Son zamanlar Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və ixrac potensialının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsini gücləndirməyə, yerli istehsalın rəqabət qabiliyyətini artırmağa və ölkənin xarici bazarlarda mövqeyini möhkəmləndirməyə xidmət edir. Xüsusilə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ixrac prosedurlarının sadələşdirilməsi və dövlət dəstək mexanizmlərinin genişləndirilməsi neftdənkənar sahənin inkişafında mühüm rol oynayır.
Deyilənlərin nəticəsi olaraq 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın 157 ölkə ilə ticarət əməliyyatları həyata keçirməsi, 107 ölkəyə məhsul ixracı və 2 milyard 138,1 milyon dollar məbləğində müsbət ticarət saldosunun formalaşması bu sahədəku müsbət dinamikadan xəbər verir. Qeyd olunan rəsmi statistika ölkədə ixrac potensialının gücləndirilməsi və neftdənkənar sahənin inkişafı istiqamətində aparılan siyasətin davamlı xarakter daşıdığını göstərir.
Qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması, mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, eləcə də ixrac proseslərinin asanlaşdırılması məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini də unutmayaq. Bu baxımdan Prezident İlham Əliyevin yeni imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman ixracatçıların gömrük xərclərinin kompensasiyası və inzibati prosedurların sadələşdirilməsi kimi mexanizmlərlə sahibkarlığın inkişafına əlavə dəstək verir.
Sənəd mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mövcud hüquqi mexanizmlərin davamı olaraq yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdıran yeni maliyyə dəstəyi mexanizmini müəyyənləşdirir. Bu o deməkdir ki, ixrac prosesində sahibkarların ödədiyi gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsi onların maliyyə yükünü azaldaraq xarici bazarlara daha rahat çıxışını təmin edir. Qeyd edək ki, bu fərman qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən KOB subyektlərinin ixrac imkanlarının genişləndirilməsinə və onların üzləşdiyi maliyyə yükünün azaldılmasına xidmət edir.
Fərmanın ən mühüm yeniliklərindən biri "ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi" mexanizminin tətbiqidir. Yeni qaydanı sadə dillə belə izah edə bilərik: dövlət ixracla məşğul olan kiçik və orta sahibkarlara gömrük xərclərini qismən geri qaytarır və bəzi əlavə güzəştlər tətbiq edir. Daha doğrusu, mikro, kiçik və orta sahibkar ixrac edərkən gömrük rəsmiləşdirilməsi üçün ödədiyi rüsumları dərhal geri almır, amma 3 aydan sonra müraciət edir və dövlət həmin xərcləri büdcədən ona qaytarır. Bu qaytarılan məbləğ "ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi" adlanır. Belə yanaşma ixrac zamanı yaranan əlavə xərclərin azaldılmasına, sahibkarların maliyyə yükünün yüngülləşdirilməsinə və qənaət edilən vəsaitlərin istehsalın genişləndirilməsinə yönəldilməsinə şərait yaradır.
Vacib şərtlərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi yalnız Azərbaycan mənşəli məhsullara şamil olunur. Bu isə məhsulun ölkədə istehsal olunduğunu təsdiqləyən "mənşə sertifikatı" vasitəsilə müəyyən edilir. Yəni sahibkar ixrac etdiyi məhsulun həqiqətən yerli istehsal olduğunu rəsmi sənədlə sübut etməlidir. Digər mühüm şərt isə kompensasiyanın yalnız faktiki ixrac olunmuş mallara görə ödənilməsidir. Ödənişlər hər rübün sonunda sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və hər bir gömrük bəyannaməsi üzrə dəstək məbləğinə yuxarı hədd müəyyən edilir ki, bu da dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə şərait yaradır. Başqa sözlə, yalnız real olaraq ölkədən çıxarılan və xarici bazara göndərilən məhsullar bu mexanizmdən yararlana bilər. Sənədlərdə göstərilib, lakin faktiki ixracı həyata keçirilməyən mallar üçün heç bir ödəniş nəzərdə tutulmur. Bu yanaşma sistemin şəffaflığını artırır və dövlət vəsaitlərinin düzgün istifadəsini təmin edir.
Fərmanda sahibkarların iqtisadi maraqlarının qorunmasına yönəlmiş mühüm təminat mexanizmi də yer alıb. Belə ki, kompensasiya dəstəyinin tətbiq olunacağı 5 il ərzində qeyri-neft-qaz məhsullarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanması xidmətlərinə görə yığımların artırılmasına yol verilmir. Bu qayda KOB subyektləri üçün ixrac xərclərinin əvvəlcədən proqnozlaşdırıla bilməsini təmin edir, sahibkarların qeyri-müəyyən xərclərlə üzləşməsinin qarşısını alır və ümumilikdə əlavə maliyyə risklərinin azaldılmasına xidmət edir.
Nəticə etibarilə fərman Azərbaycan iqtisadiyyatında neftdənkənar sahənin inkişafına və ixrac potensialının gücləndirilməsinə xidmət edən mühüm sənəddir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"