"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtda "Milli Xalq Oyunları" Festivalı keçirilib.
Paytaxtımızın gözəl məkanlarından olan Rixard Zorge adına parkda təşkil edilən və milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalında iştirakçı müəllim və şagirdlər, həmçinin onun həyata keçirilməsinə dəstək və köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyinin məsul şəxsləri, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK - Beynəlxalq Musiqi Tədris Mərkəzi, Azərsun Holdinq iştirak ediblər.
Festival çərçivəsində layihə üzrə əldə olunan nəticələr təqdim edilib, iştirakçılar üçün müxtəlif milli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub. Belə ki, festivalda qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. Festival boyunca Dj iştirakçıları əyləndirib, Fase art, köpük şou, animatorların çıxışları, gənc müğənnilər Aysu Sadıqzadə, Aylin Səlimova, Dəniz Hüseynzadə və Safiya Allahverdiyeva ifaları ilə iştirakçıları şənləndiriblər.
Sonda layihədə aktiv iştirak edən 6 müəllim mükafatlandırılıb, layihəyə cəlb olunan 120 şagirdə sertifikatlar verilib.
"Azərbaycan"