13 İyun 2026 08:50
213
SİYASƏT
A- A+
Müasir tariximizin qürur səhifəsi

Müasir tariximizin qürur səhifəsi


Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhvolma təhlükəsindən xilas etdi


Müdriklərin fikridir: şəxsiyyətlər öz varlıqları, nəcib əməlləri ilə zamanı tarixə çevirirlər. 15 İyun - Milli Qurtuluş Günü də böyük şəxsiyyətin, Ulu Öndər Heydər Əliyevin tarixdəki möhtəşəm imzalarındandır. Həmin gün Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu və milli dövlətçilik tariximizin ən əlamətdar məqamlarından biri kimi yaddaşlara yazıldı. Müstəqil Azərbaycan dövlətinin tarixdəki ən böyük uğurları Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkəni bəlalardan xilas etmək üçün hakimiyyətə qayıtdığı bu gündən başlanır. 

15 İyun müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın üzləşdiyi ağır siyasi, iqtisadi və hərbi böhranlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymasının rəmzi hesab olunur. Milli Qurtuluş Günü xalqın öz dövlətini qorumaq, müstəqilliyini yaşatmaq və gələcəyini təmin etmək əzminin təcəssümü olmaqla yanaşı, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynamış Heydər Əliyevin möhtəşəm fəaliyyətinin tarixi əhəmiyyətini özündə əks etdirir. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Əsrlərin sınağından keçərək min bir əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan bir millətin özünün özünə qayıdışı idi. Bu, dilimizin, milli-mənəvi dəyərlərimizin, unudulmuş, yaddan çıxmış bir çox həqiqətin, eyni zamanda bizə öz real gücümüzü, mənəvi bütövlüyümüzü dərk etməyimizin qayıdışı idi və bununla ölkəmiz özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli bir mərhələsinə qədəm qoydu. Azərbaycanı regionun ən inkişaf etmiş dövlətinə çevirə bildi. 


Bir istefa tarixi və faciələrimiz


Azərbaycan xalqı ötən əsrin sonlarında güclü təzyiqlərə məruz qaldı. Dövlət müstəqilliyimizin bərpasına nail olsaq da, bir-birinin ardınca baş verən hadisələr ölkəni xaos və anarxiyaya sürükləyirdi. Sıralarımızdan minlərlə qurban verirdik. İşğalla, müharibə vəziyyəti, sosial-iqtisadi böhranla, çox ağır keşməkeşlərlə üz-üzə qalmışdıq. 

Keçmiş SSRİ-nin dağılması isə labüd proses idi: yol əvvəldən düzgün seçilmədiyindən və zamanın çağırışları nəzərə alınmadığından nəhəng imperiyanın çöküşü əvvəl-axır baş verəcəkdi. Faciə onda oldu ki, bu prosesin ən həlledici və qanlı-qadalı mərhələsi məhz Azərbaycanda başlandı və xalqımız üçün böyük qurbanlar hesabına başa gəldi. Əsas səbəbsə o kritik anlarda taleyimizin əsl liderin deyil, yaranmış vəziyyəti fürsət bilib irəli çıxan təsadüfi adamların əlində olmasında idi. Buna görə də Azərbaycan xalqının ötən əsrin 80-ci illərinin sonlarına doğru üzləşdiyi böyük faciələrin məhz Ulu Öndərin siyasi hakimiyyətdən kənarlaşdırılmasından sonra başlanması reallıqdır. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində tutduğu vəzifələrdən 1987-ci ilin oktyabrında istefa verdi. Həmin dövrdə o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü idi. Heydər Əliyev şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttin yanlış olduğunu, ortaya atılan avantüraların keçmiş ittifaqda bir araya gəlmiş xalqları və dövlətləri necə böyük faciələrə doğru apardığını görürdü. Özünəməxsus qətiyyətlə buna etirazını bildirməkdən də çəkinmirdi. Bu isə Ümummilli Liderin hakimiyyətdəki bədxahlarında qəzəb yaradır, ona qarşı məkrli planlar qurulurdu. 

İstefadan sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fəallaşdı, Qarabağ problemi kəskinləşdi, sonrakı illərdə isə xalqımız bir sıra faciələrlə üzləşdi. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələblərinin irəli sürülməsi bölgədə gərginliyi daha da artırdı. Sovet rəhbərliyinin hadisələrə ikili standartlarla yanaşması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından deportasiya olundu, milli qarşıdurma dərinləşdi.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi Azərbaycan xalqının azadlıq mübarizəsində ən faciəli səhifələrdən biri oldu. Həmin gecə yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı. Bu hadisə sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Sonrakı illərdə Qarabağ müharibəsi daha da genişləndi. Azərbaycan torpaqlarının işğalı davam etdi, minlərlə insan şəhid oldu, yüz minlərlə vətəndaş qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı isə xalqımızın yaddaşına ən ağır faciələrdən biri kimi həkk olundu. 1991-1993-cü illərdə ölkə daxilində siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül və idarəetmədə yaranmış problemlər Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoyurdu. Dövlət müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi getdikcə artırdı. Ölkədə müxtəlif silahlı dəstələr fəaliyyət göstərir, mərkəzi hakimiyyətin təsir imkanları zəifləyirdi. Cəbhədə uğursuzluqlar davam edir, rayonlar bir-birinin ardınca işğal olunurdu. İqtisadiyyat iflic vəziyyətinə düşmüş, sənaye istehsalı kəskin azalmış, əhalinin sosial vəziyyəti ağırlaşmışdı. Hüquq-mühafizə orqanlarının fəaliyyəti zəiflədiyindən cinayətkarlıq artır, qanunçuluq prinsipləri pozulurdu.

1993-cü ilin iyun hadisələri isə ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Ayrı-ayrı bölgələrdə separatçı meyillər baş qaldırır, dövlətin parçalanması təhlükəsi yaranırdı. Azərbaycan müstəqilliyini itirmək və siyasi xəritədən silinmək kimi ciddi təhlükə ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalq çıxış yolunu böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görürdü.


Zamanın çağırışı


O zaman ölkə rəhbərliyində olan qətiyyətsiz simalar yaranmış böhranı idarə edə bilmirdilər. Proseslər təhlükəli miqyas alırdı. Daha sonra küçə-meydan eyforiyası ilə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat iqtidarının səriştəsizliyi isə daha acınacaqlı vəziyyətə gətirib çıxardı. Hakimiyyətə naşı adamların rəhbərlik etməsi, ölkədəki qanunsuz silahlı dəstələrin başıpozuq əməlləri, xarici siyasətdəki kobud yanlışlar, sosial-iqtisadi şəraiti getdikcə ağırlaşdıran düşünülməmiş qərarlar Azərbaycanı böyük fəlakətlərə sürükləyirdi. Digər tərəfdən hakimiyyət daxilindəki qruplaşmalar müharibə şəraitində yaşayan ölkənin ən böyük faciələrindən birinə çevrilmişdi. Cəbhə bölgəsindəki rayonlarımız bu qruplaşmaların, onların xalqa xəyanətlərinin qurbanı oldu. Şuşa, Laçın kimi strateji rayonlarımız hakimiyyət davasının nəticəsi kimi düşmənə təhvil verildi. Bəzi qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü. Keçmişin hadisə və proseslərinin diqqətlə təhlili sübut edir ki, əgər o illərdə Heydər Əliyev ali hakimiyyətdə təmsil olunsaydı, Azərbaycanı təsadüfi kəslər deyil, güclü Lider idarə etsəydi, erməni millətçiləri heç zaman öz çirkin əməllərinə əl atmağa cəsarət etməyəcəkdilər.

Belə bir çətin şəraitdə Azərbaycan ziyalıları, elm və mədəniyyət xadimləri, ictimai-siyasi fiqurlar ölkəni düşdüyü böhrandan çıxarmaq üçün təşəbbüslə çıxış etdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı tərəfindən Heydər Əliyevə ünvanlanan müraciət tarixə "91-lərin müraciəti" kimi düşdü. Bu müraciət təkcə siyasi çağırış deyil, həm də xalqın taleyinə biganə qalmayan ziyalıların ölkənin gələcəyi üçün məsuliyyət hissinin ifadəsi idi.

Müraciətdə açıq şəkildə qeyd olunurdu ki, Azərbaycan ağır müharibə şəraitində, daxili siyasi parçalanma və idarəetmə böhranı ilə üz-üzə qalıb. Ölkənin bu vəziyyətdən çıxması üçün xalq arasında böyük nüfuza malik, zəngin dövlətçilik təcrübəsi olan bir liderə ehtiyac var idi. Bu səbəbdən ziyalılar o dövrdə Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət edərək onu ölkənin siyasi həyatına qayıtmağa və yeni siyasi təşkilatın yaradılmasına rəhbərlik etməyə çağırdılar.

Müraciət Azərbaycanda ictimai-siyasi proseslərə ciddi təsir göstərdi. Xalq arasında geniş dəstək qazanan bu təşəbbüs yeni siyasi qüvvənin formalaşmasına zəmin yaratdı və 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası təsis olundu. Partiyanın yaradılması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və dövlətçilik tarixində mühüm hadisə hesab olunur. Heydər Əliyev partiyanın sədri seçildi və bu təşkilat qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.

"91-lər" hərəkatı həm də Azərbaycan cəmiyyətində milli birlik ideyasının güclənməsinə xidmət etdi. Bu təşəbbüs ölkənin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ziyalıların məsuliyyətli mövqeyini nümayiş etdirdi. Onların çağırışı yalnız bir şəxsin siyasi həyata dəvəti deyildi, həm də dövlətçiliyin qorunması və milli maraqların müdafiəsi üçün birləşmək zərurətinin ifadəsi idi. 


Böyük qayıdış


Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdaraq 6 gün sonra - iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, bununla da vətəninin xilasına nail oldu. Böyük rəhbər həyatını təhlükə altında qoyub vətəndaş müharibəsinin qarşısını aldı. Gəncədə baş vermiş qiyamı yatırdı. Şimalda "Sadval" hərəkatının qarşısı qətiyyətlə alındı. Ölkənin cənub bölgəsində "elan" edilmiş qondarma "Talış-Muğan Respublikası" ilə bağlı ciddi tədbirlər görüldü. Bir sözlə, ölkə xaos, anarxiya məngənəsindən qurtuldu. Azərbaycan insanlarında gələcəyə böyük ümidlər yarandı. Dövlət müstəqilliyinə, demokratiyaya, azad bazar iqtisadiyyatına yaranmış inamsızlıq aradan qaldırıldı. Müstəqilliyini yenicə qazanmış Azərbaycan Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik qərarları sayəsində rəvan inkişaf yoluna çıxdı və gələcək uğurlarına doğru ilk böyük addımlarını atdı. Beləliklə, 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev o çətin, keşməkeşli dövrdə Azərbaycanı sözün əsl mənasında xilas etdi. "...Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir". 1993-cü il iyunun 15-də - Milli Qurtuluş Günündə Ulu Öndər Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin qarşısında belə bəyan etmişdi. Böyük rəhbər Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etdi. Ölkədə nizam-intizam yaratdı, xaosa, qarşıdurmalara son qoydu. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Ulu Öndər mükəmməl dövlətçilik təcrübəsi ilə yaxşı bilirdi ki, istənilən problemlərin yoluna qoyulması, mütərəqqi ideyaların həyata keçirilməsi üçün ilk növbədə sabitlik lazımdır. İnsanların həyat və sağlamlığının qorunması, onlarda gələcək barədə əminliyin yaradılması, cəmiyyəti təhdid edən təhlükələrin ortadan götürülməsi zəruridir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin ilk aylarından cəmiyyətdə ictimai-siyasi sabitliyi təmin etməyə başladı. Siyasi mübarizənin küçələrdə, meydanlarda, hərbiləşdirilmiş qruplaşmalar arasında silah gücü ilə, insanların qanı, ailələrin faciəsi hesabına aparılması ənənəsinə son qoydu. Xalqın, dövlətin taleyi ilə bağlı qərarların cəmiyyətin öndə gedən insanlarının, seçilmiş nümayəndələrinin müzakirələrində, intellektin, biliyin, ağlın gücü ilə verilməsi ənənəsini formalaşdırdı. 

Heydər Əliyev Azərbaycana yeni bir siyasi mədəniyyət gətirdi. Ulu Öndər insanlarımızda dövlətçilik şüuru, vətəndaşlıq məsuliyyəti formalaşdırdı, fərdlərin siyasi mövqeyi ilə dövlətçilik dəyərlərinə münasibəti arasındakı fərq barədə aydın təsəvvür yaratdı. Göstərdi ki, siyasi mövqeyindən, məsələlərə yanaşmalarından asılı olmayaraq dövlətçilik dəyərlərinə münasibətdə hər kəs bütün fikir ayrılıqlarını kənara qoyub zərbəni bir yerə vurmağı bacarmalı, xalqın milli mənafelərinə xidmət etməlidir. 

Ulu Öndər cəmiyyətimizdə milli vəhdət yaratdı. İrəli sürdüyü azərbaycançılıq ideologiyası ilə milli mənsubiyyətindən, dilindən, dinindən, eləcə də hazırda dünyanın hansı məkanında yaşamasından asılı olmayaraq, Azərbaycanı özünə vətən bilən, yurduna qəlbən bağlı olan hər bir azərbaycanlını vahid hüquqi kimlik işığında birləşdirdi.


Xalqın və dövlətin gələcəyi naminə


Heydər Əliyev ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi. Çünki iqtisadi müstəqillik olmadan dövlətin siyasi müstəqilliyinə, öz taleyinə, öz sərvətlərinə, öz gələcəyinə sahib çıxması mümkün deyil. Həyata keçirilən demokratik islahatların, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin öz hədəflərinə çatması da ölkənin iqtisadiyyatından asılı idi. Ulu Öndər üçün Azərbaycanın iqtisadi müstəqilliyi, sadəcə, bəyanat deyildi, bu proses ardıcıl strategiya kimi addım-addım həyata keçirilir və çoxsaylı nailiyyətlər, vahid nəticələr yaradırdı.

Ölkənin iqtisadi inkişafına doğru həlledici addımların atılması, investisiyaların cəlbi, qlobal iqtisadi layihələrin həyata vəsiqə qazanması üçün müharibə vəziyyətinin olmaması zəruri idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin hərbi münaqişəyə cəlb olunması buna maneə yaradırdı. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə edilməsi Azərbaycanın böyük bir dövr ərzində sülhə nail olmasına, bütün resursları ölkənin iqtisadi inkişafına, xarici tərəfdaşlıq əlaqələrinin genişlənməsinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə, demokratik islahatlara, eləcə də ordu quruculuğuna, insanların sosial müdafiəsinə yönəltməsinə imkan yaratdı. Həm də müharibədə insan itkilərinin qarşısı alındı.

Güclü ordu quruculuğu Ulu Öndərin ən ümdə məqsədlərindən biri idi. Heydər Əliyev Azərbaycanın gələcəyi üçün müəyyən hərbi potensialı zəruri sayır, eyni zamanda azərbaycanlı gənclərin hərbi biliklərə yiyələnərək bu elitada özlərinə layiqli yer tutmalarına xüsusi əhəmiyyət verirdi. Ona görə də hələ sovetlər ittifaqı dövründə Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinə rəğmən azərbaycanlıların hərbi sahəyə marağını təmin etməkdən ötrü əsaslı tədbirlər görürdü. 

Ümummilli Liderin siyasi iradəsi sayəsində 1994-cü il sentyabrın 20-də dünyanın transmilli korporasiyaları ilə "Əsrin müqaviləsi" imzalandı. "Əsrin müqaviləsi"ndən sonra Böyük İpək yolu, "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum" və s. bu kimi layihələr reallaşdırıldı. Ulu Öndərin müəyyən etdiyi yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının inkişafı üçün həyat qaynağı rolunu oynadı. Ölkədə işsizlik, yoxsulluq səviyyəsi tədricən azalmağa başladı, sosial problemlər addım-addım həllini tapdı, əhalinin maddi rifah halı yaxşılaşdı, ən əsası insanların sabaha ümidləri artdı.

1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra müxtəlif fəaliyyət sahələri üzrə qanunvericilik bazası formalaşdırıldı, mövcud normalar dövrün tələblərinə, zamanın çağırışlarına uyğunlaşdırıldı. Azərbaycan həmçinin diplomatik müstəvidə üstünlük qazanmağa başladı, Ermənistanın ölkəmizə qarşı işğalı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, erməni diasporunun uzun illər ərzində ətrafımızda qurduğu informasiya blokadası yarıldı. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında demokratik islahatlarla bağlı üzərinə götürdüyü öhdəlikləri qısa müddətdə və əzmlə yerinə yetirərək beynəlxalq birliyin layiqli üzvü kimi mövqelərini möhkəmləndirdi.

Bütün varlığı ilə milli ruha bağlı olan Ümummilli Lider müstəqillik dövründə də xalqımızın milli-mənəvi dəyərlərinə, ana dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, elmimizə sahib çıxdı, ziyalılarımıza dəstəyi, diqqət və qayğısı ilə onların nüfuzunu daha da gücləndirdi. Təhsili xalqımız üçün böyük bir dəyərə çevirdi, belə bir həqiqəti hər kəsə anlatdı ki, gələcək inkişafın yeganə açarı təhsildə, müasir dünyamızın elm və biliklərinə yiyələnərək onları həyatda tətbiq etməkdədir.

Heydər Əliyev dövlətimiz qarşısında strateji hədəfləri müəyyənləşdirdi, bu hədəflərə doğru aydın yolu göstərdi və özünün ideyalarını, arzularını həyata keçirməyə qadir qüdrətli Lideri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi cəmiyyətə təqdim edərək müstəqil dövlətimizin inkişaf yolunun əbədiliyini təmin etdi. Azərbaycan Prezidenti bu yola, bu ideyaya, bu prinsiplərə sadiqliklə müstəqil dövlətimizi tarixinin ən qüdrətli dövrünə, xalqımızı ən böyük qələbəyə - Qarabağın, Şərqi Zəngəzurun azadlığına yetirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad edən, erməni vandallarının dağıdıb xaraba qoyduqları yurdlarımızda abadlıq mənzərələri yaradan Azərbaycan bu gün regiondakı yeni tarixi reallıqların əsas müəllifidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biridir. Türk dünyasının bir araya gəldiyi əsas mərkəzlərdəndir. Şərqlə Qərbin qovuşduğu məkandır. Dünyamızın gələcəyi üçün çox mühüm qlobal təşəbbüslərə evsahibliyi edən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bütün dünyada mədəniyyət işığını yayan, multikulturalizm, sivilizasiyalar arasında dialoq təşəbbüslərini təbliğ edən ölkədir. Azərbaycan bu gün dünyada hər kəsin güvəndiyi və özü haqqında bu güvəni illərin sınaqları ilə qazanmış etibarlı tərəfdaşdır.

Bu gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi uğurların təməlində məhz 1993-cü ilin Milli Qurtuluş ideyaları dayanır. 15 İyun - Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik əzminin təntənəsi kimi tariximizdə əbədi yaşayacaq, gələcək nəsillərə müstəqilliyin və güclü dövlətin dəyərini xatırladan möhtəşəm bir tarix olaraq qalacaqdır.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!