Müasir beynəlxalq münasibətlər sisteminin əsas xüsusiyyətlərindən biri qlobal problemlərin sürətlə artması və onların həlli üçün yeni əməkdaşlıq platformalarına olan ehtiyacın yaranmasıdır. Bəli, təəssüf ki, dünyanın müxtəlif regionlarında müharibələr və silahlı münaqişələr davam edir, enerji təhlükəsizliyi məsələləri yeni məzmun qazanır, iqlim dəyişiklikləri artıq ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin gələcəyini təhdid edən məsələ kimi aktuallaşır.
Belə bir dövrdə dövlətlərin və şəhərlərin beynəlxalq nüfuzu yalnız iqtisadi gücü və ya hərbi potensialı ilə ölçülmür. Onların qlobal dialoqa, beynəlxalq əməkdaşlığa və bəşəri problemlərin həllinə verdiyi töhfə də mühüm əhəmiyyət daşıyır. Son illər Bakı məhz bu baxımdan dünyanın diqqətini cəlb edən ünvana çevrilib. Əgər bir zamanlar Azərbaycanın paytaxtı əsasən enerji layihələri və geostrateji mövqeyi ilə tanınırdısa, bu gün Bakı qlobal ideyaların, beynəlxalq təşəbbüslərin və mühüm siyasi müzakirələrin aparıldığı nüfuzlu mərkəz kimi qəbul olunur. Şəhərimizdə keçirilən beynəlxalq forumlar, sammitlər və konfranslar göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısından daha çox, qlobal gündəliyin formalaşmasına təsir göstərən ölkələr sırasındadır. Bu gün Bakıdan dünyaya ünvanlanan çağırışlar isə təkcə Azərbaycanın baxışını yox, eyni zamanda müasir dövrün ən vacib problemlərinə dair alternativ yanaşmaları əks etdirir və bu çağırışların mərkəzində dialoq, əməkdaşlıq, dayanıqlı inkişaf, qarşılıqlı hörmət və insan amili durur.
Yeni dövrün diplomatik paytaxtı
Tarix boyu dünyanın müəyyən şəhərləri qlobal siyasətin istiqamətini müəyyənləşdirən mərkəzlər kimi tanınıb. Vyana, Cenevrə, Nyu York, Brüssel kimi şəhərlər beynəlxalq diplomatiyanın simvolları hesab olunur. Son illər Bakı da bu sırada özünəməxsus yer tutmağa başlayıb.
Bunun əsas səbəblərindən biri Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursudur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz müxtəlif siyasi sistemlərə, fərqli maraqlara və müxtəlif geosiyasi mövqelərə malik dövlətlərlə etibarlı münasibətlər qurmağa nail olub. Məhz bu amil Bakını müxtəlif baxışların toqquşduğu deyil, uzlaşdırıldığı platformaya çevirib. Bu gün Bakıda Qərb və Şərqin, Şimal və Cənubun nümayəndələri eyni masa arxasında əyləşə bilirlər. Bu isə müasir dünyamızda nadir hadisədir. Qlobal parçalanmaların artdığı, beynəlxalq təşkilatların effektivliyinin sual altına düşdüyü bir vaxtda belə platformalara ehtiyac daha da güclənir.
Son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri Qlobal Bakı forumlarıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu forumlar artıq beynəlxalq ekspertlər tərəfindən dünyanın ən nüfuzlu siyasi dialoq platformalarından biri kimi qiymətləndirilir.
Qlobal Bakı forumlarının əhəmiyyəti onların iştirakçı tərkibi ilə də ölçülür. Keçmiş və hazırkı dövlət başçıları, hökumət rəhbərləri, Nobel mükafatı laureatları, BMT rəsmiləri, aparıcı analitik mərkəzlərin nümayəndələri və beynəlxalq ekspertlər hər il Bakıda keçirilən müxtəlif tədbirlərdə bir araya gəlirlər. Bu tədbirlərdə müzakirə olunan məsələlər isə bütün bəşəriyyəti narahat edən problemləri əhatə edir: beynəlxalq təhlükəsizlik, yeni dünya nizamı, süni intellekt, enerji keçidi, ərzaq təhlükəsizliyi, miqrasiya, iqlim dəyişiklikləri, qlobal idarəetmənin gələcəyi və s. Dünyaya ünvanlanan ilk böyük çağırış da məhz Bakıdan səslənib: dialoq qarşıdurmadan üstündür. Müasir dünyada güc amilinin ön plana çıxmasına baxmayaraq, Bakı forumlarının əsas fəlsəfəsi əməkdaşlıq və qarşılıqlı anlaşma ideyasına söykənir.
Azərbaycanın qlobal gündəliyə töhfəsi
2024-cü ildə Bakının evsahibliyi etdiyi COP29 Azərbaycanın beynəlxalq nüfuzunun yeni mərhələsini formalaşdırdı. Dünyanın ən böyük iqlim tədbirinin ölkəmizdə keçirilməsi əsla təsadüfi deyildi. Bir tərəfdən, respublikamız enerji istehsalçısı ölkəsi kimi tanınır, digər tərəfdən isə son illərdə "yaşıl enerji" keçidi istiqamətində mühüm addımlar atır. Xəzər dənizinin böyük külək potensialı, günəş enerjisi layihələri və Qarabağla Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması bu siyasətin tərkib hissəsidir.
COP29 həm də Bakını qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi. Burada səsləndirilən əsas mesaj ondan ibarət idi ki, inkişaf və ekoloji məsuliyyət bir-birinə zidd anlayışlar deyil, əksinə, gələcəyin inkişaf modeli məhz bu iki istiqamətin vəhdəti üzərində qurulmalıdır. Bu forum vasitəsilə Bakı dünyaya daha bir çağırış ünvanladı: iqlim dəyişiklikləri ilə mübarizə yalnız inkişaf etmiş ölkələrin məsuliyyəti sayılmamalıdır, bu, bütün bəşəriyyətin ortaq məsuliyyətidir.
2026-cı ildə paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) isə Bakının beynəlxalq statusuna yeni məzmun əlavə etdi. Bu forum artıq şəhərlərin gələcəyi haqqında qlobal müzakirələrin əsas platformalarından biri hesab olunur. XXI əsr urbanizasiya əsridir. BMT-nin proqnozlarına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu isə yeni problemlər yaradır: mənzil təminatı, nəqliyyat, ekoloji tarazlıq, rəqəmsal idarəetmə, sosial inklüzivlik və təhlükəsizlik.
WUF13 göstərdi ki, müasir şəhərlərə yalnız binalar və yollar toplusu kimi baxmamalıyıq; şəhər insanın rahat yaşadığı, işlədiyi və inkişaf etdiyi məkandır. Bu baxımdan Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çox böyük beynəlxalq maraq doğurdu.
WUF kimi platformalarda formalaşan ideyalar zamanla "şəhər necə idarə olunmalıdır" sualına qlobal cavablar verir. Bu da şəhərsalma standartlarının, rəqəmsal idarəetmə modellərinin və davamlı inkişaf prinsiplərinin dəyişməsinə gətirib çıxarır. Belə qlobal tədbirlər startaplar, universitetlər və texnoloji şirkətlər üçün yeni imkanlar ortaya çıxarır ki, bu da ölkədə rəqəmsal həllərin inkişafını və yerli texnoloji məhsulların beynəlxalq bazara çıxışını sürətləndirir. Beləliklə, Bakıdan dünyaya səslənən növbəti çağırış insan yönümlü inkişaf konsepsiyası oldu.
"Bakı Enerji Həftəsi"ndə isə son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun, reallaşdırılan strateji qərarların və formalaşdırılan dövlət modelinin beynəlxalq auditoriyaya təqdimatı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı ölkəmizin müasir inkişaf fəlsəfəsinin, milli maraqlara əsaslanan siyasətinin və praqmatik dövlət idarəçiliyinin konseptual izahı kimi tarixi əhəmiyyət kəsb etdi. Tədbirin məzmunu, burada səslənən fikirlər də bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti, sadəcə, karbohidrogen hasilatı ilə məhdudlaşmır. Bu siyasət dövlət quruculuğu, iqtisadi inkişaf, sosial rifah, hərbi güc, beynəlxalq nüfuz və diplomatik uğurların vahid sistemidir.
Xüsusi qeyd olunmalıdır ki, dünyanın ən nüfuzlu siyasi liderləri "Bakı Enerji Həftəsi"nə xüsusi diqqət göstərirlər. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbir iştirakçılarına ünvanladıqları məktublar Azərbaycanın enerji sahəsində qazandığı beynəlxalq nüfuzun göstəricisidir. Həmin məktublar həm də respublikamızın qlobal enerji siyasətinin mühüm subyektlərindən biri kimi rolunu nümayiş etdirirdi.
Bu dün qlobal iqlim dəyişikliyi fonunda ekoloji təhlükəsizliyin təmin edilməsi müasir beynəlxalq münasibətlər sisteminin strateji prioritetinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində bu günlərdə ölkəmiz Ümumdünya Ətraf Mühit Gününə (WED) uğurla evsahibliyi etdi. Belə bir tədbirə evsahibliyi ölkəmizin qlobal ekoloji təşəbbüslərdə fəal iştirakının və "yaşıl inkişaf" strategiyasına sadiqliyinin növbəti təzahürü oldu. Bu, ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə və davamlı inkişaf məqsədləri istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın ekoloji məsələlərin həllinə verdiyi töhfələrin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini də nümayiş etdirdi.
Qarşıdurma əvəzinə əməkdaşlıq
Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Həmin xüsusiyyət bu gün də ölkənin beynəlxalq fəaliyyətində mühüm rol oynayır. 2008-ci ildən start verilmiş və BMT-nin ali rəhbərliyi tərəfindən də təqdir olunan "Bakı Prosesi", bu proses çərçivəsində paytaxtımızda təşkil olunan Mədəniyyətlərarası Dialoq forumları, o cümlədən müxtəlif humanitar tədbirlər ayrı-ayrı xalqlar arasında anlaşmanı möhkəmləndirir. Dünyada dini və etnik zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın təqdim etdiyi model fərqliliklərin qarşıdurma deyil, əməkdaşlıq mənbəyi ola biləcəyini aydın göstərir ki, bu da Bakının dünyaya ünvanladığı daha bir mühüm mesajdır: sivilizasiyalararası dialoq bəşəriyyətin təhlükəsiz gələcəyinin vacib şərtidir.
Bu tədbirlərin uğurla təşkilində və məqsədinə çatmasında, Bakıdan dünyaya ünvanlanan çağırışların öz hədəf kütlələrinə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı, irəli sürdüyü təşəbbüslər sayəsində belə beynəlxalq tədbirlər yüksək təsirlər yaradır, eyni zamanda bu tədbirlərdən sonra da davam etdirilən mütəmadi layihələrlə davamlı şəkildə dəstəklənir. Bütün bu tədbirlərin arxasında Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və diplomatik uğurlar durur.
Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin beynəlxalq təşəbbüslərdə fəal iştirakı, enerji təhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat-kommunikasiya layihələrində oynadığı rol və balanslaşdırılmış xarici siyasəti onun beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Bakı artıq təkcə Azərbaycanın paytaxtı deyil. O, qlobal ideyaların müzakirə olunduğu, müxtəlif baxışların yaxınlaşdığı və beynəlxalq əməkdaşlığın təşviq edildiyi mərkəz kimi çıxış edir.
Dünyamız çox mürəkkəb, ziddiyyətli dövr yaşayır. Müharibələr, siyasi qarşıdurmalar, iqtisadi qeyri-müəyyənliklər və iqlim problemləri beynəlxalq münasibətlərin gündəliyini müəyyənləşdirir. Belə bir şəraitdə dialoq və əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır.
Son illər Bakıda keçirilən forumlar və digər beynəlxalq tədbirlər yeni ideyaların formalaşdığı, qlobal problemlərin həll yollarının axtarıldığı platformalardır. Bakıdan dünyaya ünvanlanan çağırışların əsas mahiyyəti aydındır: qarşıdurma əvəzinə əməkdaşlıq, parçalanma əvəzinə həmrəylik, qeyri-müəyyənlik əvəzinə dayanıqlı inkişaf və insan amilini hər şeydən üstün tutan gələcək.
Məhz bu çağırışlar Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, Bakını isə qlobal dialoqun ən mühüm mərkəzlərindən birinə çevirir.
İradə ƏLİYEVA,
"Azərbaycan"