13 Fevral 2026 08:45
273
CƏMİYYƏT
A- A+
Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər


Son zamanlar uşaqlar və yeniyetmələr arasında artan zorakılıq halları, aqressiv davranışlar cəmiyyətdə ciddi narahatlıq yaradır. Məktəb divarları arasında, məhəllələrdə, sosial şəbəkələrdə baş verən insidentlər və artan emosional gərginlik pik həddə çatıb. Bəs həyatın astanasında olan yeniyetmələri bu həddə gətirən təhlükəli səbəblər nələrdir?

Mütəxəssislər bildirirlər ki, məsələyə yalnız hüquqi və ya intizam prizmasından yanaşmaq kifayət etmir. Problemin kökləri daha dərindir və ailədən başlayaraq məktəb mühitinə, rəqəmsal dünyadan sosial münasibətlərə qədər uzanan çoxşaxəli təsir mexanizmləri var. Uşaqlıq və yeniyetməlik dövrü həm bioloji, həm də psixoloji baxımdan həssas mərhələdir və bu mərhələdə emosional tənzimləmə mexanizmləri hələ tam formalaşmır.

 

Ailə emosional təhlükəsizliyin əsas mənbəyidir

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, son dövrdə uşaqlar və yeniyetmələr arasında zorakılığın, bıçaqlanma, hətta odlu silahdan istifadə hallarının artması kənardan ani emosional partlayış kimi görünə bilər, amma klinik və inkişaf psixologiyasının dili ilə desək, çox vaxt bu davranışlar uzun müddət yığılan gərginliyin son mərhələdə kəskin şəkildə üzə çıxmasıdır. Yeniyetməlik dövründə beynin özünənəzarət və planlama ilə bağlı sahələri hələ tam formalaşmır, eyni zamanda emosional reaktivlik yüksək olur. Bu balans pozulanda stres fonunda impulsiv qərar vermək asanlaşır. Əsas məsələ odur ki, impulsivlik tək səbəb deyil, adətən əvvəlcədən mövcud olan risklər və həssaslıqlar üzərinə düşən son bir təkanla davranış baş verir.

Psixoloji səbəblər içində ən geniş yayılmış xətt sosial bağlılığın zəifləməsidir. Uşaq ailədə, məktəbdə, sinifdə özünü qəbul olunmuş və dəyərli hiss etmirsə, psixoloji təkliyə düşür. Bu təkliyin içində qəzəb yığılır və bir müddət sonra özünü ya içə yönəlmiş simptomlarla, ya da çölə yönəlmiş aqressiya ilə göstərə bilir. Digər vacib xətt travmatik təcrübələr və zorakılığa şahidlikdir. Uşaq evdə və ya mühitdə zorakılıq görürsə, beynində münaqişənin həlli modeli kimi zorakılıq "mümkün seçim" kimi kodlana bilər. Uşaqlıq travmaları ilə aqressiya və riskli davranışlar arasında əlaqəni göstərən tədqiqatlar bunu vurğulayır. Aqressiyanın qaynaqlandığı ehtiyaclara gəldikdə, bu, ən çox hörmət görmək, təhlükəsizlik, ədalət hissi, özünü ifadə etmək və nəzarət hissidir. Yeniyetmə öz həyatında nəzarəti itirdiyini hiss edəndə, özünü güclü göstərmək üçün sərt davranışa yönələ bilər. Bu səbəbdən bəzən zorakılıq güc deyil, gücsüzlüyün kompensasiyasıdır.

"Ailə uşağın emosional təhlükəsizliyinin əsas mənbəyidir. Valideynlə münasibət, sadəcə, tərbiyə mexanizmi deyil, uşağın stresi necə idarə edəcəyini, münaqişəyə necə cavab verəcəyini, özünü necə ifadə edəcəyini öyrəndiyi psixoloji mühitdir. Ailədə davamlı münaqişə, laqeydlik, sərt cəza, emosional soyuqluq, valideynlərin öz aralarındakı zorakı ünsiyyəti uşağın daxilində iki nəticə yaradır. Birincisi, emosional tənzimləmə bacarığı zəifləyir. İkincisi, münasibətlərdə güc və qorxu dili normallaşır. Bu risk xətti xüsusən uşaqlıq çətinlikləri və ailədaxili zorakılıq riski arasındakı əlaqələri araşdıran tədqiqatlarda da qeyd olunur. Valideyn nəzarəti deyiləndə çoxları sərt kontrolu düşünür, amma psixoloji baxımdan ən qoruyucu yanaşma "maraq, əlaqə və sərhəd" balansıdır. Uşağın gününün necə keçdiyini bilmək, dost çevrəsini tanımaq, rəqəmsal mühitini izləmək, eyni zamanda onu dinləmək və emosiyasını kiçiltməmək çox ciddi qoruyucu faktordur. Nəzarət zəifləyəndə uşaq tək qalır və onu yönləndirən əsas "müəllim" bəzən küçə mədəniyyəti, bəzən sosial şəbəkə, bəzən də riskli qruplar olur. "Məni heç kim başa düşmür" hissi çox kritik siqnaldır. Bu hiss sadəcə kapriz deyil, emosional bağlılığın qırıldığına işarədir. Yeniyetmə özünü anlaşılmayan biri kimi gördükdə içində həm utanc, həm qəzəb yığılır. Bu qəzəb bəzən passiv şəkildə özünə yönəlir, bəzən də aktiv şəkildə başqasına. Xüsusən yeniyetmə düşünürsə ki, danışmaq faydasızdır, o zaman davranış "mesaj vasitəsinə" çevrilir", - deyə mütəxəssis qeyd edib.

 

Zəifləmiş sosial məsuliyyət hissi, filtrdən keçməyən impulslar

 

Bir çoxu baş verən zorakılıq hallarını müasir filmlər və kompüter oyunları ilə əlaqələndirir. Halbuki döyüş və zorakılıq səhnələri əvvəllər də kino sənayesində geniş yer alırdı. Fərq ondadır ki, bu gün reallıqla virtual dünya arasındakı sərhəd əvvəlki kimi aydın deyil. Sanki pərdə aradan qalxıb və insan özünü hadisənin birbaşa iştirakçısı kimi hiss edir. Sual yaranır ki, problem oyunlara həddindən artıq məruz qalmaqdır, yoxsa "nə etsəm də, qarşımdakı zərər görməyəcək" düşüncəsinin formalaşmasıdır. Elnur Rüstəmov bildirib ki, əvvəllər film əsasən passiv izlənmədə idi, indi isə rəqəmsal mühit interaktivdir və davranış sanki "məşq" kimi təkrarlanır. Burada problem daha çox empatiyanın zəifləməsi və nəticə hissinin uzaqlaşmasıdır. Virtual mühitdə edilən hərəkətin real nəticəsi yoxdur, yeniyetmə qarşı tərəfin emosional reaksiyasını görmür, buna görə də "nəticəsizlik illüziyası" yarana bilər. Bu, real həyatda sərhədləri qarışdırmaq deyil, daha çox sosial məsuliyyət hissinin zəifləməsi və impulsların filtrdən keçməməsidir. Ən vacib məqam yenə kontekstdir. Əgər yeniyetmənin real həyatda bağlılığı güclüdürsə, ailə ilə ünsiyyət, məktəbdə mənsubiyyət, emosional dəstək mövcuddursa, rəqəmsal məzmun daha az risklidir. Əgər real həyatda boşluq varsa, rəqəmsal mühit həmin boşluğu doldurur və davranış modellərinə təsir etmə ehtimalı artır.

Sosial şəbəkə psixologiyasında əsas mexanizmlərdən birinin mükafatlandırma olduğunu vurğulayan psixoloq deyib ki, baxış, bəyənmə, paylaşım, şərh yeniyetmə beynində mükafat sistemini aktivləşdirir. Zorakı və ya "şok" məzmun isə daha çox diqqət çəkdiyi üçün çoxlu mükafat ala bilir. Bu zaman normativ sərhədlər zəifləyir və yeniyetmə düşünür ki, görünmək üçün sərt olmaq lazımdır. Burada ikinci xətt sosial status ehtiyacıdır. Yeniyetməlikdə status və "hörmət" çox həssas ehtiyacdır. Özünü zəif hiss edən yeniyetmə "qorxulu obraz" quraraq özünü qorumağa çalışa bilər. Bu, cazibə deyil, müdafiə mexanizmidir. Üçüncü xətt isə sosial mediada empatiyanın azalmasıdır. Ekran arxasında qarşı tərəfin emosiyası görünmür, bu da davranışın mənəvi qiymətləndirilməsini zəiflədir. Bu istiqamətdə son illərdə aparılan tədqiqatlar problemli və ya asılılıq tipli sosial media istifadəsi ilə aqressiv davranışlar arasında əlaqələrə diqqət çəkir. Zorakı məzmunun sosial mediada kim tərəfindən paylaşıldığı, yaxın çevrədən gəlməsi, həmçinin yeniyetmənin öz risk profili kimi faktorların təsirini dəyişdirdiyini göstərən yeni tədqiqatlar da var.

 

"Depressiya, travma riskləri artırır"

 

Məktəb mühiti uşağın gündəlik sosial laboratoriyasıdır. Elnur Rüstəmovun sözlərinə görə, burada psixoloji dəstək zəifdirsə, riskli davranışlar vaxtında görünmür, bullinq normallaşır və uşaqlar özlərini qorunmayan hiss edirlər: "Məktəbə mənsubiyyət hissi və məktəblə əlaqə qoruyucu faktorlardandır, bu xətti xüsusən silah və zorakılıq riskləri kontekstində araşdıran tədqiqatlar da vurğulayır. Bullinq qurbanı olmaq gələcəkdə zorakılığa meyli artıran yollar yarada bilər. Bu, avtomatik qayda deyil, amma risk mexanizmi aydındır. Uşaq davamlı təhqir, alçaltma, sosial kənarlaşdırma yaşayanda həm qəzəb, həm də intiqam fantaziyası yığıla bilər. Uzunmüddətli meta analizlər bullinq qurbanlığı və bullinq törətmə arasında qarşılıqlı, zamanla təsir edən əlaqələr tapır.  Bu o deməkdir ki, rollar sabit deyil, mühit dəyişməz qalanda qurbanın aqressora çevrilmə ehtimalı artır. Belə hadisələri törədən yeniyetmələrdə tez-tez impulsların idarəsində çətinlik, sosial informasiya emalında təhriflər, düşmən niyyət axtarma, empatiya zəifliyi, xroniki qəzəb, aşağı öz dəyər hissi və bəzən də travma izləri görülür. Bullinq və aqressiya arasındakı əlaqədə qəzəb üzərində ruminasiyanın, yəni mənfi fikirləri dövr etdirməyin rolunu göstərən tədqiqatlar da bu mexanizmi izah edir. Riskin erkən aşkarlanması sinif iqliminin yaxşılaşdırılması, müəllimlərin sosial emosional bacarıqlar üzrə hazırlanması, bullinqə sıfır tolerantlıq mədəniyyəti və valideynlə koordinasiya bir sistem kimi işləməlidir".

Psixoloq qeyd edib ki, depressiya, travma və aşağı özdəyər hissi riskləri artırır, çünki bu vəziyyətlərdə yeniyetmə həm emosional tənzimləmədə çətinlik yaşayır, həm də özünü təhlükədə hiss edə bilər. Travmanın aqressiya və riskli davranışlarla əlaqəsini göstərən işlər bunu vurğulayır. Depressiya ilə bağlı isə tədqiqatlar sosial bağlılığın qoruyucu rolunu önə çıxarır, yəni depressiv fon, tənha qalma və məktəbə bağlılığın zəifləməsi riskləri böyüdə bilər. Erkən hiss etmək mümkündür, çünki davranış dəyişiklikləri adətən siqnalsız gəlmir. Valideynlər ən çox bunlara diqqət etməlidir. Uşağın xarakterinə uyğun olmayan kəskin dəyişiklik, tez əsəbləşmə, daimi qıcıqlanma, yuxu və iştaha pozuntuları, sosial çevrədən uzaqlaşma, dərsə marağın enməsi, evdə qayda pozuntularının artması, gizlilik və yalanın çoxalması, riskli dost çevrəsi ilə qəfil yaxınlaşma, məktəbdə konfliktlərin artması, bullinqə dair ipucları, özünü ifadə edərkən ümidsiz və qara düşüncələrin çoxalması. Burada əsas məsələ uşağı sorğu-sual altında boğmaq deyil. Uşaq bilməlidir ki, onu dinləyən və anlayan bir böyük var.

"Emosiyaları sağlam ifadə etmək sosial emosional bacarıqdır və bu öyrədilir. Uşağa hissləri adlandırmaq, bədən siqnallarını tanımaq, qəzəbin yüksəldiyi anda dayanmaq, nəfəs və özünənəzarət texnikaları, konflikt həlli dili, sərhəd qoymaq, kömək istəmək bacarığı aşılanmalıdır. Bu, ailədə gündəlik ünsiyyətlə, məktəbdə sinif iqlimi və müəllim yanaşması, həmçinin psixoloji xidmətin sistemli işi ilə mümkündür. Mütəxəssisə müraciət üçün əsas prinsip budur. Əgər emosional və davranış problemi funksionallığı pozursa, yəni uşağın dərs, ailə, sosial münasibətləri ciddi zədələnirsə, gecikmək olmaz. Uzunmüddətli aqressiya, tez-tez konfliktlər, özünə və ya başqasına zərər riski, ciddi depressiv əlamətlər, panik və ya kəskin narahatlıq, travmadan sonra davamlı kabuslar və qorxular, maddə istifadəsi şübhəsi, məktəbə getməmək, kəskin sosial izolasiya olduqda psixoloqa müraciət edilməlidir. Əgər simptomlar ağırdırsa, reallıqla əlaqə pozulur, ciddi davranış nəzarətsizliyi var, dərman müalicəsi ehtimalı yaranırsa, psixiatrın qiymətləndirməsi vacibdir", - deyə mütəxəssis vurğulayıb.

Uşaq və yeniyetmələr arasında artan zorakılıq halları ailədən məktəbə, rəqəmsal mühitdən sosial münasibətlərə qədər bir çox amilin kəsişdiyi nöqtədə yaranan psixoloji siqnaldır. Problemi yalnız hüquqi müstəvidə dəyərləndirmək kifayət deyil. Əsas məsələ cəzanı sərtləşdirmək yox, riskləri erkən görmək, emosional bağlılığı gücləndirmək və uşaqlara sağlam özünüifadə yolları öyrətməkdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:12
13 Fevral

Ariel Kohen: Vensin səfəri Tramp administrasiyasının Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir  

10:11
13 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:10
13 Fevral

Argentina sahillərində nəhəng meduza tapılıb

10:00
13 Fevral

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

09:59
13 Fevral

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

09:48
13 Fevral

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

09:46
13 Fevral

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

09:42
13 Fevral

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb  

09:41
13 Fevral

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

09:40
13 Fevral

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

09:15
13 Fevral

Ağ xalatın məsuliyyəti

09:10
13 Fevral

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

09:05
13 Fevral

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

09:00
13 Fevral

BP 2025-ci ilin hesabatını açıqlayıb 

08:55
13 Fevral

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

08:50
13 Fevral

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

08:45
13 Fevral

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

08:40
13 Fevral

Bu günün və gələcəyin çağırışı: rəqəmsallaşma və süni intellekt

08:35
13 Fevral

Humanitar diplomatiyada Leyla Əliyeva nümunəsi

08:30
13 Fevral

Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 

08:25
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!