Dünyanın böyük ümidlə gözlədiyi həlledici məqam, nəhayət, gəlib çatdı. Qlobal iqtisadiyyatı və təhlükəsizliyi təhdid edən, aylarla bitməyən gərginlikdən sonra beynəlxalq birliyin nəfəsini dərib gözlədiyi o tarixi addım atıldı. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında müharibəyə son qoymaq və Hörmüz boğazını açmaq üzrə Anlaşma Memorandumu imzalandı.
Fransada keçirilən G7 sammiti çərçivəsində Versal sarayında dövlət şam yeməyindən sonra ABŞ Prezidenti Donald Tramp sənədin kağız variantını imzalayaraq sazişin dərhal qüvvəyə mindiyini elan edib. Paralel olaraq Tehranda İran Prezidenti Məsud Pezeşkian da eyni sənədə imza atıb. Pakistan Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə əldə olunan bu tarixi razılaşma üçün İsveçrədə rəsmi imza mərasiminin keçirilməsi gözlənilir.
2026-cı ilin iyun ayı Yaxın Şərq tarixində ən kritik dönəmlərdən biri kimi yadda qaldı. ABŞ və İran arasında razılaşdırılan yeni sülh memorandumu qlobal siyasətdə böyük bir hadisədir. Bu razılaşma Yaxın Şərqi uzun müddətdir davam edən aktiv hərbi münaqişə riskindən uzaqlaşdırır. Xüsusilə son aylar regionda gərginliyin pik həddə çatması qlobal enerji bazarlarına və logistik dəhlizlərə birbaşa təhdid yaradırdı. Bu baxımdan imzalanan memorandum bütün dünya nizamı üçün mühüm bir nəfəslik rolunu oynayır. İndi region ümidverici bir siyasi mərhələyə qədəm qoydu.
Beynəlxalq ekspertlər bu hadisəni sıradan bir atəşkəs kimi görmürlər. ABŞ Vitse-prezidenti Cey.Di.Vens müsahibəsində bu barədə çox mühüm fikirlər səsləndirib. Onun sözlərinə görə, ərəb ölkələri bu sülh planına, sadəcə, bir sənəd kimi baxmırlar. Onlar bu razılaşmanı "Yaxın Şərqdə yeni dövrün başlanğıcı" kimi qiymətləndirirlər. Vitse-prezident həmçinin vurğulayıb ki, Ağ Ev bu dəfə regional müttəfiqlərin təhlükəsizlik qayğılarını tamamilə nəzərə alıb və prosesi onlarla koordinasiyalı şəkildə idarə edir.
İmzalanan memorandum tam və yekun sülh müqaviləsi deyil. Analitiklər bunu saziş bağlamaq üçün əldə olunmuş razılaşma adlandırırlar. Qarşıda çox çətin keçəcək 60 günlük bir müzakirə müddəti var. Bu müddət ərzində diplomatlar onilliklər boyu həll oluna bilməyən mürəkkəb texniki və siyasi suallara cavab tapmalıdırlar.
Razılaşmanın ən böyük praktik uğurlarından biri müharibə dövründə bağlanan və qlobal neft ticarətinin əsas damarı sayılan strateji Hörmüz boğazının yenidən tam şəkildə naviqasiyaya açılmasıdır. Dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təqribən 20 faizinin (beşdəbirinin) məhz bu boğazdan keçdiyini nəzərə alsaq, buradakı təhlükəsizliyin qlobal iqtisadiyyat üçün nə dərəcədə həlledici əhəmiyyət daşıdığı aydın olar. Sənədə əsasən, ilk 60 gün ərzində gəmilərdən heç bir keçid haqqı alınmayacaq və ABŞ-nin İran limanlarına qoyduğu hərbi blokada 30 gün ərzində qaldırılacaq. Həmçinin bu müddətdə sulardakı minaların təmizlənməsi də nəzərdə tutulur. Bununla belə, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf dövlət televiziyasına müsahibəsində boğazın müharibədən əvvəlki statusuna tam qayıtmayacağına işarə vuraraq, 60 günlük güzəştli dövr bitdikdən sonra gələcəkdə rüsum tətbiq edilə biləcəyini vurğulayıb.
Boğazın açılması xəbəri beynəlxalq bazarlarda neftin qiymətinin dərhal aşağı düşməsinə səbəb olub. Belə ki, "Brent" markalı neft ucuzlaşaraq 78,79 dollara enib. Bu azalma qlobal iqtisadi sabitlik, xüsusilə də inflyasiya təzyiqləri ilə mübarizə aparan Qərb bazarları üçün böyük müsbət siqnal hesab olunur. Prezident Tramp da bu addımın dünyanı "böyük bir iqtisadi depressiya"dan xilas etdiyini bildirib.
Bundan başqa, ABŞ İrana qarşı neft satışına qoyulan qadağaları dərhal dondurur və ölkənin neftini sərbəst satmasına icra icazələri verir. Gələcəkdə isə ABŞ və BMT-nin tətbiq etdiyi bütün sanksiyaların tamamilə ləğvi nəzərdə tutulur ki, bu da 2015-ci il nüvə sazişinin şərtlərindən daha böyük bir güzəştdir. Həmçinin intensiv bombardmanlardan sonra İranın bərpası üçün təxminən 300 milyard dollarlıq bir fond yaradılması qeyd olunur. ABŞ rəsmiləri və Prezident Tramp Ağ Evin bura bir sent belə ödəməyəcəyini, bu vəsaitin İranın dondurulmuş aktivlərinin geri qaytarılması və region ölkələrinin investisiyaları hesabına formalaşacağını açıqlayıblar.
Yaxın Şərq hazırda böyük bir yolayrıcındadır. ABŞ-İran razılaşması regiona uzun müddətdən sonra ilk dəfə olaraq sülh və əməkdaşlıq şansı verib. Lakin unutmaq olmaz ki, bu sülh hələ çox kövrəkdir. Tərəflərin bir-birinə olan etibarsızlığı növbəti iki ay ərzində hər an prosesi poza və hər hansı bir təxribat və ya daxili siyasi təzyiqlər diplomatların aylarla çəkdiyi zəhməti heçə endirə bilər. 60 gün ərzində nüvə proqramı və Hörmüz boğazının statusu ilə bağlı yekun, hüquqi cəhətdən möhkəm bir müqavilə sayəsində Yaxın Şərqdə həqiqətən də sabitlik və əməkdaşlıqla dolu yeni bir dövr başlaya bilər.
Təhminə VERDİYEVA,
"Azərbaycan"