərbaycanın artan nüfuzu
Son ayların ən mühüm xarici siyasət tendensiyalarından biri də Azərbaycan-Çin münasibətlərində müşahidə olunan sürətli inkişafdır. Dövlət rəsmilərinin bəyanatları və keçirilən görüşlər göstərir ki, rəsmi Pekin Azərbaycanı mühüm tərəfdaş kimi qəbul edir. Tərəflər arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə müasir tarixi reallıqlardan irəli gələn qanunauyğunluqdur. Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündə mühüm yer tutması, Orta dəhlizin inkişafında əsas iştirakçılardan biri olması və tranzit potensialının getdikcə genişlənməsi bu əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyevin Çinlə münasibətlərdə nümayiş etdirdiyi fəallıq Azərbaycanın qlobal iqtisadi proseslərə daha sıx inteqrasiyasına xidmət göstərir.
Son aylardakı görüşlər, səfərlər onu təsdiqləyir ki, Azərbaycanın Yaxın Şərq və islam dünyasındakı mövqeləri də getdikcə əhəmiyyətli dərəcədə möhkəmlənməkdədir. Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Suriya, eləcə də İslam İnkişaf Bankı ilə aparılan danışıqlar bu istiqamətdə yeni imkanlar açır. Xüsusilə BƏƏ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, bərpaolunan enerji sahəsində birgə layihələr və investisiya əməkdaşlığı Azərbaycanın Körfəz regionundakı rolunu artırır. Pakistanla münasibətlər isə artıq sadəcə dostluq deyil, strateji tərəfdaşlıq xarakteri daşıyır. Xüsusilə, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatının inkişafı regionda yeni geosiyasi platformanın formalaşdığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin son aylardakı xarici siyasət fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də tarixi qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Ermənistanla münasibətlərin normallaşma prosesidir. Azərbaycan liderinin irəli sürdüyü və addım-addım uğurla irəli apardığı sülh gündəliyi beynəlxalq səviyyədə dəstəklənir, ölkəmiz yalnız hərbi qələbənin sahibi kimi deyil, sülh gündəliyinin təşəbbüskarı statusu ilə də tanınır. Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması, ilkin iqtisadi münasibətlərin formalaşması, beynəlxalq platformalarda dialoqun davam etdirilməsi bunun göstəricilərindəndir. Bu siyasət Azərbaycanın beynəlxalq imicinə mühüm müsbət təsir göstərir və ölkəmizin regionun gələcəyini müəyyənləşdirən əsas siyasi aktora çevrildiyini nümayiş etdirir.
Qlobal müzakirələrin təşkilatçısı
BMT-nin Məskunlaşma Proqramının bu ilin mayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) isə bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal müzakirələrin təkcə fəal iştirakçısı yox, həm də təşkilatçılarından biridir. COP29-dan sonra WUF13-ün uğurla keçirilməsi ölkəmizin beynəlxalq təşkilatçılıq potensialını növbəti dəfə nümayiş etdirdi. Dünyanın müxtəlif regionlarından dövlət başçılarının, nazirlərin və beynəlxalq təşkilat rəhbərlərinin Bakıya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
Son ayların diplomatik mənzərəsi göstərir ki, bu gün Azərbaycan Cənubi Qafqazdan daha geniş coğrafiyanın diplomatik platformalarından birinə çevrilməkdədir. Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlər sistemində yeni mövqeyə çıxarıb. Ölkəmiz Qərblə Şərq arasında etibarlı körpü, Avropa üçün mühüm enerji təminatçısı, türk dünyasının aparıcı üzvlərindən biri, Çin üçün vacib tranzit qovşağı, islam dünyasında nüfuz sahibi və Cənubi Qafqazda sülh prosesinin əsas təşəbbüskarı kimi çıxış edir. Əgər bir neçə il əvvəl Azərbaycanın əsas xarici siyasət prioriteti ərazi bütövlüyünün bərpası idisə, bu gün ən önəmli vəzifə əldə edilmiş geosiyasi üstünlüklərin siyasi və iqtisadi dividendlərə çevrilməsidir. Prezident İlham Əliyevin xarici siyasət xətti Azərbaycanın bu məqsədə doğru ardıcıl və sistemli şəkildə irəlilədiyini nümayiş etdirir. Xarici siyasətin müxtəlif istiqamətlərində əldə olunan nəticələr ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artdığını, diplomatik imkanlarının genişləndiyini və qlobal proseslərdə söz sahibinə çevrildiyini nümayiş etdirir. Mövcud tendensiyalar davam edərsə, yaxın illərdə Azərbaycanın yalnız regionun deyil, Avrasiya məkanının ən mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəyi şübhəsizdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"