Son günlər Milli Məclisdə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər cəmiyyətdə geniş maraq doğurub. Xüsusən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı tələblərin hüquqi əsaslarla müəyyənləşdirilməsi məsələsi müxtəlif müzakirələrə səbəb olub. Təəssüf ki, bəzi hallarda bu dəyişikliklərin mahiyyəti düzgün anlaşılmır və ictimaiyyətdə müəllimlər üçün vahid geyim formasının tətbiq ediləcəyi barədə yanlış təsəvvür yaranır.
Əslində isə qanun layihəsində söhbət müəllimlərin eyni rəngdə, biçimdə geyinməsindən getmir. Başqa sözlə desək, söhbət vahid formadan deyil, vahid qaydalardan, peşəyə və təhsil mühitinə uyğun geyim mədəniyyətindən gedir.
Yaddan çıxarmayaq ki, məktəb, sadəcə, bilik verilən məkan deyil, eləcə də şəxsiyyəti formalaşdıran, milli-mənəvi dəyərləri yaşadan, gələcək vətəndaşı tərbiyə edən müqəddəs ocaqdır. Bu mühitdə müəllimin rolu yalnız dərs deməklə məhdudlaşmır. Müəllim həm də şagird üçün davranış nümunəsi, nitq mədəniyyətinin daşıyıcısı, həyat tərzinin və dünyagörüşünün formalaşmasına təsir göstərən şəxsdir. Şagird müəllimin dediklərini dinlədiyi kimi, onun davranışına, münasibətinə və zahiri görünüşünə də diqqətlə baxır. Məhz buna görə müəllimin geyimi şəxsi seçim çərçivəsini aşaraq ictimai məsuliyyət məsələsinə çevrilir. Heç çəkinmədən deyə bilərik ki, müəllimin səliqəli, peşəkar və məktəb mühitinə uyğun görünüşü tədris prosesinin ciddi qəbul edilməsinə, müəllim nüfuzunun qorunmasına və məktəbdə sağlam psixoloji atmosferin formalaşmasına xidmət edir.
Əslində bu yanaşma dünya təcrübəsində də geniş yayılıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində müəllimlər üçün vahid uniforma tətbiq olunmur. Lakin məktəblərdə işgüzar geyim qaydaları mövcuddur və bu qaydalara əməl olunması peşə etikasının vacib tələbi hesab edilir.
Azərbaycan cəmiyyətində isə bu məsələnin daha dərin mənəvi kökləri var. Xalqımız əsrlər boyu geyimə təkcə zahiri görünüş kimi baxmayıb. Milli düşüncəmizdə geyim insanın daxili aləminin, tərbiyəsinin, əxlaqının və dünyagörüşünün ifadəsi kimi qəbul olunub. Azərbaycan ailəsində uşağa ilk öyrədilən dəyərlərdən biri də abır-həya, ismət və özünə hörmət hissidir. Bu dəyərlər isə insanın davranışında olduğu kimi, geyimində də öz əksini tapır.
Təsadüfi deyil ki, xalq arasında "İnsan geyiminə görə qarşılanar, ağlına görə yola salınar" kimi hikmətli ifadələr formalaşıb. Bu fikir geyimin insan haqqında ilkin təsəvvür yaratdığını göstərir. Müəllim isə cəmiyyətin ən hörmətli peşə sahiblərindən biri olduğuna görə onun zahiri görünüşü də peşəsinin nüfuzuna uyğun olmalıdır. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə gənc nəslin müxtəlif təsirlərlə üzləşməsi təbiidir. Belə şəraitdə məktəb həm də milli-mənəvi immunitet formalaşdıran mühüm təsisatdır. Məktəbdə hökm sürən nizam-intizam, davranış mədəniyyəti və estetik mühit şagirdlərin şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir.
Müəllimlərin geyimi ilə bağlı müəyyən qaydaların tətbiqi də məhz bu məqsədə xidmət edir. Burada heç bir məhdudiyyət və ya eyniləşdirmə yoxdur. Əksinə, müəllimə öz fərdi seçimini qorumaq imkanı saxlanılır, sadəcə, həmin seçimin peşənin nüfuzuna, məktəb mühitinə və pedaqoji etikaya uyğun olması tələb edilir.
Məsələnin başqa bir mühüm tərəfi də sosial bərabərlik və psixoloji mühitlə bağlıdır. Təhsil müəssisəsində həddindən artıq diqqətçəkən, nümayişkaranə və ya qeyri-rəsmi geyim üslubları istər-istəməz şagirdlərin diqqətini tədrisdən yayındıra bilər. Halbuki məktəbdə əsas diqqət bilik, təlim və tərbiyə prosesinə yönəlməlidir. Peşəkar geyim standartları isə təhsil mühitində məhz bu balansın qorunmasına kömək edir.
Bu təşəbbüsə milli dəyərlər prizmasından baxdıqda da onun əhəmiyyəti aydın görünür. Azərbaycan müəllimi tarix boyu cəmiyyətin mənəvi sütunlarından biri olub. Kənd məktəbində çalışan sadə müəllimdən tutmuş böyük alimlərə qədər bütün pedaqoqlar xalqın yaddaşında ilk növbədə bilik, ləyaqət, təvazökarlıq və mənəvi saflıq nümunəsi kimi qalıblar. Bu ənənənin qorunması gələcək nəsillərin sağlam tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ona görə də "Ümumi təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərə vahid forma tətbiqi kimi deyil, məktəbdə peşəkar mühitin, pedaqoji etikanın və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi baxmaq lazımdır. Burada məqsəd müəllim nüfuzunu daha da yüksəltmək, məktəbin tərbiyə funksiyasını gücləndirmək və təhsil mühitində vahid peşəkar yanaşmanı təmin etməkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"