10 İyun 2026 09:20
192
Mədəniyyət
A- A+
Səhnənin və ekranın unudulmaz sənətkarı

Səhnənin və ekranın unudulmaz sənətkarı


Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan sənətkarlar arasında Xalq artisti Möhsün Sənaninin adı xüsusi ehtiramla çəkilir. O, yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ilə milli səhnə və ekran sənətimizin inkişafına mühüm töhfələr verib, yaratdığı müxtəlif xarakterli rollarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisdə "Şeytanbazar" məhəlləsində ruhani ailəsində dünyaya gəlib. Həyatının ilk illərindən ağır sınaqlarla üzləşib, 4-5 yaşlarında valideynlərini itirib. Onu və bacısını nənələri himayəsinə götürüb. Nənəsinin Möhsünün gələcəyi barədə öz arzusu, xəyalı olub, onun atasının yolunu davam etdirməsini, molla, mərsiyəxan olmasını istəyib.  1906-cı ildə nəvəsini mədrəsəyə də bu məqsədlə göndərib. Ancaq Möhsün mədrəsədə iki il oxuyub. 1908-ci ildə mədrəsə təhsili yarımçıq qalıb. Nənəsinin vəfatı ilə Möhsünün də, bacısının da həyatı yeni bir məcraya düşüb. Xalaları molla Zinyətə pənah aparıblar. Molla Zinyət onları öz balalarından ayırmayıb, baxmayaraq ki, xalasının böyük ailəsinin maddi vəziyyəti ürəkaçan olmayıb. Ancaq balaca Möhsün bacısı ilə birlikdə doğmalıq gördükləri bu ailənin maddi sıxıntılarını artırdıqlarını düşünüb. Odur ki, 1909-cu ildən çətin işlərin qulpundan yapışıb. Yaşı az olsa da, çörəkpulu qazanmaq üçün ağır işlərdə çalışıb, "Şeytanbazar"da işləyib.

Onun həyatını dəyişən teatr sənəti olub. Yeniyetməlik çağlarından bu sənətin cazibəsinə düşüb. Tiflisdə fəaliyyət göstərən teatrların və həmin şəhərə qastrola gedən aktyorların tamaşalarına böyük maraq göstərib. Diqqətlə izlədiyi aktyorların oyunlarını, meydanlarda dərvişlərin oxumalarını təqlid etməkdən yorulmayıb. 1911-ci ildə bu minvalla ilk dəfə tamaşaçı qarşısına çıxıb. 

Bir il sonra - 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşularaq epizodik rollarda çıxış etməyə başlayan Möhsün həmişəlik səhnənin sehrinə düşüb. İlk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin aktyoru Mirzəxan Quliyev olub. Bəxti gətirib ki, Tiflisdə sənət yolunun başlanğıcında Mirzəxan Quliyev, Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi aktyorlarla qarşılaşıb. Onun istedadını görüb, gələcəyinə inanıb, dəstək veriblər.

Möhsün də həyatın çətinliklərinə, rastlaşdığı maneələrə, problemlərə rəğmən səhnə fəaliyyətini davam etdirib. O illərdə sənət yoluna sədd çəkmək istəyənlərin əksəriyyəti atası Molla Sadığın dostları idi. Bir tərəfdən də maddi sıxıntılar onu  rahat yaşamağa qoymurdu. Həmin çətin günlərində gürcü dostunun atasının köməyi ilə tramvay parkında işə düzələn Möhsün aldığı  maaşla yalnız özünü və bacısını  təmin etməyib, həm də xalasıgilə əl tutub.

1915-ci ildə Tiflis truppasına cəlb olunan aktyorlar arasında Möhsün Sənani də vardı. Həmin il Hüseyn Ərəblinskinin iştirakı ilə "Kaveyi-Ahəngər" tamaşası səhnəyə qoyulub. Dəmirçi Kavənin oğlu rolu da Möhsün Sənaniyə tapşırılıb. Rolu məharətlə oynayıb.

Maddi ehtiyac, dolanışıq qayğısı onu tərk etməsə də, teatr sənətindən uzaqlaşmayıb. Getdikcə bu sənətə daha da bağlanıb. Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Panfiliya Tanailidi, Əli Qurbanov (Möhsün Sənaninin xalası Molla Zinyətin oğlu, sonralar Azərbaycanın Xalq artisti olub) və başqa çox məşhur sənətkarların fəaliyyət göstərdikləri Tiflis teatrı truppasının ən gənc aktyoru olan Möhsün öz ifası ilə tamaşaçıların diqqətini cəlb edib, alqışlarını qazanıb. Ona "Arşın mal alan"da Süleyman bəy, Vəli, "Məşədi İbad"da hambal, "Nadir şah"da Rzaqulu, "Otello"da Kasio kimi rollar həvalə edilib. Möhsün də hər rolu layiqincə ifa edib. Səhnə sənətində ilk uğurlarına, ilk tamaşaçı alqışlarına şahid olmuş Tiflis teatr truppasında 1920-ci ilədək fəaliyyət göstərib. 

Bu teatrda sənətdə ilk addımlarını atan aktyorların çoxu kimi o da sonralar Bakıya gəlib. Fəaliyyətini bu şəhərdə davam etdirən aktyor Azərbaycan Dövlət Dram Teatrının kollektivinə qoşulub. Həmin teatrda tanınmış aktyorlarla səhnəyə çıxıb. Bu, onu həvəsləndirməklə yanaşı, məsuliyyətini daha da artırıb. "Vaqif" tamaşasında Eldar, "Göz həkimi"ndə Həsənağa rolları ilə aktyorluq bacarığını nümayiş etdirib. Qısa müddətdə tanınıb. Getdikcə repertuarı genişlənib. Onun soyadı Cəfərov olsa da, teatr sənətində Sənani təxəllüsü ilə məşhurlaşıb. Özünəməxsus ifası ilə aktyorlar arasında seçilib.

Komik və tragik rolları eyni peşəkarlıqla ifa edən, yüksək yaradıcılıq imkanlarına malik olan Möhsün Sənaninin aktyorluq qabiliyyəti kinorejissorların da diqqətindən yayınmayıb. İlk dəfə 1923-cü ildə, 23 yaşında ekrana "Qız qalası əfsanəsi" filmində  epizodik  rolla çıxıb və uğur qazanıb. Çox keçməyib ki, "Bayquş" və "Bismillah" filmlərinə dəvət alıb. O zamanlar hələ Azərbaycan kinosunun səssiz dövrü idi. Möhsün Sənaninin səsli kinoda ilk rolu 1939-cu ildə çəkildiyi "Kəndlilər" filmindəki Eldar olub.

Kino sənətində də zəngin yaradıcılıq yolu keçən Möhsün Sənani 30-a yaxın filmdə  rol alıb. O, "Arşın mal alan", "Bir məhəllədən iki nəfər", "Bizim küçə", "Dağlarda döyüş", "Fətəli xan", "İsmət", "Kəndlilər", "Kölgələr sürünür", "Koroğlu", "Qara daşlar", "O olmasın, bu olsun", "Səbuhi", "Səhər", "Sehrli xalat", "Yeni horizont", "Qızmar günəş altında" və başqa filmlərdə fərqli  xarakterli rollar oynayıb. Əsasən ikinci dərəcəli və epizodik olsa da, həmin rolların hər biri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Teatrda da, kinoda da bənzərsiz rolları ilə rəğbət qazanan Möhsün Sənani 1943-cü ildə Əməkdar artist,1949-cu ildə Xalq artisti fəxri adına layiq görülüb.

Həyatın da, sənətin də bütün çətinliklərinə sinə gərən sənətkar səhhətində problemlər yarandığı dövrlərdə belə yaradıcılıq eşqini itirməyib. Ömrünün 50 ilini sənətə həsr edən aktyorun gözləri nurdan düşsə də, könlünün işığı ilə sənət yoluna davam edib. Möhsün Sənani 1981-ci il fevralın 11-də dünyasını dəyişib. Bu gün də onun adı Azərbaycan teatr və kino tarixində ehtiramla xatırlanır. Yaratdığı obrazlar, lent yazılarında qorunan tamaşalar və filmlər sənətkarın xatirəsini yaşadır.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!