30 İyul 2026 09:10
218
Mədəniyyət
A- A+
Zəngin irsdən texnoloji gələcəyə

Zəngin irsdən texnoloji gələcəyə


Müasirlik və tarixi yaddaş Azərbaycan memarlığının təməl prinsipidir


Müasir dövrdə şəhərsalma siyasəti hər bir dövlətin sosial-iqtisadi inkişafını müəyyən edən əsas sahələrdən biri hesab olunur. Dünyada urbanizasiya prosesinin sürətlənməsi, əhalinin meqapolislərdə sıx məskunlaşması və ekoloji problemlərin artması şəhərlərin planlı şəkildə inkişaf etdirilməsini daha vacib edir. Bu baxımdan müasir şəhərsalma artıq insanların rahat yaşayışının təmin olunması, ekoloji təhlükəsizliyin qorunması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tarixi-mədəni irsin yaşadılması kimi mühüm istiqamətləri əhatə edir.

Azərbaycan da son illər şəhərsalma sahəsində mühüm uğurlar əldə edən ölkələr sırasında yer alır. Yurdumuzun müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri müasir inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Yeni yolların, körpülərin və tunellərin tikilməsi, park və bulvarların, xiyabanların salınması, yaşayış komplekslərinin və sosial obyektlərin inşası şəhərlərin simasını tamamilə dəyişib. Xüsusilə Bakıda həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın müasir şəhər modelinə keçidinin nümunəsi hesab olunur. Bununla yanaşı, regionlarda da aparılan abadlıq işləri ölkənin hərtərəfli inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. 

2026-cı il Azərbaycanın şəhərsalma tarixində yeni bir dövrün başlanğıcıdır. Məlumdur ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Bu qərar ölkənin çoxəsrlik memarlıq irsinin qorunması, müasir urbanizm standartlarının tətbiqi və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərinin beynəlxalq miqyasda tanıdılması məqsədini daşıyır. Sərəncamda oxuyuruq: "Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir". UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz - qədim və Orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlardır.  Bu il Bakının daha bir böyük BMT platformasına - Ümumdünya Şəhərsalma Forumunun 13-cu Sessiyasına (WUF13) yüksək səviyyədə evsahibliyi etməsi isə ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisi oldu. Açılış mərasimində Prezident İlham Əliyevin proqram xarakterli nitqi tədbirin ideoloji strukturları idi. Tədbirdə Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələrindən geniş danışıldı, bunların təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyasının inkişafında mühüm əhəmiyyət kəsb edildiyi bildirildi. Naxçıvan, Şamaxı, Gəncə, Şəki, Qəbələ kimi şəhərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələri olduğu qeyd edildi.

Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, yurdumuzun qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlandığı nadir məkanlardandır: "Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda qorunaraq bu günədək saxlanılıb... Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik".


Üç dövrün memarlıq harmoniyası: Bakının şəhərsalma mədəniyyəti


Əsrlər boyu "Xəzərin mirvarisi" adlandırılan Bakı, sadəcə, coğrafi mövqeyi ilə deyil, həm də daşların dilində danışan zəngin tarixi irsi ilə Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu nadir qlobal mərkəzlərdən biridir. Bu gün Azərbaycan paytaxtı bir tərəfdən İçərişəhərin qədim qala divarlarının pıçıltısını qoruyub saxlayır, digər tərəfdən intibah dövrünü yaşayan müasir memarlığı və irimiqyaslı urbanizasiya layihələri ilə gələcəyin böyük, əsrarəngiz məkanına çevrilir.

Paytaxtımızın heyranlıq doğuran şəhərsalma mədəniyyəti birdən-birə formalaşmayıb. Onun arxitekturası fərqli imperiyaların, iqtisadi sıçrayışların və sənət cərəyanlarının təsiri ilə üç əsas tarixi mərhələdə formalaşmış, bir-birini inkar etməyən, əksinə, tamamlayan möhtəşəm bir harmoniya yaratmışdır: İçərişəhər (Orta əsrlər), Neft bumu: Avropa modernizmi, müasir Bakı: futuristik üslub.

Bakının şəhərsalma mədəniyyətinin ürəyi UNESCO-nun Dünya İrsi Siyahısında yer alan İçərişəhərdir. Orta əsrlərə aid bu qapalı qala sistemi sırf müdafiə məqsədilə və Bakının amansız xəzri küləklərinin sürətini kəsmək üçün dar, dolanbac küçələr şəklində layihələndirilmişdir. Kompleksin tacı olan qədim Qız qalası və əzəmətli Şirvanşahlar sarayı şəhərin intibah dövrünün memarlıq yetkinliyini nümayiş etdirir. 

XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda yaşanan sənaye sıçrayışı şəhəri qala divarlarından kənara çıxardı. Mütəxəssislər bu dövrü ilk neft bumu və "Qafqazın Parisi" adlandırırlar. Qərb kapitalları ilə birlikdə şəhərə Avropanın aparıcı memarları - İosif Qoslavski, İosif Ploşko və Kazimir Skureviç gəldilər. Onlar Bakının milli memarlıq ənənələrini qotika, barokko və modern üslubları ilə sintez edərək əvəzsiz şah əsərlər yaratdılar. Bu gün Bakının mərkəzini bəzəyən "İsmailiyyə" sarayı, Səadət sarayı, Tarix muzeyi və Bakı Şəhər İcra Hakimiyyətinin binası məhz həmin dövrün möhtəşəm tikililəridir.

Sovet dönəmində Bakı geniş prospektlər, Hökumət Evi kimi monumental klassik tikililərlə zənginləşdi. Memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov Şərq ornamentlərini sovet konstruktivizminə ustalıqla daxil etdilər.

Müstəqillik illərində isə Bakı öz simasını tamamilə yeniləyərək dünya memarlığının mərkəzlərindən birinə çevrildi. Ən məşhur qadın memar Zaha Hadidin füsunkar xətlərlə layihələndirdiyi Heydər Əliyev Mərkəzi dünyada modernizmin ən yaxşı nümunələrindən biri sayılır. Şəhərin üzərində ucalan və onun sönməz enerjisini simvolizə edən "Alov qüllələri" (Flame Towers) isə Bakının qədim "odlar yurdu" adını müasir post-modern formalarla gələcəyə daşıyır.


Xəzərin qoynunda ucalan şəhər


Bakının şəhərsalma mədəniyyətini Xəzər dənizindən və onun incisi sayılan Dənizkənarı bulvardan ayrı təsəvvür etmək mümkün deyil. Bu məkanın memarlıq planlaşdırılması əsrlər boyu dəniz dalğalarının ritminə və sahildən gələn küləklərin xarakterinə uyğun amfiteatr üslubunda formalaşmışdır: Xəzər dənizi, Dənizkənarı bulvar (Yaşıl Qurşaq), amfiteatr planlaşdırması (ilk və orta cərgə binalar). 

Bakının relyefi təbii bir teatr zalını xatırladır. Şəhərsalma mütəxəssisləri bu relyefdən istifadə edərək binaları dəniz sahili boyu pilləli şəkildə ucaltmışlar. Bunu dənizə açılan pəncərə adlandırmışlar. Bu xüsusi planlaşdırma sayəsində şəhərin yuxarı hissələrində yerləşən binalardan belə Xəzər dənizini maneəsiz görmək mümkündür. Məkanda külək balansı da qorunur. Sahil xəttinin və küçələrin xüsusi həndəsi quruluşu həm dəniz havasının şəhərin daxilinə doğru hərəkət etməsinə şərait yaradır, həm də Bakının sərt şimal küləklərinin sürətini azaldır.

1909-cu ildə mühəndis Məmmədhəsən Hacınskinin rəhbərliyi ilə təməli qoyulan Dənizkənarı bulvar, sadəcə, bir gəzinti zonası deyildi, Bakı şəhərsalma arxitekturasının əsas tənzimləyici oxudur. Bulvar daş binalar ilə mavi Xəzər arasında nəhəng bir yaşıl bufer zonası rolunu oynayır. Sahil xətti boyunca ucalan Hökumət Evi, tarixi Dövlət Kukla Teatrı, modernist Beynəlxalq Muğam Mərkəzi və qeyri-adi xalça formasında tikilmiş Azərbaycan Milli Xalça Muzeyi dəniz mənzərəsi ilə vəhdət təşkil edir.

"Şəhərsalma və Memarlıq İli"ndə Ağ Şəhər bulvarı və Bayıl sahəsini birləşdirən yeni sahil xətti, Bakının qədim sənaye zonalarını modern və ekoloji cəhətdən təmiz istirahət məkanlarına çevirmək strategiyasının bariz nümunəsidir. Bu yeni hissə Bakının dənizlə olan unikal bağını tam əks etdirir.

Bu gün Azərbaycan modelinin əsas xüsusiyyəti tarixi irsin qorunması ilə müasir infrastrukturun yaradılması arasında balansın təmin olunmasıdır. Bu həm də Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas mahiyyətini təşkil edir. Əslində, belə yanaşma son onilliklərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışında urbanistlər, memarlar və dövlət idarəçiləri üçün ən mühüm tapşırıq inkişaf metodologiyasındakı həssas balansla bağlı oldu. Dövlətimizin başçısı şəhərlərin böyümə tempini tənzimləyərkən cəsarətli, həmçinin ehtiyatlı yanaşma prinsipini irəli sürdü: "Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq". Bu, müasir urbanizasiyanın gətirdiyi rəqəmsal innovasiyalar qəbul edərkən milli-mədəni kimliyin mühafizə dayağıdır.

Cəsarət rəqəmsal idarəetmə, "ağıllı" texnologiyalar və mikromobilliyin infrastruktura sürətlə inteqrasiyasını tələb edir. Ehtiyat isə şəhərlərin tarixi nüvəsinin, memarlıq irsinin "tikinti bumu" qarşısında qorunmasıdır. Prezidentin çıxışında bu xüsusda Bakı "Formula-1" yarışı ilə bağlı müqayisəsi, əslində, müasir urbanizasiya siyasətinin fəlsəfəsini ifadə edirdi. Yəni inkişaf sürətli olmalıdır, lakin bu proses tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Azərbaycan modeli də məhz bu prinsipə əsaslanır. Burada həm müasirlik, həm milli kimlik, həm texnoloji yenilik, həm də tarixi yaddaş birlikdə qorunur. Bakının Şərq və Qərb memarlığının nadir sintezini özündə birləşdirdiyini qeyd edən Prezident bu məsələ ilə bağlı çıxışlarında daim milli irsin gələcək nəsillərə qüsursuz ötürülməsinin vacibliyini önə çəkir.

Bu gün Azərbaycan şəhərsalma siyasəti ilə regionda yeni standartlar müəyyənləşdirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ZƏFƏR

08:00
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!