Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən ABŞ şirkəti yenə bizimlədir
Son dövrlər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında iqtisadi əməkdaşlıq bir çox sahə üzrə genişlənməkdədir. Bununla belə, iqtisadi münasibətlərin əsas dayaqlarından biri olaraq enerji sektoru qalır. ABŞ-nin bir sıra qlobal şirkətləri ölkəmizin neft-qaz sənayesində mühüm rol oynayır. O cümlədən "ExxonMobil" uzun illərdir Azərbaycandadır.
Əvvəlcə "ExxonMobil" şirkəti haqqında qısa məlumat: bu, ABŞ-nin ən böyük neft şirkətlərindən biri sayılır. Şirkətin baş ofisi Texas ştatının Dallas şəhərinin ətrafında olan İrvinqdə yerləşir. "ExxonMobil"ın əsas neft ehtiyatları Asiya və ABŞ-də, təbii qaz ehtiyatları isə ABŞ, Avstraliya, Asiya və Avropadadır.
Hazırkı şirkət 1999-cu ildə ABŞ-nin ən böyük neft şirkətləri olan "Exxon" və "Mobil"ın birləşməsi nəticəsində yaranıb. O, ümumiyyətlə, dünyanın ən aparıcı enerji şirkətlərinin sırasında dayanır və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir.
"ExxonMobil" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 1995-ci ildə qoşulub. Yəni 1994-cü ildə imzalanan AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişindən bir il sonra layihənin iştirakçıları sırasına daxil olub. 2017-ci ildə müqavilənin müddəti 2049-cu ilin sonunadək uzadılarkən də bu sırada qalıb və hazırda AÇG layihəsində 6,79 faiz payına malikdir.
"ExxonMobil" eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir. Əslində, bunlar o deməkdir ki, "ExxonMobil" bir sanballı ABŞ şirkəti olaraq Azərbaycanın yeni neft strategiyasının keçdiyi inkişaf yollarında daim bizimlə olub və bu gün də belədir.
Xatırladaq ki, cari ayın əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında da "ExxonMobil"ın respublikamızdakı fəaliyyəti qeyd olunmuşdur. Onu da deyək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak etmişlər. Bir daha vurğulanmışdır ki, bu tərəfdaşlıq Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışları və liderliyinə əsaslanır. 2025-ci ilin avqustunda dövlətimizin başçısının Vaşinqtona tarixi səfəri və həmin səfər zamanı siyasi anlaşma əldə olunduğu, Strateji Tərəfdaşlıq Xartiyasına dair memorandumun razılaşdırıldığı xatırlanmışdır.
Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərini bir daha yada salaq. Bu səfər çərçivəsində avqustun 7-də dövlətimizin başçısı və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanmışdır. Həmin vaxt Prezidentimiz media nümayəndələrinə müsahibəsində "ExxonMobil" və SOCAR arasında əməkdaşlıq haqqında imzalanmış bu Anlaşma Memorandumunun əhəmiyyətli bir layihə ilə nəticələnəcəyinə əmin olduğunu bildirmişdir: "Burada xüsusi nümayəndə cənab Vitkovun, ABŞ enerji nazirinin müavininin və mənim iştirakımla keçirilən imzalanma mərasimi əslində göstərir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, Anlaşma Memorandumunun imzalanmasında iştirak etməzdik. Mən nadir hallarda Anlaşma Memorandumunun imzalanmasında iştirak edirəm. Bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, amma bu, sadəcə, bir Anlaşma Memorandumudur. Lakin bizim ixtiyarımızda çoxlu texniki amillər var ki, bunlar böyük bir karbohidrogen yatağının kəşfinə işarə edir".
"ExxonMobil" hər il keçirilən ənənəvi Bakı Enerji Həftəsinin daimi iştirakçılarındandır. Ümumiyyətlə, Azərbaycan və şirkət arasında daimi təmaslar mövcuddur. Məsələn, keçən ilin mart ayında uzunmüddətli enerji tərəfdaşlığının inkişafı üçün yeni imkanlar müzakirə olunmuşdur. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "ExxonMobil" şirkətinin vitse-prezidenti John Ardill ilə səmərəli görüşü olmuş, tərəfdaşlığın perspektivləri dəyərləndirilmişdir. Görüşdə şirkətlə AÇG və BTC layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilmişdir. Yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.
Bütün bu hadisələr də göstərir ki, Azərbaycan-ABŞ iqtisadi əlaqələrində enerji əməkdaşlığı mühüm istiqamətlərdən biri olaraq qalacaq. Enerji dedikdə neft, qaz, potensial kimi bərpaolunan mənbələr nəzərdə tutulur.
Flora SADIQLI,
"Azərbaycan"