Qafarovların üçüncü nəsli çörəyini torpaqdan qazanır
Söz vaxtına çəkər. Keçən ilin bu vədələri idi. Neftçalanın Boyat kəndində yaşayan fermer Mürsəl Qafarovla pambıq tarlasında görüşdük. Söhbət zamanı əmək fəaliyyəti ilə maraqlandım.
Məlum oldu ki, rəhmətlik atası Səfər kişi də sovetlər birliyi zamanında öz kəndlərindəki kolxozda pambıqçılıq briqadiri işləyib, halal zəhməti ilə el-oba içində hörmət-izzət qazanıb. Atasının yolunu davam etdirmək, kənd təsərrüfatı sahəsində çalışmaq arzusu ilə orta məktəbi bitirəndən sonra Gəncədəki Kənd Təsərrüfati İnstitutuna (indiki Dövlət Aqrar Universiteti) qəbul olunub.
Gəncə mühiti, ali məktəb həyatı baxışını, dünyagörüşünü təkmilləşdirib. Təhsilini bitirib kəndə qayıdıb. Atasının çalışdığı təsərrüfatda işləməyə başlayıb. Lakin çox çəkmir ki, sovetlər birliyi kimi kolxoz təsərrüfatı da dağılır. Amma Mürsəl ruhdan düşmür, əksinə, sevinir. "Öz əlim, öz başım" deyib pay torpağında işləməyə başlayır. Torpağın "öldür məni, dirildim səni" səxavətini görüb əkin sahələrini genişləndirir.
Mürsəl Qafarov keçən il əkdiyi 50 hektar pambıq sahəsinin hər hektarından 51 sentner məhsul götürüb. O, təsərrüfatın digər sahələri ilə də məşğul olur. Taxıl, yonca əkir, mal-qara saxlayır.
M.Qafarovla bu yaxınlarda Biləsuvar şəhərində Şirvan-Salyan iqtisadi rayonu üzrə keçirilən müşavirədə görüşdük. Hal-əhval tutub işlərinin necə getdiyi ilə maraqlandım.
- Özüm də yaxşıyam, işlərim də yaxşı gedir, - dedi. - Bu il keçən ildəkindən 20 hektar çox - 70 hektarda pambıq əkmişəm. Hazırda 5-ci kompleks becərməni aparıram. Düzdür, yazda havaların yağmurlu keçməsi ilə bağlı pambığın inkişafında 10-15 gün gecikmə var. Pambıq da, bilirsiniz, günəş və su ilə böyüyən bitkidir. İndi havalar sabitləşib, əsl pambıq havasıdır. Müşavirə də kənd təsərrüfatına həsr olunub. Hər hektardan 50 sentner məhsul götürmək hədəfimizdir. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, keçən il hər hektardan 51 sentner pambıq məhsulu əldə etdim. İnşallah, bu il də o qədər götürəcəyik. Bunun üçün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməyə çalışırıq. Bu günlər əsas işimiz cərgələr arasına kultivasiyanın çəkilməsi, yemləmə gübrəsi vermək, suvarma işləri, habelə sovkaya qarşı mübarizədir.
Keçən il onunla tarlada görüşüb söhbət edərkən M.Qafarov atasının adını daşıyan oğlu Səfərlə də məni tanış edib demişdi: "Bir oğlum, iki qızım var. Qızları köçürmüşəm, ev-eşik sahibidirlər. Oğlum isə mənimlədir. Ali təhsillidir. Ekoloqdur. Lakin dövlət işində çalışmır. Deyir ki, öz təsərrüfatımızda sənə kömək etmək daha sərfəlidir. Baxıb gördüm düz deyir. Allah bərəkət versin, təsərrüfatımız böyükdür. Sahələrimizdə taxıl, pambıq, yonca əkib-becəririk. Tək adam üçün bu, çətin iş olardı. Sağ olsun, demək olar ki, indi təsərrüfatın bütün sahələrinə rəhbərlik edir".
O vaxt soruşmuşdum:
- Bəs evlənmək məsələsi nə yerdədir? Deyirdin ki, 30 yaşın içindədir.
- Anası, bacıları, qohum-əqrəba üstünə düşüblər ki, evlənməlisən. O isə hələlik susur.
Yadımdadır, bir məsəl də çəkib demişdi ki, kəndimizdə bir oğlan üçün qız evinə elçiliyə gediblər. Qız evindəkilər elçilər üçün üç-dörd dənə oturmağa stul tapa bilməyiblər. Elçiliyə gələnlərə deyiblər ki, "hə-yox" cavabını sabah deyərik. Səhəri gün oğlan evi onlardan belə bir cavab alıb: "Qız deyir ki, oğlanın Bakıda evi olsa, "hə" cavabı verər".
Yenə oğlunu soruşdum. M.Qafarov bu dəfə gülümsəyib dedi:
- Keçən il yazdığınız məqaləni evdə oxuyub müzakirə etdik. Deməliyəm ki, xeyri də oldu. Məni təbrik edə bilərsən. Oğlum Səfəri nişanladıq. Toyunun vaxtını da təyin etmişik.
Seyran CAVADOV,
"Azərbaycan"