30 İyul 2026 08:49
235
SİYASƏT
A- A+
Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir


Vardanyan və ailəsi tərəfindən idarə olunan fondlar xarici siyasi institutlara milyonlarla dollar vəsait sızdırır


Azərbaycanın suveren ərazilərində onilliklər ərzində qanunsuz separatçı rejimə rəhbərlik etmiş, regionda maraqlarının təmini üsulu kimi münaqişəli vəziyyətlərə üstünlük verən güclərin marioneti kimi dəstəklənən həmin cinayətkar strukturların fəaliyyətini transsərhəd maliyyə mexanizmləri vasitəsilə təmin etmiş, sülh və insanlıq əleyhinə, eləcə də hərbi cinayətlər törətməkdə təqsirləndirilən Ruben Vardanyan və onunla birgə məsuliyyətə cəlb olunmuş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi beynəlxalq hüququn təməl imperativlərindən - "jus cogens" normalarının və cəzasızlığa qarşı mübarizə prinsiplərinin imperativ təzahürüdür.

Bu fonda bəzi Qərb siyasi institutlarının, o cümlədən Avropa Parlamentinin hüquqi legitimlikdən məhrum qətnamələrinin, Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsindəki neoimperialist dinləmələrin və geostrateji sifarişləri icra edən "analitik mərkəz"lərin bu cinayət prosesi ətrafında formalaşdırdığı dezinformasiya kampaniyaları isə hüquqi reallığı təhrif etmək məqsədi güdür. 

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, beynəlxalq hüquq mühitini siyasi alətə çevirmək cəhdləri, əslində, transmilli cinayətkar şəbəkələrə və terrorçuluğun maliyyələşdirilməsi mexanizmlərinə dolayısı ilə bəraət qazandırmaq deməkdir. Milli cinayət qanunvericiliyinin və beynəlxalq cinayət hüququnun təməl dayaqları ilk növbədə fərdi cinayət məsuliyyəti prinsipi ilə bilavasitə bağlıdır. "Azərbaycanın cinayət qanunvericiliyi şəxsin etnik mənsubiyyətinə, milli mənşəyinə və ya özünü qondarma hərbi-siyasi strukturların tərkibində necə identifikasiya etməsinə baxmayaraq, sırf hüquqazidd əməlin tərkib əlamətlərini əsas götürür. Ruben Vardanyan və digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma və dövlət sərhədini qanunsuz keçmə maddələrinin dispozisiyasında təsbit edilmiş maddiləşmiş cinayət tərkiblərinə əsaslanır. Eyni zamanda bu çərçivədə həyata keçirilən ədalət mühakiməsi fərdin milli mənsubiyyətini deyil,  ictimai təhlükə törədən qəsd və nəticələrini mühakimə edir. Belə bir şəraitdə etnik mənsubiyyəti siyasi sipər kimi istifadə edərək bu şəxsləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri hüququn aliliyi prinsipinə qarşı yönəlmiş aşkar hüquqi nihilizmdir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, universal beynəlxalq hüquqi aktlar hərbi cinayətkarların və terrorçuluğu maliyyələşdirənlərin mühakimə olunmasını suveren dövlətlərin imperativ öhdəliyi kimi müəyyən edir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsipləri, Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə haqqında 1999-cu il Beynəlxalq Konvensiyasının 2-ci və 8-ci maddələri, habelə Mülki əhalinin mühafizəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının təməl müddəaları dövlətlər üzərinə "ya təslim et, ya mühakimə et"  prinsipi çərçivəsində universal yurisdiksiyanı tətbiq etmək öhdəliyi qoyur. Azərbaycanın ümumtanınmış Qarabağ bölgəsində mülki əhaliyə və dövlət infrastrukturuna qarşı törədilmiş kütləvi hücumlar, mülki şəxslərin həyatına qəsd edən mina terroru və qanunsuz silahlı birləşmələrin maddi-texniki təchizatı, heç şübhəsiz ki, beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Urbisid, kultrasid və ekosid dəhşətləri ilə müşayiət olunan bu əməlləri "siyasi fəaliyyət" və ya "etnik liderlik" kimi qələmə vermək isə beynəlxalq hüquq nizamını kökündən sarsıdır. 

B.Məhərrəmov bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin imperativ tələblərinə və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 14-cü maddəsinə, habelə 1950-ci il İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş "ədalətli məhkəmə araşdırması hüququ" standartlarına tam riayət olunmaqla, ilk gündən təqsirləndirilən şəxslərin prosessual hüquqları istisnasız şəkildə təmin edilir: "İstintaqın bütün mərhələlərində tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə uyğun olaraq, təqsirləndirilən şəxslər öz seçimləri və ya dövlət hesabına peşəkar müdafiəçilər və anladıqları dildə prosesdə iştirak etmələri üçün ixtisaslaşmış tərcüməçilərlə təmin olunublar. Məhkəmə prosesinin şəffaflığı, prosessual müddətlərin gözlənilməsi və sübutların toplanması zamanı qanunçuluq prinsipi Azərbaycanın ədalət mühakiməsində yüksək prosessual mədəniyyətini və beynəlxalq öhdəliklərə sadiqliyi və hörmətini bir daha sübut etməkdədir. Lakin bir sıra dairələrin bunu görməzdən gəlməyə çalışması təəssüf doğurmaqla bərabər, əsl reallıqları, əslində, ifşa edir". 

Deputat diqqətə çatdırıb ki, beynəlxalq jurnalist tədqiqatları, xüsusilə "Troika Laundromat" - Troyka Çirkli Pulların Yuyulması elə Qərb dairələrinin mənbə kimi istinad etməyi sevdikləri qlobal araşdırma sənədləri ilə Ruben Vardanyanın illər boyu ofşor zonalar və qeyri-şəffaf bank əməliyyatları vasitəsilə milyardlarla dollar həcmində çirkli vəsaitlərin yuyulmasını təşkil etdiyi sübut olunub. Həmin qanunsuz kapital hesabına Avropanın və Şimali Amerikanın siyasi elitası, beyin mərkəzləri, lobbiçi strukturlar və transmilli media şəbəkələri sistematik şəkildə maliyyələşdirilib, bu gün də bu cinayətkar fəaliyyət davam etməkdə, Vardanyan və onun ailəsi tərəfindən idarə olunan fondlar vasitəsilə aparıcı xarici siyasi institutlara milyonlarla dollar vəsait sızdırılmaqdadır. Yəni bu mənada, dünyanın bəzi qanunverici orqanlarında təmsil olunan deputatların və konqresmenlərin qərəzli davranışı onların suveren siyasi iradəsindən deyil, erməni çirkli kapitalı tərəfindən satın alınmış muzdlu lobbiçilik fəaliyyətindən xəbər verir. Üstəlik, Avropa Şurasında, Avropa Parlamentində və müxtəlif Qərb parlamentlərində korrupsiya qalmaqalları ilə ifşa olunmuş şəxslərin təcrübəsi göstərir ki, Vardanyanla bağlı davam edən cinayət istintaqı çərçivəsində də yeni ofşor əməliyyatları və korrupsiya mexanizmləri üzə çıxmaqdadır. Qərbdə aktivlik göstərən müəyyən dairələrin bu gün nümayiş etdirdiyi aqressiv ritorikanın və Azərbaycana təzyiq cəhdlərinin kökündə məhz bu cinayət-hüquqi təqibin onların öz ifşasına gətirib çıxaracağı təşvişi dayanır.

B.Məhərrəmov qeyd edib ki, xarici təsisatların və qərəzli institutların sistemli hücumları mahiyyət etibarilə regionun gələcəyi ilə bağlı deyil: "Şübhəsiz ki, onların əsas strateji məqsədi 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiteror tədbirlərində hərbi-siyasi zəfərləri və qətiyyətlə öz suverenliyini tam bərpa etmiş, Cənubi Qafqazın şəksiz geosiyasi liderinə çevrilmiş Azərbaycanın artan gücü qarşısında süni maneələr yaratmaqdır. İllərlə "dondurulmuş münaqişə" mexanizmindən istifadə edərək regionda geostrateji silah kimi istifadə olunan separatizm ideologiyası və separatçı rejim ləğv edildikdən sonra artıq xarici güclərin təsir rıçaqları əllərindən çıxmışdır. Yəni bu gün israrla, lakin uğursuzluqla istinad edilən humanitar ritorika və insan hüquqları konsepsiyası, əslində, həmin xarici dairələrin əlində, sadəcə, geostrateji təzyiq vasitəsidir, lakin Azərbaycan dövlətinin müstəqil xarici siyasət kursu və cənab İlham Əliyevin birmənalı şəkildə xalqın dəstəyinə arxalanması ölkəmizə bu cür təhdidləri neytrallaşdırmaq gücü və imkanı verir. Bu mənada, cari mürəkkəb siyasi-hüquqi konseptual situasiyada Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial, sarsılmaz siyasi iradə xüsusi hüquqi və siyasi qiymətə, həlledici əhəmiyyətə malikdir. Cinayətkarların cəzalandırılması, əslində, beynəlxalq institutların susqunluğu və ikili standartları nəticəsində iflasa uğramış beynəlxalq hüquq nizamının yenidən bərpasının praktik və konseptual təminidir. Prezident İlham Əliyev sülh və insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxsləri cəzasızlıq mühitindən məhrum etməklə, universal bəşəri dəyərlərin, BMT Nizamnaməsinin imperativ prinsiplərinin və beynəlxalq ədalətin bərqərar olunmasına tarixin heç bir dövründə heç bir liderə müyəssər olmayan qədər misilsiz xidmət göstərir".

Deputat vurğulayıb ki, həyata keçirilən ədalət mühakiməsi Azərbaycanın qazandığı hərbi-siyasi zəfərin yalnız Qarabağ və Şərqi Zəngəzurda işğala son qoymaqla ərazi bütövlüyünün təmin edilməsi və ölkəmizin suverenliyinin bərqərar olunması ilə bitmədiyini, həm də beynəlxalq insan hüquqları arxitekturasında yeni bir mərhələnin əsasını qoyduğunu nümayiş etdirir. Arxasında böyük dövlətlərin və transmilli mərkəzlərin dayandığı separatçı marionet fiqurların Azərbaycan qanunları və milli məhkəmələrimiz qarşısında cavab verməsinə nail olunması İkinci Dünya müharibəsindən sonrakı dövrdə qlobal miqyasda cəzasızlıq mühitinə vurulmuş ən öldürücü zərbədir. Çoxsaylı maneələrə və əngəl yaratmaq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində təmin edilən bu hüquq məsuliyyəti bəşəriyyət üçün ciddi təhdid olan separatizm və terrorçuluq cinayətləri başda olmaqla, bütün növ bəşəri təhdidlərin cavabsız qalmayacağını real formul əsasında bütün dünyaya göstərdi. "Müasir dövrdə artıq köklü şəkildə dəyişmiş yeni qlobal siyasi konfiqurasiya bərqərar olub və bu reallıq beynəlxalq münasibətlər sistemində fərqli yanaşmalar tələb edir. Yeni geostrateji arxitekturada böyük güclərin, ayrı-ayrı dövlətlərin qanunverici orqanlarının və analitik beyin mərkəzlərinin diqqəti kvazi qüvvələrin, qanunsuz birləşmələrin, o cümlədən separatçıların və terrorçuların müdafiəsinə, yaxud cəzasızlıq mühitinin təşviqinə deyil, formalaşan yeni reallıqlar çərçivəsində daha təhlükəsiz dünyaya və regional sabitliyə yönəltmələri vacibdir. Əgər beynəlxalq təsisatlar və xarici dövlətlər bu bölgədə, doğrudan da, insan hüquqlarının müdafiəsində və bəşəri idealların təminində səmimidirlərsə, öz fəaliyyətlərini qondarma ittihamlara deyil, real insan haqları amilinə yönəltməlidirlər. Bu kontekstdə ən böyük insan haqları hadisəsi 30 ildən artıq bir dövrdə doğma yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün Böyük qayıdış çərçivəsində öz dədə-baba torpaqlarına təhlükəsiz qayıdışına dəstək verməkdən, eləcə də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bərpası kimi nəhəng humanitar missiyalara töhfə verməkdən hesab edilə bilər", - deyə o bildirib.

Deputat deyib ki, bu baxımdan, hərbi cinayətkarların və terrorçuluğu maliyyələşdirənlərin mühakimə olunması təkcə Azərbaycanın suveren yurisdiksiyası daxilindəki daxili hüquq məsələsi deyil, regionda davamlı sülhün və təhlükəsizliyin yeganə hüquqi zəmanətidir. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək beynəlxalq hüquqi nizamı bərpa etdiyi kimi, öz ərazisində ağır cinayətlər törətmiş şəxsləri şəffaf, qərəzsiz, hüquq bərabərliyi şəraitində və ədalətli məhkəmə müstəvisində mühakimə etməklə hüququn aliliyini təmin edir. Qərəzli siyasi bəyanatlar və kənar təzyiq cəhdləri Azərbaycan dövlətinin güc və imkanlarından, yeni konfiqurasiyanın şəriksiz memarı və bölgədə sülh və təhlükəsizliyin tək qarantı olan Prezident İlham Əliyevin qətiyyətinə, xalqımızın isə suveren hüquqlarına söykənən bu ədaləti bərqərar etmək hadisəsini dayandırmaq gücündə deyil.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!