Müasir beynəlxalq münasibətlərdə təsir anlayışı tədricən klassik diplomatik çərçivələrdən çıxaraq ilk baxışdan yumşaq, lakin daha dərin müstəvi üzərində qurulur. Belə müstəvinin mərkəzində isə mədəniyyət, humanizm, ekoloji məsuliyyət, sosial inklüzivlik, gələcək nəsillərə yönəlmiş strateji baxış və digər dəyərlər dayanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın fəaliyyəti məhz bu yeni yanaşmanın sistemli və ardıcıl tətbiqi kimi diqqət çəkir. Leyla xanımın təkcə 2026-cı ilin yanvar-fevral aylarındakı çoxşaxəli fəaliyyətini, zəngin iş qrafikini izləsək, bunu əyani şəkildə görə bilərik. Onun İsveçrə, Efiopiya və Omana, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri, müxtəlif istiqamətlərdə irəli sürdüyü təşəbbüslər vahid dəyərlər sisteminə əsaslanan çoxölçülü strategiyanın müxtəlif coğrafiyalarda reallaşmasıdır.
Qlobal məsuliyyət
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Leyla xanım Əliyeva da təmsil olunurdu. O, panel tədbirlərində, xüsusilə ABŞ Prezidenti Donald Trampın forumdakı panel çıxışında iştirak etdi. Bu panel Azərbaycanın qlobal gündəmdə fəal mövqeyini bir daha önə çıxardı.
Heydər Əliyev Fondunun vitse-prezidenti BƏƏ-nin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimat mərasimində də təmsil olunurdu. Dövlətimizin başçısına belə bir mükafatın verilməsi cənab İlham Əliyevin münaqişənin ədalətli həlli yolunda sülh səylərinin beynəlxalq aləmdə necə yüksək qiymətləndirilməsinin daha bir təsdiqi idi. Belə bir ali mükafat Azərbaycanın keçdiyi yolun və dövlətimizin başçısının sülhyönümlü siyasətinin əhəmiyyətini sübut edirdi.
Leyla Əliyevanın İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüşü isə Azərbaycanın ekoloji məsələlərə lokal problem yox, məhz qlobal məsuliyyət kimi yanaşdığını göstərirdi. Bu görüşdə əsas diqqət beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, regional çağırışların qlobal kontekstdə həllinə və dialoqun institusional səviyyədə dərinləşdirilməsinə yönəlmişdi.
Burada xüsusi əhəmiyyətli məqam Leyla xanımın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin IUCN-in tamhüquqlu üzvü kimi uzunmüddətli və çoxtərəfli əməkdaşlıqda fəal iştirak etməsidir. Bu faktın özü də göstərir ki, Azərbaycan ekoloji gündəliyə, sadəcə, qoşulan tərəf olmaqdan daha çox proseslərin formalaşmasında iştirak edən aktordur. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində birgə pavilyon təcrübəsi, COP platformaları və gələcəkdə ölkəmizdə IUCN ofisinin açılması təşəbbüsü bu yanaşmanın davamlı xarakter daşıdığını təsdiqləyir. Bu kontekstdə İsveçrə görüşü Leyla Əliyevanın fəaliyyətində ekoloji diplomatiyanın əsas təzahürlərindən biri kimi çıxış edir: elmi əsaslı qərarlar, beynəlxalq koordinasiya və uzunmüddətli dayanıqlılıq bu missiyanın fundamental elementləridir.
Su diplomatiyası
Məlumdur ki, müasir beynəlxalq ekoloji gündəlikdə xüsusilə qapalı su hövzələri - iqlim dəyişikliklərinə, sənayeləşməyə və koordinasiyasız idarəetməyə daha həssas olan ekosistemlər - beynəlxalq əməkdaşlıq tələb edən ortaq çağırışlar kimi dəyərləndirilir. Bu baxımdan Leyla xanım Əliyevanın Cenevrədə Birləşmiş Millətlər Təşkilatının platformasında Xəzər dənizi ilə bağlı təşəbbüsləri də məhz həmin çağırışlara verilən strateji cavablardan biri kimi maraq doğurur.
Onun BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşü ekoloji diplomatiyanın institusional səviyyədə qurulmasına bariz nümunə sayıla bilər. Görüşdə Xəzər dənizinin üzləşdiyi ekoloji problemlər, biomüxtəlifliyin azalması, su səviyyəsinin enməsi və bu proseslərin uzunmüddətli sosial-iqtisadi nəticələrinin müzakirəsi zamanı verilən əsas mesajlar kifayət qədər aydın idi: Xəzər təkcə sahilyanı ölkələrin problemi deyil, qlobal ekoloji balansın bir hissəsidir və onun qorunması beynəlxalq məsuliyyət tələb edir. Bu yanaşma Leyla xanım Əliyevanın fəaliyyətində tez-tez təsadüf edilən bir xətti - regional mövzuların qlobal platformalara daşınması və onların elmi əsaslı, koordinasiyalı həll yolları ilə gündəmdə saxlanılmasını təsdiqləyir.
Elə BMT-nin Cenevrə mənzil-qərargahında keçirilən "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri də eyni xəttin davamı idi. Azərbaycan Respublikasının Cenevrədəki daimi nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşəbbüsü ilə təşkil olunan bu tədbir elm-siyasət-diplomatiya üçbucağının real praktikada necə işlədiyini nümayiş etdirdi.
Rəsmi çıxışında Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, elmi tədqiqatlara söykənməyən qərarlar uzunmüddətli nəticə vermir. Onun çağırışı sadə, lakin prinsipial təsir bağışladı, müzakirələrin konkret və ölçülə bilən addımlarla davam etdirilməsi zərurətini önə çəkdi. Dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi vaxtında tədbirlər görülmədiyi halda geridönməz nəticələrə yol aça bilər. Bu yanaşma ekoloji mövzuların emosional ritorikadan çıxarılaraq strateji idarəetmə predmetinə çevrilməsini təklif edir.
Panel sessiyalarında BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti və "Geneva Water Hub" kimi nüfuzlu qurumların nümayəndələrinin iştirakı Xəzər mövzusunun multidissiplinar xarakterini ortaya qoydu. Burada Xəzər dənizi yalnız ekoloji obyekt kimi deyil, sağlamlıq, iqtisadiyyat, regional sabitlik və gələcək nəsillərin rifahı ilə birbaşa əlaqəli sistem kimi təqdim olundu. "Su diplomatiyası" anlayışı da məhz su ehtiyatlarının qorunmasının dövlətlərarası etimad və əməkdaşlıq tələb edən strateji sahə olması kontekstində aktuallaşır.
Mədəni kimliyin institusional vitrini
Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli filmin nümayişi tədbirin mühüm tamamlayıcı elementi oldu. Bu addım bir daha göstərdi ki, ekoloji məsələlər təkcə ekspert müzakirələri ilə məhdudlaşmamalı, ictimai şüurun formalaşdırılması ilə paralel aparılmalıdır. İnteraktiv sual-cavab sessiyası isə dialoqun açıq və inklüziv xarakterini gücləndirdi.
Cenevrə səfəri çərçivəsində Leyla Əliyevanın BMT-nin Cenevrə ofisində yaradılmış "Azərbaycan otağı" ilə tanışlığı da mədəni-humanitar diplomatiyanın incə və təsirli nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş bu məkan BMT sistemində nadir olan milli təqdimat formatlarından biridir.
Qarabağ xalçası, şəbəkə sənəti, muğam üçlüyü - tar, kamança və qaval, eləcə də Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolar bu otağı, sadəcə, görüş məkanı yox, mədəni kimliyin institusional vitrininə çevirir. Müasir texnoloji avadanlıqla təchiz olunmuş "Azərbaycan otağı" ölkəmizin ənənə ilə müasirliyi birləşdirən imicini gücləndirir.
Leyla Əliyevanın Cenevrədəki fəaliyyəti bir daha göstərir ki, onun yanaşmasında ekoloji diplomatiya təsadüfi epizod deyil, uzunmüddətli və sistemli strategiyadır. Xəzər dənizi mövzusu İsveçrədə IUCN, Cenevrədə BMT platforması və elmi şəbəkələr vasitəsilə qlobal gündəliyə daşınır, mədəniyyət isə bu diplomatiyanın dayanıqlı sütunu kimi çıxış edir.
Bu model Azərbaycanın beynəlxalq rolu haqqında mühüm mesaj verir: ölkə regional problemlərini qapalı çərçivədə saxlamır, onları qlobal əməkdaşlıq üçün ortaq məsuliyyət çağırışına çevirir. Və bu çağırışın formalaşmasında Leyla Əliyevanın ardıcıl, elmi əsaslı və dəyər-yönümlü fəaliyyəti xüsusi yer tutur.
Elm, innovasiya və ekoloji şüurun birləşdiyi platforma
Leyla xanım Əliyevanın hələ yanvarda Efiopiyaya səfəri, bu ölkənin Baş naziri də daxil olmaqla keçirdiyi görüşlər, müxtəlif məkanları ziyarətləri onun fəaliyyətində insan mərkəzli yanaşmanın və mədəni empatiyanın necə sistemli strategiyaya çevrildiyini aydın şəkildə göstərir.
Leyla xanımın Efiopiya Elm Muzeyini ziyarət etməsi bu humanitar xəttin gələcəyə yönəlmiş davamı kimi diqqəti cəlb etdi. Baş nazir Abiy Əhmədin təşəbbüsü ilə yaradılmış bu kompleks təkcə muzey deyil, elm, innovasiya və ekoloji şüurun birləşdiyi platformadır. Günəş panelləri, interaktiv texnologiyalar və planetariumlar vasitəsilə bu məkanda gənclərin rəqəmsal bacarıqlarının inkişafı təşviq olunur. İndiyədək 7 milyon uşağın bu mərkəzi ziyarət etməsi Efiopiyanın öz gələcəyini bilik üzərində qurmaq niyyətinin göstəricisidir.
Eyni zamanda Efiopiyada sosial reabilitasiya mərkəzlərinə, o cümlədən Berhan Gözdən Əlillər üçün İnternat Məktəbinə, "Lenegewa" Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzinə, Efiopiyanın Milli Sarayına, Adva Zəfər Muzey Kompleksinə ziyarəti Leyla xanım Əliyevanın humanitar fəaliyyətinin strukturlaşdırılmış sosial-mədəni siyasətə bağlılığını, eləcə də mədəniyyətlərin müxtəlifliyinin, qlobal mədəni əlaqələrin önəmini vurğulayır.
Leyla xanımın Efiopiyaya səfəri çərçivəsində paytaxt Əddis-Əbəbədə yerləşən MESOB dövlət xidməti mərkəzi ilə tanışlığı da mühüm əhəmiyyət daşıyır. Çünki bu mərkəz Azərbaycanın "ASAN xidmət" modeli əsasında yaradılıb. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən MESOB dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Mədəni irs, sağlamlıq və iqtisadi müxtəliflik
Leyla xanım Əliyevanın Oman Sultanlığına səfəri, Omanın vəliəhdi, ölkənin birinci xanımı, eləcə də digər dövlət və hökumət rəsmiləri ilə görüşləri də mədəni diplomatiyanın dolğun nümunələrindən biri kimi yadda qaldı. Sultan Opera Evinə ziyarət, bu məkanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlığın vurğulanması mədəniyyətin institusional əlaqə aləti kimi istifadəsini göstərir.
Oman səfərində Azərbaycanla turizm sahəsində əlaqələrə xüsusi diqqət yönəldi və bu, təsadüfi deyildi. Leyla xanım Əliyevanın yanaşmasında turizm iqtisadi fəaliyyət sektoru olmaqla yanaşı, həm də mədəni, humanitar və strateji diplomatiyanın kəsişmə nöqtəsidir. Bu yanaşma Azərbaycan-Oman münasibətlərini qısamüddətli təşəbbüslərdən çıxarıb uzunmüddətli əməkdaşlıq müstəvisinə daşıyır.
Mədəni irsin qorunması, dayanıqlı turizm, özəl sektorun cəlbi və xalqlar arasında canlı təmaslar - bütün bu elementlər Azərbaycanın beynəlxalq münasibətlərdə yumşaq gücə əsaslanan, dəyəryönümlü modelini formalaşdırır. Bu modelin ardıcıl qurucularından biri məhz Leyla xanım Əliyevadır.
Oman Milli Muzeyi, Mutrah bazarı və Sultan Qabus Böyük Məscidinə səfərlər isə mədəni irsə hörmət, dini-mədəni empatiya və sivilizasiyalararası dialoq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma rəsmi çıxışlardan daha çox sakit, lakin təsirli mesajlar verir.
Fevralın 3-də Əbu-Dabidə yerləşən Zayed Milli Muzeyi beynəlxalq humanitar dialoqun mühüm platformasına çevrildi. Burada keçirilən "İnsan Qardaşlığı Məclisi" tədbiri fərqli mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında qarşılıqlı anlayışın möhkəmləndirilməsinə xidmət edən mühüm təşəbbüslərdən biri kimi diqqət çəkdi. Tədbirdə Leyla xanım Əliyevanın da iştirakı Azərbaycanın tolerantlıq, multikulturalizm və humanitar dəyərlərə verdiyi önəmin beynəlxalq səviyyədə növbəti dəfə nümayişi idi.
Tolerantlığın və sosial məsuliyyətin Azərbaycan modelinin təqdimatı
Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanın müxtəlif din və mədəniyyətlərin dinc və harmonik şəkildə birgə yaşadığı ölkə kimi formalaşdığını vurğuladı. Bu yanaşma yalnız dövlət siyasəti ilə deyil, həm də cəmiyyətin həyat tərzi və ailə institutunun gücü ilə bağlıdır. Onun fikrincə, uşaqların sağlam və dəyəryönümlü mühitdə böyüməsi gələcək cəmiyyətin inkişafı üçün əsas amillərdən biridir.
Leyla Əliyeva həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq humanitar layihələrin əhəmiyyətini qeyd etdi. Müzakirələr zamanı müasir texnologiyaların təhsil və tərbiyə prosesinə təsiri də xüsusi vurğulandı. Leyla Əliyeva sosial medianın uşaqlar və yeniyetmələr üzərində yarada biləcəyi mənfi təsirlərə diqqət çəkərək, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan qoruyucu mexanizmlərin araşdırıldığını bildirdi. Bu yanaşma müasir dövrdə texnologiya ilə insan dəyərləri arasında balansın qorunmasının vacibliyini ön plana çıxarır.
Əbu-Dabiyə səfər çərçivəsində Leyla xanımın Şeyx Zayed Məscidini ziyarəti də dini tolerantlıq və mənəvi irsə hörmətin rəmzi kimi qiymətləndirilə bilər. Dünyanın ən böyük məscidlərindən biri olan bu memarlıq incisi yalnız dini ibadət ocağı deyil, həm də mədəniyyətlərarası dialoqu təşviq edən mühüm məkanlardan sayılır. Məscidin qlobal miqyasda dini tolerantlığın və mədəni irsin qorunmasının nümunəsi kimi təqdim edilməsi tədbirin ümumi ideoloji xətti ilə üst-üstə düşür.
Səfər proqramı çərçivəsində Leyla Əliyevanın Luvr Əbu-Dabi muzeyinə və İbrahim Ailə Evi kompleksinə səfəri mədəni və dini müxtəlifliyin qorunmasına yönəlmiş beynəlxalq təşəbbüslərin əhəmiyyətini aktuallaşdırdı. Luvr Əbu-Dabi muzeyi fərqli sivilizasiyaların incəsənət nümunələrini bir araya gətirərək mədəniyyətlər arasında körpü rolunu oynayır.
İbrahim Ailə Evi isə üç səma dininin ibadət məkanlarını bir kompleksdə birləşdirərək tolerantlıq və qarşılıqlı hörmətin praktiki nümunəsini təqdim edir. Bu məkan dini müxtəlifliyin münaqişə deyil, dialoq və əməkdaşlıq üçün imkan olduğunu nümayiş etdirir.
Leyla Əliyevanın Əbu-Dabiyə səfəri yalnız diplomatik və humanitar tədbirlərdə iştirakla məhdudlaşmır. Bu səfər Azərbaycanın tolerantlıq, multikulturalizm və sosial məsuliyyət sahəsində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq müstəvidə təqdimatıdır. Tədbirlər çərçivəsində aparılan müzakirələr göstərir ki, müasir dünyada davamlı inkişaf yalnız iqtisadi göstəricilərlə deyil, humanitar dəyərlərin qorunması, qadın hüquqlarının müdafiəsi və mədəniyyətlərarası dialoqun gücləndirilməsi ilə mümkündür.
Bütün bunlar bir daha təsdiqləyir ki, Leyla xanımın fəaliyyəti ekoloji məsuliyyət, humanitar empatiya, mədəniyyət diplomatiyası, təhsil, innovasiyalar, milli-mənəvi dəyərlər üzərində qurulmuş vahid strategiyadır. Bu strategiyanın hər elementi bir-birini uğurla tamamlayır, Azərbaycanın inkişafına və beynəlxalq imicinə böyük dəyər qatır.
İradə ƏLİYEVA,
"Azərbaycan"