12 İyun 2026 09:30
416
Mədəniyyət
A- A+
Aktyor əbədiyyəti səhnədə qazanır

Aktyor əbədiyyəti səhnədə qazanır


Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Hamlet Xanızadə özünəməxsus yaradıcılığı ilə seçilərək tamaşaçıların rəğbətini qazanıb.

Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Körpəliyi İkinci Dünya müharibəsinin dəhşətli illərində keçib. O zaman müharibənin gətirdiyi məşəqqətlər - aclıq, qıtlıq onun da sevincinə, qayğısızlığına kölgə salıb.

1945-ci il mayın 9-da alman faşist ordusunun məğlub edilməsi keçmiş SSRİ-yə daxil olan digər respublikalar kimi, Azərbaycana dinclik gətirib. Ancaq müharibənin gətirdiyi çətinliklər uzun müddət davam edib. Hamlet Xanızadə belə bir dövrdə böyüyüb, orta məktəbə gedib. Uşaqlıqdan teatra, kinoya meyil salıb. Onun səhnəyə, ekrana artan marağı atası Bəbir kişinin xoşuna gəlməyib. Oğlunu aktyor görmək istəməyən Bəbir kişinin səyləri faydasız qalıb. O, balaca Hamletin aktyorluq sənətinə həvəsinin, səhnə və kino sevdasının qarşısına sədd çəkə bilməyib. Beləliklə, orta məktəbi bitirən Hamlet Xanızadə arzularını gerçəkləşdirib, aktyor olub.

O, 1950-ci illərin sonlarında Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Ali məktəbdə oxuduğu illərində aktyorluq məharətini nümayiş etdirib. Tədris teatrında onun oynadığı rollar həm müəllimlərin, həm də tələbə yoldaşlarının diqqətini cəlb edib. Hamletin gələcəkdə məşhur aktyor olacağına heç kimin şübhəsi qalmayıb.

1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb. Bu böyük sənət ocağının istedadlı və təcrübəli aktyorlarının sırasına qoşulması gənc aktyoru sevindirdiyi, qürurlandırdığı qədər də özünə qarşı məsuliyyətini artırıb. Əliağa Ağayev, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli, Mehdi Məmmədov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi sənətkarlarla eyni səhnəyə çıxan Hamlet Xanızadə seçdiyi sənəti daha dərindən öyrənib, püxtələşib. Gənc aktyor hər tamaşanın sonunda teatr salonunu titrədən tamaşaçı alqışlarında onun da payı olduğunu görüb iftixar hissi keçirib.

Hamlet verilən fərqli rolları məharətlə ifa edib.  Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqa rolların hər birini elə yaradıb ki, tamaşaçıların yaddaşında dərin iz sala bilsin. 

O, istedadını yalnız teatr sənətində deyil, kino sahəsində də sınayıb. Kinorejissorların dəvəti ilə ayrı-ayrı illərdə  "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı", "Qətl günü" və başqa filmlərdə çəkilib. Ona tapşırılan hər rolu sanki elə onun üçün yazılmış, necə deyərlər, boyuna biçilmiş kimi canlandırıb. Odur ki, teatr kimi, kino sahəsində də tezliklə məşhurlaşıb. Bu məşhurluğun sayəsində Hamlet Xanızadə 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.  1984-cü ildə isə Dövlət mükafatı alıb.

"Qətl günü" filmindəki Sədi Əfəndi Hamlet Xanızadənin son rolu olub. Filmə ilk ictimai baxış 1990-cı il fevralın 11-də keçirilib. O günü görmək Hamlet Xanızadəyə qismət olmayıb. Hələ çəkilişlər zamanı aktyor filmin ssenarisindən sarsıldığını dilə gətirmişdi. Həyat yoldaşı Nailə xanım bu barədə demişdir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələr Hamlet Xanızadəyə də ağır təsir edib. Sovet qoşun hissələri tərəfindən atəşə tutulmuş, şəhid olmuş soydaşlarımızın faciəsindən dərindən sarsılan sənətkarın ürəyi tab gətirməyib. Aktyorun qızı Aygün Xanızadə müsahibələrinin birində bildirmişdir: "Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyildi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib". Millətini böyük məhəbbətlə sevən aktyor 1990-cı il fevralın 3-də, 49 yaşında gözlərini əbədi yumub.

Ömrü kimi yaradıcılığı da yarımçıq qalsa da, səhnədə və kinoda yaratdığı rollar Hamlet Xanızadənin adını Azərbaycan mədəniyyəti tarixinə əbədi yazıb. İllər keçir, nəsillər dəyişir. Lakin lent yazılarının yaddaşında qalan ifası aktyoru unudulmağa qoymur. Tamaşaçılar onun ifasına heyranlıqla baxırlar. Əməkdar artist Hamlet Xanızadənin səhnəyə, ekranlara gətirdiyi səmimiyyət və güclü ifa tərzi Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

11:39
19 İyun

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb 

11:29
19 İyun

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib  

11:12
19 İyun

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

11:07
19 İyun

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

10:53
19 İyun

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:47
19 İyun

Dünya birjalarında neft bahalaşıb 

10:33
19 İyun

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

10:31
19 İyun

Azərbaycan nefti 80 dollara satılır 

10:02
19 İyun

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

09:57
19 İyun

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir  

09:53
19 İyun

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

09:41
19 İyun

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

09:38
19 İyun

BMT: Afrika daha sürətlə istiləşir

08:37
19 İyun

Yaxın Şərqdə yeni dövr başladı(mı)

08:35
19 İyun

Paşinyanın "üçbaşlı müharibə koalisiyası"nın qarşısından geri çəkilmək fikri yoxdur

08:30
19 İyun

Fransanın nəticəsiz qalan miskin fəndi

08:25
19 İyun

"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"

08:20
19 İyun

Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir

08:15
19 İyun

Ən önəmli layihələrdə etibarlı tərəfdaşımız - "ExxonMobil"

08:10
19 İyun

Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur

08:05
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!